Qarabağdakı separatçılar növbəti təxribatlara hazırlaşaraq bunu Azərbaycan tərəfinin üzərinə yıxmağa çalışır. Beləliklə dünyanın diqqətini öz üzərinə çəkmək və rəsmi Bakını çətin vəziyyətdə qoymaq məqsədi güdülür. Amma Azərbaycan tərəfi baş verə biləcək bütün hadisələrdən xəbərdardır və rəsmi Bakı yəqin ki, qabaqlayıcı tədbirlər görəcək.

Bəs görəsən, erməni yalanının qarşısını necə almaq və bunu hansı vasitələrlə dünyaya çatdırmaq olar?

Mövzu ilə bağlı “MediaPost”a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Fransadakı ermənilər, xüsusən də “Daşnaksütyun” partiyası hər zaman aktiv olub və Azərbaycana qarşı terror aktları törədib: “Bu terror təşkilatı istər Birinci Qarabağ Müharibəsində, istər 44 günlük savaşda, istərsə də indi təxribatlarını davam etdirir və bu planlardan əl çəkmir. Hazırda Azərbaycan öz ərazilərini düşmən tapdağından azad edib və inteqrasiya prosesini həyata keçirməyə çalışır. Rusiya isə rəsmi Bakının bu addımlarına imkan vermək istəmir və Qarabağdakı separatçıları dəstəkləyir.

Məhz Fransadakı “Daşnaksütyun” partiyasının üzvlərinin Qarabağdakı mülki erməniləri qurban kimi təqdim etmək cəhdi ənənəvi erməni taktikasıdır. Onlar öz millətlərini qurban verməklə bunu Azərbaycanın üzərinə yıxmağa çalışırlar. Məhz 1988-ci il “Sumqayıt hadisələri”ni indi də Qarabağda törətməyə cəhd göstərirlər. Amma hesab edirəm ki, onların məkrli planı baş tutmayacaq. Çünki Avropa İttifaqı və ABŞ Azərbaycanın mövqeyini dəstəkləyir. Dünya artıq erməni təxribatlarının nəyə hesablandığını yaxşı başa düşür”.

Politoloqun sözlərinə görə, erməni təxribatının qarşısını almaq üçün Azərbaycan diplomatik iş aparmalıdır: “Baş verən proseslər ictimai-siyasi xadimlər, diplomatlar və dövlət rəsmiləri tərəfindən Qərb mətbuatına çıxarılmalı, beynəlxalq təşkilatlar bu barədə məlumatlandırılmalıdır. Eyni zamanda sosial şəbəkələrdə erməni təxribatları və terroru haqda geniş məlumatlar tirajlanmalıdır. Xüsusilə Qərb mətbuatında Azərbaycan diaspor və səfirlikləri erməni təxribatları haqda məqalələr dərc etdirməlidir.

Çünki Qarabağda “Daşnaksütyun” terror təşkilatı aktivləşməyə çalışır və öz soydaşlarını ölümə verərək bunu Azərbaycanın üzərinə yıxmaq istəyir. Bu, Avropanın Cənubi Qafqaz siyasətinə ziddir. Çünki baş verənlər Rusiyanın maraqlarına xidmət edir. Odur ki, ermənilər tərəfindən törədiləcək terror-təxribat hadisələri Qərbin Cənubi Qafqazda yaratmaq istədiyi yeni nizama qarşıdır. Bu səbəbdən də, Avropa və Azərbaycan bu məsələdə erməni terrorizminə qarşı birgə mübarizə aparmalıdır”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.