Qərbi Azərbaycana Qayıdış Birliyi dəyirmi masa keçirdi
Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin (QAQB) təşkilatçılğı ilə Beynəlxalq Mətbuat Mərkəzində dəyirmi masa keçirilib.
Bu haqda məlumatı QAQB-nin mətbuat xidməti yayıb.
Məlumata görə, dəyirmi masada QAQB üzvləri, bir qrup qərbi azərbaycanlı, ölkə ziyalıları, şairlər, incəsənət xadimləri və ictimai xadimlər iştirak edib.
Tədbir paytaxt Bakını və ətraf rayonları daşnak erməni, rus bolşevik silahlı quldur dəstələrindən azad edən Nuru Paşanın başçılığı altında Türk və AXC birləşmiş silahlı qüvvələrinin şəhid olan əsgər və zabitlərinin ruhlarının bir dəqiqəlik sayğı duruşu ilə başlayıb.
Sonra Azərbaycanın dövlət himni səslənib və tarixi İrəvan torpaqlarına həsr olunan video-rolik nümayiş edilib.
Tədbiri giriş sözü ilə QAQB sədri Rizvan Talıbov açıb və dəyirmi masanın məqsədi haqda ətraflı məlumat verib.
Bildirib ki, ötən 100 il ərzində azərbaycanlılara qarşı ermənilərin məkrli düşmənçiliyi davam edib və nəticədə tarixi İrəvan xanlığından, Göyçə, Zəngəzur, Loru-Pəmbək, Dərə-Ələyəz mahallarından, Qaraqoyunlu dərəsindən soydaşlarımız zorakı deportasiyaya və soyqırıma məruz qalıb: “Təkcə 1988-89-cu illərdəki deportasiya zamanı 250 min azərbaycanlı tarixi yurdlarından qovulub”.
Rizvan Talıbov qeyd edib ki, QAQB-nin qarşıya qoyduğu əsas vəzifələrdən biri eloğlularımızın öz tarixi yurdlara qayıtmalarını həyata keçirməkdir: “Bunun üçün öncə həmin qaçqınların status və imtiyazları bərpa olunmalıdır. Bizdən fərqli olaraq Bakı da daxil olmaqla Azərbaycan müxtəlif bölgələrində yaşayan ermənilərin böyük əksəriyyəti daşınmaz əmlaklarını sataraq Ermənistana, Rusiyaya və digər ölkələrə köç edərək öz qaçqınlıq statuslarında qalırlar və səbirsizliklə Azərbaycana qayıda biləcəkləri günü gözləyirlər. Təbii ki, onlar Azərbaycana qayıdışları ilə kifayətlənməyəcəklər, həm də bizim ölkədən külli miqdarda təzminat tələb edəcəklər. Bu böyük təhlükənin qarşısının alınması üçün isə yeganə yol Ermənistandan deportasiya olunan əhalinin qaçqınlıq status və imtiyazlarının bərpa olunmasıdır”.
QAQB sədri vurğulayıb ki, görülən əməli işlərin bəhrəsi kimi “Qərbi Azərbaycan” adlı internet televiziyasının (www.qatv.az) saytı fəaliyyətə başlayıb, həmçinin Qərbi Azərbaycana Qayıdış Fondu təsis edilib.
Tədbirdə Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, QAQB Ali Məclisinin sədri Əli Vəliyev, şair Binnət Əsgər, incəsənət xadimi, QAQB Ali Məclisi sədrinin müavini Zöhrə Xəlili, professor Yusif Qazıyev, Qarabağ qazisi Arif Məhərrəmov və digərləri çıxış edərək səslənən fikirlərə dəstəklərini bildiriblər və bu yolda daha əzmlə mübarizə aparmağın vacib olduğunu qeyd ediblər.
Tədbirin yekununda Ermənistandan didərgin düşən azərbaycanlıların qaçqınlıq status və imtiyazlarının yenidən bərpa olunmasının yollarını müəyyənləşdirmək üçün xüsusi bir komissiya yaradılıb və ölkə başçısı İlham Əliyevə, Milli Məclisinin sədri Oqtay Əsədova, Milli Məclisin deputatlarına müraciətlər ünvanlanıb.
araz.az xəbər portalı.