…Son günlər jurnalistlər üçün tikilmiş 3-cü binanın taleyi barədə çoxsaylı statuslar, yazılar dərc edilir…
Məsələ ondadır ki, ötən il bir qrup üzdə olduğu deyilən jurnalistlər bu binanın qazilərə və şəhid ailələrinə verilməsini təklif etmiş, səhv etmirəmsə, Prezidentə bu barədə müraciət də etmişdilər… Jurnalist Məhəmmədəli Qəribli isə iki gün əvvəl bir status paylaşaraq Şuşada keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumda iştirak edən media rəhbərlərinin bəzilərinə belə müraciət etmişdi: “Sözüm şəkildə görünən həmkarlarımadır. Şuşada keçirilən möhtəbər bir tədbirə dəvət almaqla sizin həm də Prezident İlham Əliyevlə birbaşa təmas imkanınız olacaq. Bu fürsətdən istifadə edib, yüzlərlə haqqı tapdanan həmkarlarınızın problemini qabardın. Prezidentin özü tərəfindən təməli qoyulan və məhz jurnalistlər üçün tikilməsinə Sərəncam verilən binanın media nümayəndələrinə verilməsi ilə bağlı məsələni onun yadına salın. Əminəm ki, bu məsələni olduğu kimi ölkə başçısına mərüzə etmirlər. Hətta onun bu nəcib təşəbbüsü ətrafında sabotaj yaratmaq cəhdləri də var”.
Forumda iştirak edən Teleqraf Media Qrupunun rəhbəri Aynur Camal isə jurnalistin müraciətinə cavab olaraq bildirib ki, “O binanın indiki halda nəinki jurnalistlərə, heç kəsə paylanması mümkün deyil. Çünki qəzalı vəziyyətdədir. Qaz yatağının üzərində tikilib, taleyi necə olacaq bilinmir”.
Sual olunur: o bina nimçədə tikilib, yoxsa göydən düşüb? Layihələndirən dövlət qurumları var və məgər onlar geoloji kəşfiyyat işlərini gözüyumulu ediblər? Elədirsə, o binaya çəkilən bütün xərclər layihə rəhbərinin belindən çıxarılmalı və o, dövlətə vurduğu külli miqdarda ziyana görə məsuliyyətə cəlb edilməlidir və s. Təbii ki, Aynur Camal bu qənaətini yarızarafat mənada deyib. Amma ciddi desək, məsələ belədir ki, əvvəla, Şuşadakı məlum Forumda iştirak edənlərin heç birində o cəsarət ola bilməzdi ki, Prezidentə o sözü desin. İkincisi və bəlkə də ən vacibi, o sözü deyən jurnalistin və ya media rəhbərinin özü «avariyniy» binanın böyründə nəvələrinə, uşaqlarına mənzil əldə edibsə, o, başqasının dərdinə yana bilərdimi?!
Qısası, məlum olur ki, yazar Nicat Novruzoğlu eləməyib tənbəllik yollanıb üzərində oyun oynanılan binaya. Gedib və aşağıdakı xeyli görüntüləri əldə edib. Yazır: «…Hörmətli Aynur xanım, bu şəkillərə diqqətlə baxın. O ağ binanı “Socar” tikir. Başı bəlalı jurnalistlərin binasının 20 metrliyində. Və burada “Socar” nə az, nə çox, bir- birinə yaxın məsafədə 8 bina tikir. Yenə qeyd edim ki, Siz altında qaz yatağı olduğunu iddia etdiyiniz jurnalistlərin binasının 20 metrliyində. İndi bir sual ortaya çıxır- “Socar” öz işçilərini qaz yatağının üstünə niyə yığsın ki?! Doğurdanmı, Socar-da xəbərsizdirlər ki, burda qaz yatağı var?! Aynur xanım, düşünürəm ki, bu başı bəlalı binanın üzərində qurulan oyun heç də uğurlu oyun deyil. Və sözün həqiqi mənasında jurnalistlərin ehtiyacı və haqqıdır bu bina. Oyundan söz düşmüşkən, videonuza baxdım, maşallah olsun, Forumda gözəl oynayırdınız…».
Bax belə… Aşağıdakı siyahını isə diqqətlə incələyin. Onlar bu başıbəlalı binanın qazilərə və şəhid ailələrinə verilməsini təklif edənlər idi. Hansı ki, Bakıda on minlərlə tikilib satılmayan, ağzı günə qalan binalar və mənzillər var. Onlar ölü kapitaldır. Sadəcə, ölü qəlblilər bunu görmür-özləri mənzillənib, deməli, hər şey qaydasındadır…
Asif MƏRZİLİ
Bu da həmin siyahı:
“Jurnalistlərin binasının jurnalistlərə verilməməsi ilə bağlı Prezidentə bu 38 jurnalist və QHT rəhbəri müraciət etmişdir:
- Mirşahin Ağayev – REAL TV-nin rəhbəri
- Qulu Məhərrəmli – BDU-nun professoru
- Cahangir Məmmədli – BDU-nun professoru
- Emin Musəvi – ASAN Radionun rəhbəri
- Vüsalə Mahirqızı – “Azəri-Press” informasiya agentliyinin rəhbəri
- Arif Əliyev – Yeni Nəsil Jurnalistlər Birliyinin sədri
- Umud Mirzəyev – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri
- Yeganə Hacıyeva – bloger
- Ədalət Verdiyev – bloger
- Əflatun Amaşov – Mətbuat Şurasının sədri
- Elbrus Ərud – Qafqazinfo.az saytının rəhbəri
- Şakir Eminbəyli – “Rossiya-24” telekanalının Azərbaycandakı nümayəndəsi
- Rüstəm Əliyev – ANTENN Radionun rəhbəri
- Həmid Həmidov – “Global Media Group”un media direktoru
- Vüsal Məmmədov – Azvision.az saytının rəhbəri
- Hikmət Babaoğlu – “Yeni Azərbaycan” qəzetinin baş redaktoru
- Şakir Ağayev – “Novoye vremya” qəzetinin baş redaktoru
- Elçin Mirzəbəyli – “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru
- Elçin Alıoğlu – “Milli.az” saytının baş redaktoru
- Aslan Aslanov – AZƏRTAC-ın İdarə Heyətinin sədri
- Azər Xəlilov – ATV-nin rəhbəri
- Bəxtiyar Sadıqov – “Azərbaycan” qəzetinin baş redaktoru
- Vüqar Xəlilov – CBC TV-nin rəhbəri
- Radik İsmayılov – ARB24 TV-nin rəhbəri
- Vüqar Rəhimzadə – “İki sahil” qəzetinin baş redaktoru
- Bəhruz Quliyev – “Səs” qəzetinin baş redaktoru
- Hümmət Musayev – “Respublika” qəzetinin baş redaktoru
- Fatma Səttarova – Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri
- Mirhəsən Həsənov – Çernobıl Əlilləri İttifaqının sədri
- Mehdi Mehdiyev – Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri
- Füzuli Rzaquliyev- “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri
- Məhəmməd Vəliyev – Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri
- Məmmədhüseyn Sarıyev – Ehtiyatda Olan Zabitlər Konfederasiyası İctimai Birliyinin sədri
- Xədicə Babayeva – “Müharibədən Zərər Çəkən Nəqliyyat İşçiləri” İctimai Birliyinin sədri
- Maral Zamanova – “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyinin sədri
- Məmmədhəsən Həsənov – “Mina Qurbanlarının Sosial İqtisadi Problemlərinin Həllinə Kömək” İB-nın sədri
- Alman Abbasov – “Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri
- Sərraf Orucov – “Beynəlmiləlçi Əlil Döyuşçülər” İctimai Birliyinin sədri”.
Allah bu millətin arxasız jurnalistlərinə səbr versin!
araz.az xəbər portalı.