Ötən gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş olub. Görüş zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunub.
XİN-dən bildirilib ki, Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən regionda sülh və təhlükəsizliyin bərqərar olunması istiqamətində atılan addımlar əleyhinə Ermənistan tərəfindən törədilən hədə və qeyri-qanuni fəaliyyətlər, habelə təyyarələrin uçuşuna törədilən maneələr daxil, hərbi təxribatlar barədə ölkəmizin mövqeyini diqqətə çatdırıb.
Bundan əlavə, nazir bölgədə humanitar vəziyyətə dair səsləndirilən iddiaların tamamilə əsassız olmaqla yanaşı, bu iddiaların siyasi manipulyasiya olduğunu vurğulayıb.
Onu da bildirək ki, görüş zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin yenidən bir araya gəlməsi barədə fikir mübadiləsi aparılıb. Rusiya XİN başçısı Sergey Lavrov görüşdən sonra mətbuata açıqlamasında vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları dövlət başçıları səviyyəsində davam etdiriləcək.
Ümumilikdə Moskva görüşünün əhəmiyyətini necə qiymətləndirmək olar?
araz.az xəbər verir ki, üçtərəfli danışıqları modern.az-a şərh edən rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredixin bildirib ki, bu, tərəflər üçün vacib platformadır:
“Ermənistan tərəfi hazırda 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd hərəkətlər edir. Bəyanatda təsbit olunmuş öhdəliklərə zidd olaraq, Laçın yolundan hərbi məqsədlər, habelə, Azərbaycanın təbii sərvətlərinin qanunsuz daşınması üçün sui-istifadə edir. Bunun qarşısının alınması Azərbaycanın suveren hüququdur. Bu məqsədlə Azərbaycan tərəfindən Laçın sərhəd-buraxılış məntəqəsinin təsis olunması zəruri tədbirdir. Bundan əlavə, XİN başçılarının görüşünə də nəzər salsaq görərik ki, Moskva platforması tərəflər üçün ən ideal variantdır”.
Politoloq hesab edir ki, bölgədə Rusiyasız sülhə nail olmaq mümkün deyil:
“Ermənistanın baş naziri Nikol Paşinyan Qərb tərəfinə yönlənsə də, bilməlidir ki, Rusiya olmadan davamlı sülhə nail olmaq olmaz. Ona görə də növbəti mərhələdə dövlət başçıların görüşünə yaxşı hazırlaşmalı və bundan düzgün stifadə edilməlidir. Bölgədə sülh prosesi Rusiyanın dəstəyi ilə yaxın ola bilər. Rusiya platforması hər iki tərəfin, o cümlədən regionun erməni əhalisinin hüquqlarına hörmətlə yanaşılmaqla, sülh yolu ilə nizamlanma mövqeyinə daha çox uyğun gəlir. Nazir Lavrov bu faktı xüsusi vurğulayıb. Ermənistanın Rusiyanı böyük səylə avropalılar və amerikalılarla əvəz etmək istəyi deyə bilərik ki, puç olacaq. 2020-ci il sazişlərinin həyata keçirilməsi əsas vəzifədir və Rusiya onları başqalarına dəyişmədən saxlamağa çalışacaq”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.