“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşəbbüsü, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin dəstəyi ilə Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək layihəsinin icrasına başlanılıb.
QSC-dən bildirilib ki, layihə çərçivəsində iyulun 24-dən 27-dək “AzerGold” QSC-nin əməkdaşlarının iştirakı ilə Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən Daşkəsən rayonunun Çovdar, Çaykənd, Quşçu (“Şadax” ərazisi daxil olmaqla), Bayan kəndləri, eləcə də Göygöl rayonunun Tülallar kəndində kənd təsərrüfatı ilə bağlı monitorinq həyata keçirilib.
Monitorinqlər zamanı Agentliyin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən hazırlanmış sorğu anketi vasitəsilə cari ildə heyvanların baş sayı, onlarda aparılmış profilaktiki tədbirlər araşdırılıb, eləcə də kəndlərdə heyvanlara kliniki baxış keçirilib, mövsümü xəstəliklərə görə qan nümunələri alınaraq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Göygöl regional sınaq laboratoriyasına və Baytarlıq Elmi Tədqiqat İnstitutuna (BETİ) göndərilib. Həmçinin bitki mühafizəsi və heyvan sağlamlıq tədbirlərinin həyata keçirilməsi üçün prosesə müxtəlif növ texnika və avadanlıqlar cəlb olunub, heyvan saxlanılan ərazilər dezinfeksiya edilib.
Bundan başqa, Agentliyin Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin əməkdaşları tərəfindən ev təsərrüfatlarına baxış keçirilib, zərərli orqanizmlərin təsirinə məruz qalmış bitkilərin fitosanitar monitorinqi aparılıb və meyvə, tərəvəz bitkilərindən nümunələr götürülərək AQTİ-nin laboratoriyasına göndərilib.
Monitorinq çərçivəsində Agentliyin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin mütəxəssisləri tərəfindən qeyd olunan kəndlər üzrə əkin və örüş-otlaq yerlərindən torpaq və su nümunələri də götürülərək, mərkəzi laboratoriyaya analiz üçün təqdim olunub.
Eyni zamanda, Agentliyin Aqrar Təlim Mərkəzi tərəfindən ümumilikdə 596 ev təsərrüfatından 480-də sorğu aparılıb, sakinlərin gündəlik fəaliyyəti, kənd təsərrüfatının hansı növü ilə məşğul olmaları, məhsuldarlıq göstəriciləri, satış və sosial-iqtisadi məsələlər araşdırılıb, təlim-ehtiyac meyarları müəyyənləşdirilib. Həmçinin əhalinin maarifləndirilməsi məqsədilə kənd təsərrüfatının müxtəlif sahələri üzrə buklet və broşürlər paylanılıb. Bütün bunlarla yanaşı, kənd təsərrüfatı texnikalarının mövcud vəziyyəti və texnikalara olan tələbat araşdırılıb.
Monitorinqlərin nəticələri ətraflı təhlil edildikdən sonra ailə kəndli-fermer təsərrüfatlarının inkişaf etdirilməsi məqsədilə müvafiq sahələri əhatə edən tədbirlər planının hazırlanması və icrası planlaşdırılır. Belə ki, sorğu əsasında müəyyən edilmiş meyarlar üzrə əhaliyə təlimlərin keçirilməsi, onlara mütəxəssislər tərəfindən müvafiq məsləhət-informasiya xidmətlərinin göstərilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “AzerGold” QSC-nin Agentliyə müraciəti əsasında icra edilən layihədə əsas məqsəd QSC-nin hasilat və istehsalat fəaliyyəti həyata keçirdiyi bölgələrdə dayanıqlı inkişafı məqsədlərinə nail olunması, o cümlədən yerli icmalarla işin gücləndirilməsi, ətraf mühitin mühafizəsi, bölgə əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, onların aqrar təsərrüfat fəaliyyətlərinin inkişafına dəstək göstərilməsidir.
Bu məqsədlə sözügedən ərazilərdə aqrar sahədə monitorinq işlərinin mütəmadi olaraq təşkil edilməsi, layihənin davamlılığının təmin edilməsi nəzərdə tutulub.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.