Ermənistan baş naziri son bir neçə gün əzində xüsusilə, Moskva səfərindən sonra cəbhədə vəziyyəti gərginləşdirməyə çalışır. Eyni zamanda, onlar irimiqyaslı – “İldırım-2018” kod adı altında hərbi təlimlər keçirdilər.
Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Paşinyanın bu addımları çox düşündürücüdür:
“Yəni nəyə görə, Paşinyan bəlkə də həyatının ən radikal çıxışlarını məhz Moskva səfərindən qayıtdıqdan sonra səsləndirir? Onun son açıqlamaları çox təxribatçı, təhrikedicidir. Azərbaycan nüfuzlu dövlət adamlarının, eləcə də politoloqların, analitiklərin timsalında buna cavab verir. Onlar həm də belə bir əsilsiz, eyni zamanda, provokasiya xarakterli fikirlərin nədən qaynaqlanmasının səbəblərini hərtərəfli araşdırırlar”.
Politoloq vurğulayıb ki, Azərbaycanın Bakı şəhərinin daşnak-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr edilmiş möhtəşəm bir parad keçirməsi bir tərəfdən həmin tarixi hadisələrə ehtiramımızı nümayiş etdirmək idisə, digər tərəfdən Ordumuzun bugünkü vəziyyətini bir daha xatırlatmaq və göstərmək idi:
“Ermənilər paraddan əvvəlki gün Azərbaycanın mülki əhalinin yaşadığı ərazilərini atəşə tutdu. Bunun nəticəsində insan təlafatı olmasa da, mülki tikintilərə ziyan dəydi. Bu, ermənilərin növbəti provokasiyası olmaqla, parada münasibətləri idi”.
Q.Hüseynli vurğulayıb ki, ermənilər artıq bunu adətə çeviriblər:
“Bayramların, tədbirlərin keçirildiyi ərəfələrdə Azərbaycan ərazilərini, xüsusilə mülki əhalinin yaşadığı bölgələri atəşə tutmağa cəhd edirlər. Bununla da bir növ Azərbaycan xalqının yüksək əhval-ruhiyyəsinə xələl gətirəcəklərini düşünürlər. Onlar qarşılarına qoyduğu məqsədlərinə nail ola bilməzlər. Azərbaycanın Ordusunun bugünkü vəziyyəti ilə Azərbaycan xalqının hər bir nümayndəsi qürur hissi keçirir”.
Politoloq Azərbaycan ordusunun keçirəcəyi təlimə də münasibət bildirib:
“Bu, kifayət qədər əhəmiyyətli bir məşq olacaq. Azərbaycan Ordusu bu məşqi ilə Ermənistana sonuncu xəbərdarlığını edəcək. Bugündən başlayaraq, Azərbaycan Ordusu eşelonlaşdırılmış düşmən müdafiəsinin tanklar vasitəsilə müxtəlif istiqamətlərdə yarılması, Qarabağ ərazisindəki Ermənistan hərbi qruplaşmalarının, eləcə də onun ön xətt qüvvələrinin darmadağın edilməsi, düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərin raket-artilleriya və aviasiya zərbələri ilə məhv edilərək ərazilərimizin azad edilməsi üzrə tapşırıqları yerinə yetirəcək. Təlimlərdə 20 mindən çox əsgər və 200-dən çox hərbi texnikanın iştirakı gözlənilir. Düşmənin həm Dağlıq Qarabağdakı istehkamlarını darmadağın etmək planları işlənib hazırlanacaq, həm də bütövlükdə Ermənistanın Dağlıq Qarabağdakı işğalçı qoşunlarını məhv etmək istiqamətində vacib hərbi təlimlər keçiriləcək”.
Politoloqun sözlərinə görə, bu gün artıq Paşinyan kimi küçədən gəlmiş liderlərin təhrikedici bəyanatları və eləcə də ermənilərin Dağlıq Qarabağdakı qoşun hissələri Azərbaycan Ordusunun səbir kasasını daşırmaqdadır:
“Azərbaycan Ordusu həlledici əməliyyatlar keçirmək məcburiyyəti qarşısında qala bilər. Bu nöqteyi-nəzərdən 15 sentyabrda baş tutan parad da daxil olmaqla, Azərbaycan cəmiyyəti özünün çox ciddi bir mərhələsinə qədəm qoymaqdadır. Bu mərhələ Azərbaycan Ordusunun möhtəşəm paradı ilə başlayıb, möhtəşəm təlimləri ilə davam edir. Azərbaycan Ordusu artıq onun qarşısını qoyulmuş ərazi bütövlüyünün təmin edilməsi istiqamətində döyüş tapşırığını icra etməyə tam hazırdır”. (Axar)
araz.az xəbər portalı.