Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində Ermənistanla gələcək sülh sazişinin bir sıra şərtlərinə aydınlıq gətirib.

Belə ki, Ermənistan Azərbaycanla münasibətlərin nizamlanması üçün ilk növbədə, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında, həmçinin işğal altında olan cəkkiz kənddən öz qoşunlarını çıxartmalıdır. Söhbət Qazax rayonunun yeddi kəndindən və Sədərək rayonunun Kərki kəndindən gedir.

“Onlar Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometr ərazidə tanıdılar. Bu əraziyə Qarabağ və Ermənistan ərazisində olan səkkiz Azərbaycan anklavı da daxildir. Bu, əslində, mühüm bəyanatdır. Bundan sonra qalan yeganə məsələ, bunu kağız üzərinə köçürmək və imzalamaqdır”,- Prezident İlham Əliyev belə deyib.

Qeyd edək ki, Azərbaycanla Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıması barədə iki sənəd imzalayıb.

Bunlar 2022-ci il oktyabrın 7-də imzalanmış Praqa Bəyannaməsi və bu il mayın 15-də Brüsseldə qəbul edilmiş razılaşma sənədidir. Hər iki sənəddə Ermənistan Azərbaycan 86,6 min kv.km-lik ərazi bütövlüyünü tanıdığını təsdiq edib.

Eyni zamanda, Azərbaycan Ermənistanın 29,8 kv.km-lik ərazi bütövlüyünü tanıyıb. Lakin Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirməklə bu razılaşmanı pozur. Bu isə iki ölkə arasında sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, eləcə də kommunikasiyaların açılmasını əngəlləyir. Azərbaycan Prezidentinin açıqlaması bu baxımdan, Ermənistan qarşısında konkret siyasi və hüquqi öhdəlik qoyur. Yəni Paşinyan hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyünü tanıması haqda dedikləri vizual xarakter daşımamalıdır.

Ermənistan bu gün Azərbaycan ərazisində silahlı qüvvələr yerləşdirib və səkkiz kəndi işğal altında saxlayır. Bu isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin pozulması deməkdir. Ermənistanın öz qoşunlarını Azərbaycan ərazisində saxlaması Qarabağa və səkkiz kəndə iddiasından əl çəkmədiyini təsdiq edir.

Ona görə də Ermənistan 86,6 min kv.km-lik əraziyə Qarabağın və hazırda işğal altında olan səkkiz kəndin daxil olduğunu rəsmən bəyan etməlidir. Yəni İrəvan bunu sözdə bildirməməli, həmin ərazilərin Azərbaycanın yurisdiksiyasına aid olduğuna dair sənədi imzalamalıdır. Üçüncüsü, Ermənistan həmin öhdəliklərin icrası kimi silahlı qüvvələrini həm Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət zonasından, həm də səkkiz kənddən çıxartmalıdır.

Əslində, Ermənistan Azərbaycan tərəfinin tələblərini növbəti danışıqlar prosesini gözləmədən də yerinə yetirə bilər. Belə ki, bu ayın sonuna qədər Qazax istiqamətində Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası üzrə komissiyalarının birgə iclası keçiriləcək. Həmin proses çərçivəsində yeddi kəndin Azərbaycana qaytarılması barədə razılaşma əldə oluna bilər.

Sonra həmin qərarı Kərki istiqamətində qəbul etmək olar. Azərbaycan Prezidenti də sülh sazişinin Ermənistanın bu məsələdə tutacağı mövqedən asılı olduğunu bildirib:

“Fikir ayrılığının yeganə əsas müddəası onunla bağlı idi ki, Ermənistan Qarabağı rəsmən Azərbaycanın hissəsi kimi tanısın. Artıq dediyim kimi, onlar qeyd etməlidir ki, Qarabağ Azərbaycandır və indi isə onlar ikincini etməlidirlər: imzalamalıdırlar. Bundan sonra razılaşma əldə oluna bilər və düşünürəm ki, əgər ermənilər söylədiklərini yerinə yetirərlərsə və əgər bu, yenidən siyasi manevr deyilsə, prosesi yubatmaq cəhdləri naminə ixtira edilən hekayət deyilsə, onda biz ilin sonuna qədər sülh müqaviləsinə nail olaraq, onu imzalaya bilərik”.

Göründüyü kimi, Azərbaycanla Ermənistan arasında sülh sazişinin şərtləri dəqiq və açıqdır. Ermənistan qoşunlarının Azərbaycan ərazilərini nəzarətdə saxlaması Nikol Paşinyanın sülh müqaviləsindən yayınması üçün növbəti manipulyasiya imkanları açır. Ermənistanın Azərbaycana qarşı ərazi iddiasına son qoyulması sülh sazişinin əsas prinsipinə çevrilir.

Yəni bu iki proses bir-birilə sıx bağlıdır. Əks halda, Azərbaycan öz ərazilərini Ermənistan ordusundan güc yolu ilə azad etmək və sülhə məcburetmə hüququndan istifadə edə bilər.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.