Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb. Lakin hər il olduğu kimi bu ildə imtahanla bağlı narazıçılıqları, etirazları görmək mümkündür. İştirakçıların bir qismi vaxt azlığından, bir qismi isə sualların çətinliyindən şikayətçidirlər.

Bəs hər il daha da artan bu etirazların səbəbi nələrdir? Ortaya çıxan problemlər necə həll edilməlidir?

araz.az xəbər verir ki, məsələ ilə bağlı Trend-in suallarını cavablayan təhsil eksperti Kamran Əsədov qeyd edib ki, son 3 il ərzində müəllimlərin işə qəbul prosesi ətrafında formalaşan müsbət fikirlər, şəffaflıq, obyektivlik ciddi şəkildə pozulub

“Müəllimlərin işə qəbul imtahanı 2019-cu ildən etibarən keçirilməyə başlanılıb.Bu proses şəffaf şəkildə həyata keçirilir. Amma çox təəssüflər olsun ki, son 3 il ərzində müəllimlərin işə qəbul prosesi ətrafında formalaşan müsbət fikirlər, şəffaflıq, obyektivlik ciddi şəkildə pozulub. Çox ciddi problemlərin olduğunu müşahidə edirik və bu heç də yaxşı hal deyil. MİQ imtahanı vasitəsilə hər il 10 minə yaxın insan işə qəbul olunurdu. Xüsusilə son ildə keçirilən imtahanlarda bir neçə istiqamət üzrə ciddi qüsurlar, səhvlər görürük. Biz narazılıqları bir neçə istiqamətdə bölə bilərik. Birinci istiqamət test tapşırılqarının məzmunu ilə bağlı idi. Elm və Təhsil nazirliyi çərçivə sənədini elan etsə də, imtahan sualları arasında çərçivə sənədindən kənar test sualları vardı. Azərbaycan dili fənni ilə bağlı qüsurlar vardı. Hətta biz ortaya sübutlar qoyduqdan sonra Elm və Təhsil nazirliyi həmin səhvi qəbul etdi və bu imtahan iştirakçılarına əlavə bal verməklə nəticələndi. Elm və təhsil nazirliyi tərəfindən təqdim edilən test tapşırığı yaxşı müəllimi seçməyə imkan vermir. İkinci qüsur imtahanın texniki tərəfləri ilə əlaqəli oldu. Çox təəssüf ki, Gəncədə pozuntular müşahidə olundu. Heç bir yerdə təkrarlanmayan bir hal baş verdi ki, imtahanda iştirak etməyən şəxsi bəhanə edərək kimlərinsə çağırılma faktları var idi. Digər bir tərəfdən açıq appelyasiyalar təşkil edilmədi”, – deyə o əlavə edib.

Ekspert qeyd edib ki, test tapşırıqları bunker sistemində hazırlanmalı idi.

“Elm və təhsil nazirliyi imtahana bir neçə gün qalmış təlimçilərdən test tapşırıqlarını yığdı və bir neçə halda gördük ki, imtahandan öncə test tapşırıqları hansısa təlimçi tərəfindən öz hazırlaşdırdığı şəxslərə göstərildi. Bu imtahanın şəffaflığını ciddi şəkildə pozdu. Hesab edirəm ki, müəllimlərin işə qəbul imtahanı qarşıya qoyulan məqsədlərə çata bilmədi Bu il vakant yerlərin sayının çoxluğunu görə bilirik, amma bu heç də yaxşı müəllimi seçəcək formada həyata keçirilmədi. İmtahan sualları üçün də vaxt yetərli deyildi. Sullar o qədər geniş idi ki, iştirakçı bir sual üçün 20 dəqiqə vaxt itirirdi. Bütün bu problemlərin həlli üçün MİQ imtahanının test mərhələsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilməlidir”, – deyə K. Əsədov bildirib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.