Son zamanlar Azərbaycanda zəlzələlərin davamlı baş verməsi insanları təşvişə salıb. Vətəndaşların bəziləri də bina evlərini sataraq həyət evlərinə üz tutur. Bu da daşınmaz əmlak bazarında fərdi yaşayış evlərinin satışını həyata keçirən şəxslərin əlində fürsətdir.
araz.az da, avtosfer.az-ın xəbəri əsasında bildirir ki, həyət evlərinin qiymətinin qalxdığını iddia edən vətəndaşlar hədsiz narazıdırlar. Redaksiyaya çoxsaylı vətəndaş şikayətləri də, bunun nəticəsidir. Elə, buna görə də, sayt, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruca müraciət etməyə qərar verib. Ekspert bildirib ki, baş verən hər hansı bir hadisə, — istər iqtisadi, istərsə də təbiət hadisəsi olsun, — daşınmaz əmlak bazarına təsirsiz ötüşmür: “Son zamanlar baş verən zəlzələlərdən sonra fərdi yaşayış evlərinin qiymətində artımlar müşahidə olunur. Hesab edirəm ki, bu dövrü xarakter daşıyır və mənzillərin, fərdi yaşayış evlərinin bölgüsündə ciddi bir disbalansa səbəb olmayacaq.”
Bəs güclü zəlzələ zamanı fərdi yaşayış evləri nə qədər təhlükəsizdir?
Vüqar Oruc: “Hündürmərtəbəli binalarda və yaxud həyət evlərində yaşamağın fərqi yoxdur. Əsasən vətəndaşlar tikilinin keyfiyyətinə önəm verməlidirlər. Elə ola bilər ki, fərdi yaşayış evi olsun lakin, keyfiyyətli tikili olmasın, həmin tikilidə təlükə daha çox ola bilər nəinki bina evlərinin. Ümumiyyətlə ev alınması çox ciddi qərardır, vətəndaşlar bu qərarı verməmişdən əvvəl mütəxəssislərlə məsləhətləşməlidirlər.”
araz.az xəbər portalı.
araz.az xəbər portalı.