O, “Qəbələ” tarixinə adını böyük hərflərlə yazdırıb. O, “qırmızı-qaralar”ın simvoluna çevrilməyi bacarıb. O, “Qəbələ”ni ard-arda iki dəfə 4 mərhələ aldadaraq, Avropa Liqasının qruplarına daşıyıb. Bu gün çox ağır dönəm yaşayan Ukraynada məskunlaşan Roman Qriqorçuk Azərbaycan klubu ilə kimləri devirməyib ki?! Onun qurbanları sırasında Fransa təmsilçisi də var, Yunanıstan nəhəngi də. Ancaq Roman İosifiviçlə budəfəki söhbətimiz Kipr təmsilçiləri ətrafında oldu. 2015-ci ilin yayında “Apollon”a diz çökdürməyi bacarmışdı ukraynalı mütəxəssisin drujinası. Bu gün də “Qəbələ”nin qarşısında kiprlilər dayanıb – “Omoniya”. araz.az bildirir ki, sport24.az-a verdiyi müsahibədə, Qriqorçuk qələbə reseptini bölüşüb.

– Vəziyyətiniz necədi, Roman İosifoviç?
– Necə olacaq? Hər şeyi özünüz bilirsiniz (köksünü çəkir)…

– Sizi gözəl başa düşürəm…
– Mən də sizi gözəl anlayıram, peşə borcunuzu yerinə yetirməlisiniz.

– Elədi. Bu gün “Qəbələ” Kipr “Omoniya”sı ilə qarşılaşır…
– Nə deyim, çox çətin sınaqdı. Keçmiş komandamı ağır imtahan gözləyir.

– Ancaq vaxtilə “Apollon”la matçlarda da favorit olmayan “Qəbələ” qalib gəlmişdi. Xatırlamırsınız kim idi həmin əfsanəvi komandanın baş məşqçisi?
– (Gülür) O cür oyunlar unudulmur, Ceyhun! Biz futbol oynamırdıq e, biz 180 dəqiqə döyüşürdük.

– Və yekunda döyüşdən qalib ayrıldınız…
– Uşaqlara halal olsun, mükəmməl idilər.

– Hazırda “Qəbələ”ni çox istedadlı Elmar Baxşıyev çalışdırır.  Nə kimi tövsiyə verə bilərsiniz gənc həmkarınıza?
– Qorxutmaq istəmirəm, ancaq Kipr fanatlarının necə vahiməli aura yaratmaq bacarıqları hər kəsə məlumdu.

– Roman İosifoviç, ilk oyun Qəbələdədi. Elə mən də sizinlə hazırda Qəbələdən danışıram.
– Anladım, ardıcıllığın pozulmasını istəmirsiniz. Başlayaq Tiflis “Dinamo”su ilə evdəki görüşdən. Qol vurmaq üçün hər şey edirdik, amma top qapıya girmirdi. Ancaq həmin axşam biz 11 yox, 12 oyunçuyla oynayırdıq. Azarkeşlərimizin yaratdığı ab-hava sadəcə, fantastik idi. İlk növbədə qəbələlilər komandalarına sahib çıxmalıdırlar. Onlar bunu bacarır, əsas istəmələridi. Daha bir olduqca önəmli məqam inamla bağlıdı. Komanda qalib gələcəyinə daxilən inanmalı, rəqibdən qətiyyən çəkinməməli, individual göstəricidə  uduzduğu komponentləri özünü fəda etməklə kompensasiya etməlidi. Hər bir futbolçu meydanın hər qarışı uğrunda vuruşmalıdı. Sözdə yox, əməldə!

– Səfər matçında necə?
– Az əvvəl qeyd etdim ki, Kiprdə azarkeşlər dəhşətli aura yaradır. Baş məşqçi yetirmələrini 90 dəqiqəlik kar etməlidi. Əlbəttə, məcazi mənada. Ki, tribunaların təzyiqinə məhəl qoymasınlar. Siz Yunanıstanda “Panatinaikos”la görüşümüzü tribunadan izləmisiniz. Vəhşi təzyiq idi. Biz həmin axşam 90 dəqiqəlik kar olmağı bacarmışdıq. Bunu bacarsalar, dizlər əsməyəcək. Bu faktor olduqca önəmlidi.

– Baxşıyev bu müsahibəni oxuyacaq. Resepti təqdim edin…
– Elmara deyin ki, bircə şans varsa, ondan yapışmaq lazımdı. Əminəm ki, həmin şans olacaq!

– Necə ki, Yunanıstanda oyunöncəsi sizə ünvanladığım suala cavab olaraq bildirmişdiniz ki, “əmin olun ki, bircə şansımız varsa da, ondan istifadə etmək üçün ölməyə də hazıram”…
– (Bir neçə saniyəlik qəhəri boğmağa sərf etdikdən sonra) Unudulmaz xatirələrə qaytardınız məni. Həmin anları yaşadığım üçün xoşbəxtəm. Azərbaycanda, “Qəbələ”də işlədiyim üçün xoşbəxtəm. Bu cür gözəl insanları tanıdığım üçün xoşbəxtəm. İnanın səmimiliyimə, axşam “Qəbələ”nin qalib gəlməsini, çox, lap çox arzulayıram…

– Mən də sizə və ukraynalılara aydın səma arzulayıram.
– Böyük və ən vacib arzudur. Təşəkkür!

CEYHUN ƏLİYEV

araz.az xəbər portalı.