Ermənistan tərəfi 400 ton “humanitar yardım”ın Qarabağa çatdırılmasına qərar verib və dünən yüklənmiş TIR-lar Laçın istiqamətində yola düşüb. Təbii ki, həmin yük karvanı Azərbaycan ərazisinə buraxılmayıb. Ermənistan tərəfi nəqliyyat vasitələrini sərhədlərimizə cəmləməklə siyasi manipulyasiyaya cəhd edir və bununla Laçın istiqamətində vəziyyəti gərginləşdirməyə çalışır.
Azərbaycanın rəsmi qurumları dəfələrlə bəyan ediblər ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər. Amma Ermənistan tərəfi bununla razılaşmayaraq, avtomobil karvanını sərhəd yaxınlığında saxlamağa davam edir.
araz.az xəbər verir ki, məşhur britaniyalı politoloq Neil Uatson modern.az-a açıqlamasında bildirib ki, ermənilər bilərəkdən və çarəsiz şəkildə vəziyyəti siyasiləşdirməyə çalışırlar:
“Fakt budur ki, onlar Laçın yolundan istifadə etməkdən əl çəkmək istəmirlər. Çünki bu yol onları Qarabağdakı tanınmamış və qanunsuz erməni rejiminin son qalıqları ilə birbaşa əlaqələndirir”.
Politoloqun sözlərinə görə, təxribatçılar Laçın yolundan istifadə ilə bağlı öz mövqelərinə dəstək qazanmaq üçün təkzib edilmiş blokada haqda saxtakarlığı qəbul edən bir çox Avropa İttifaqı üzvlərinin ermənipərəst mövqeyindən istifadə edirlər.
“Onu da əlavə edərdim ki, bütün bunlar sülh müqaviləsinin imzalanmasını gecikdirmək, sülhün əleyhinə olan erməniləri, erməni diasporunu və Ermənistanın iki ən böyük dəstəkçisi olan Rusiya və İranı qıcıqlandırmaq təsiri bağışlayır”, – deyə Neil Uatson qeyd edib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.