Mirkazım SEYİDOV: “QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN NÖVBƏTİ DƏRS İLİNİ ATA-BABA YURDLARINDAKI DOGMA MƏKTƏBLƏRİNDƏ QARŞILAMALARINI ULU TANRIDAN DİLƏYİRİK”
Bu gün Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı — Bilik günüdür.
Ölkə başçısı İlham Əliyev cənablarının 21 avqust 2004-cü il tarixli fərmanı ilə, bu əlamətdar gündə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin başlanması qərara alınıb. “Araz” Media Qrupunun kollektivi adından, redaksiya heyətinin ağsaqqalı, Baş məsləhətçi Mirkazım Seyidov Bilik Bayramı — yeni tədris ilinin başlanması münasbibətilə, ölkəmizin təhsil ocaqlarının rəhbərliyini, pedaqoji heyətləri, şagirdləri, birinci sinfə gedənləri, o cümlədən şagirdlərin valideynlərini səmimi duyğularla qəlbdən təbrik edib: “Hamı ücün doğma olan məktəblərin atmosferasındakı hazırkı xöş aura da sübut edir ki, insanların xəyallarına, arzularına qovuşmasına zəmin yaradan, onların həyat yolunun başlanğıcı olan Bilik günü, bu günün sevincini yaşayan hər kəs üçün əlamətdardır. Bu yolu inamla getmək üçün əsas keyfiyyət, ölkəmizin gələcəyi naminə qazanılan zəruri biliklər, vətəndaşlıq ləyaqəti və dəyərlərə olan hörmətdir.
Ümumilikdə isə, yeni dərs ilində bütün təhsil işçilərini, tələbələri, hətta şagirdləri də yeniliklər gözləyir. Bilik günü ilə başlanan bu yeniliklər isə, həm də uğurların başlanğıcı deməkdir. “Araz” Media Qrupu kollektivində çalışanlar da, bir valideyn kimi, bu yolu hər kəsin özünün uğur dolu şərəfli həyat hekayəsinə çevirməsi üçün, məktəblərdə təhsilə olan mövcud qayğı və məsuliyyəti yuksək qiymətləndirir”.
Daha sonra təbrikdə qeyd edilir ki, Azərbaycan təhsilinin bugünkü inkişafı öz mənbəyini ötən əsrin 70-ci illərindən, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan uzaqgörən və məqsədyönlü siyasətdən alıb və o vaxtdan başlayan qlobal miqyaslı təhsil quruculuğu sonrakı inkişaf üçün güclü təməl olub: “Bu fikri ölkəmizdəki istənilən məktəbin simasındakı çoxsaylı uğurlu faktlar da təsdiqləyir. Ümummilli lider və onun layiqli varisi, möhtərəm prezidentimiz İlham Əliyev cənabları Azərbaycanda hakimiyyətdə olduqları dövrlərdə — 1969-cu ildən üzübəri, məktəblərin və məktəbəqədər tərbiyə müəssisələrinin sayı, keçmiş sovetlər respublikaları ilə müqayisədə, — istər sovetlər dönəmində olsun, istər müstəqillik illərində, — ölkəmizdə özünün rekord həddinə çatıb. Məktəb tikintisi, xaricdə təhsil, peşə təhsilinə diqqət, şagirdlərə dərsliklərin pulsuz verilməsi yenidən reallaşıb, büdcədən təhsilə ayrılan vəsait ildən-ilə çoxalıb.
Yuxarıda qeyd etdiklərimiz hamıya bəllidir. Böyük öndərin imzaladığı “Ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməyə keçmək haqqında” qərarı da, onun xalqına böyük töhfəsi idi. Ulu öndər də, onun layiqli varisi də, müəllimlərə hər zaman sonsuz hörmətlə yanaşıblar; Cox sayda təhsil işçisi fəxri adlara, hətta oden və medallara layiq görülüb. Prezident
sərəncamları ilə, “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” mükafatlarının təqdimatı da, məktəb və müəllimin statusunun yüksəldilməsinə xidmətin bariz nümunəsidir.
Böyük öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra və İlham Əliyevin hakimiyyəti dönəmində ölkəmizdə elmin, təhsilin inkişafına hesablanan işlər respublika ictimaiyyəti, beynəlxalq qurumlar tərəfindən də daim yüksək dəyərləndirilib.
Azərbaycan təhsilinin son illərdə yeni inkişaf dövrünə qədəm qoyduğu inkaredilməz bir həqiqətdir. Təhsilin inkişafında Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri də xüsusi vurğulanmalıdır. Respublika prezidentinin qayğısı və 1-ci vitse-prezidentin rəhbərliyi altında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bu yerdə bircə faktı xatırlatmaq kifayətdir ki, ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət Proqramları uğurla həyata keçirilir. Deyilənlər bir həqiqətə — ölkə rəhbərinin təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlaması həqiqətinə söykənir.
Prezident İlham Əliyevin ötən illərdə olduğu kimi, bu yeni dərs ili ərəfəsində də təzə tikilən və əsaslı təmir olunan təhsil ocaqlarında olması, işlərin gedişi ilə yaxından tanışlığı, tapşırıq və tövsiyyələrini verməsi dövlət başçısının bu səhəni hər zaman diqqətdə saxlamasının göstəricisi olmaqla yanaşı, bu istiqamətdə görülən işlərin keyfiyyətinə də müsbət təsir edir”.
Xulasəsini verdiyimiz bu təbrikin sonu “təsirli notlarla” başa çatır. Xüsusi olaraq vurğulanır ki, bu gün ölkə məktəblərindəki problemlərdən danışanda, yalnız qaçqın və məcburi köçkünlər üçün orta təhsil müəssisələrindəki durum göz önünə gəlir: “Bu məktəblərin əksəriyyətinin maddi-texniki vəziyyəti yüksək olsa da, buradakı mənəvi aura o qədər də ürəkaçan və qənaətbəxş deyil. Bir çox qaçqın və məcburi köçkün məktəbinin coxdan xüsusi binası olsa da, burada dərs deyənlər və təhsil alanlar çoxdan öz dədə-baba yurdlarındakı doğma məktəblərinin həsrəti ilə qovrulurlar. İnsanları narahat edən də, yalnız bu həsrətdən doğan narahatlıqlardır. Biz də, yurd və doğma məktəb həsrətlilərin ağrı-acı dolu bu nigarançılıqlarına şərik olduğumuzu bildirir, onların növbəti Bilik Bayramını ışgal altından çıxmış el-obalarındakı dogma məktəblərində qeyd etmələrini Ulu Tanrıdan diləyirik! Allah böyükdür, inşaallah, arzularımızın çin olmasını elə də uzağa salmayacaq!”.
Rafael MÜSEYİBOĞLU, araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.