Silahların öldürə bilmədiyi ruhlar…
Bir tərəfdə şəhid adlı “uyuyan dirilərə” qazılan məzarlar, digər tərəfdə əllərdə bayraqlar və qərənfil, gözlərdə yaş, dillərdə ağı, ürəklərdə kədər və insan seli. Zamanı donduranlardan, məkanı limitləyənlərdən danışıram.
II Fəxri Xiyabanda Şəhidlərin dəfnində
Bunları görərkən canlı olduğumu unudub həyatla ölüm arasında qalmışdım. Sonlanan həyatları, sözdən müqəddəsləri sözlə təsvir etmək çox çətindir. Sözün bitdiyi yerdə, hər şeyini bizə verənlərin qarşısında tükənmişlik sindromu yaşamamaq, “yeriyən ölülər”ə çevrilməmək olmur.
Reportajın cümlələrinə belə ağır gələn, təsviri acı və çətin, millət adlı topluluğun şərəf manqası, sözdən müqəddəsləridir onlar. Bəli, rəsmi açıqlama ilə 13 sentyabr erməni təxribatı ilə 50 şəhid vermişik. Ancaq onlar bizim üçün rəqəm, statistik numeralogiya deyil, sonsuzluq adresi və əzəmətidirlər. Zamanı və məkanı aşaraq sərhədlərə – maddi dünyaya mənəvi dəyər qatan ölməzlərdir. Bu duyğularla Fəxri Xiyabanında irəliləyirəm…
Kimsəsizlər, kimsə sizlər, kim-səssizlər? – Xalq şəhidinə sahib çıxdı
Addım-addım şəhid məzarlarını gəzərək, mümkün qədər hər anı, buraya toplaşan “polad adamları” – hər ziyarətçini kadrlara köçürməyə çalışıram. Beləcə, gözlərin gördüyü sözlərə dönüşür. Elə bu an uşaq evində böyüyən və kimsəsiz olduğu açıqlanan şəhid Səbuhi Əhmədovun məzarına çatırıq. Açığı, kimsəsiz demək çox çətindir ona. Çevrəmdə gözlər doludur. Dillərdə vətənpərvər şeirlər səsləndirənlər, ziyarəti ölməzlik fəxarətinə çevirənlər, məzar üçün əllərindəki kürəklə yeri qazanlar, kərpic daşıyanlar və ziyarətə gələnlərə ehsan suyu paylayan comərd insanlar… Hər kəsi ilə bütöv bir orqanizma olan xalq, yəni.
Kişi, qadın, qoca-gənc, xəstə, sağlam, əlil demədən hər kəs orada idi. Kimsə bizlər, “kimsə – sizlər”, “kim? – səssizlər”, “kimsəsizlər”. Xalq özü kimsəzilərin kimsəsi olmuşdu.
Çoxusu dindar olan bu vətəndaşlar mərsiyələrlə, dini kəlamlarla, hədislərlə şəhidlərin ruhunu xoş etməyə, bizlərə, xalq və vətən üçün ölməyin, mənəviyyatın nə qədər dəyərli olduğunu, aşılayırdılar. Elə bu vaxt Fəxri Xiyabanın girişində yeni bir həyacan yaşanır. Təcili Tibbi Yardım avtomobili qapıdan içəri girir. Xiyabanın içinə toplanan insanlar yeni bir şəhidimizmi var?, – deyə narahatlıq keçirir. Ancaq halı pisləşən varmış. Hadisələr bir-birini əvəzləyərkən, hərbi manqanın sıraya düzülüşü ilə hərbi əmrlə darvazadan çölə çıxması, o biri tərəfdə Xüsusi Təyinatlıların dəfnetməyə gəlməsi, göylərə açılan əllər və söylənən dualarla şəhidləşmiş torpağımızın vətənistana çevrildiyinin şahidi oluram. Hicablı və hicabsız ana-bacılar, mərsiyyə deyən din xadimləri, marşlar söyləyən gənclərlə sabaha yeni bir ümid inşa edirlər. Tabuta sığmayanların dəfninə qəbristanlığa sığmayacaq “böyük insanlar” gəlib.
Silahların öldürə bilmədiyi ruhlar
Şəhid adlı bu cəngavərlərin ölümü neçə yeni qərənfillərin açması və haqq yolunda xalqı üçün şəhid olmağa hazır olan igidlərin məzarına əklil olmaq üçün tələsməsi deməkdir. Beynimdə düşüncələr uçuşur: Bu məzarlar Allaha qapı, şəhidlik isə “Allaha bir addımlıq yer” deməkdir. Çünki şəhidlər müqəddəs bədənlərini bizə, ruhlarını isə Allaha ərmağan etdilər. Başqa sözlə desək, “Şəhidistan” adlı Azərbaycanı Allaha tapşırdılar. Silahların öldürə bilmədiyi ruhlar olaraq. Bunları düşünərkən, başımı qaldırdığımda, ürək dağlayan görüntülər əhvalımı dəyişdirir, hal alıb-hal verirəm. Portretlərdəki gənc üzlər, kitablara mövzu olan bu hekayələşən rəşadət təmsilçiləri və onların qarşısında diz çökən sakinlər. Qızarmış bəbəklər əyilməz ruhları daha möhtəşəm və əzəmətli edir. Niyə də etməsin? Şəhidlərimiz çiyinlərindəki ulduzu bayrağa artıranlar, qanları ilə bayrağı rəngləyənlərdir. Həyata dəyər qatan mənəviyyat tumurcuqlarıdır. Yəni, tarixi silahı ilə yazanlardır. Əlbəttə, əldəki qələmlə onları təsvir etmək bunun üçün yetərsizdir. Şəhidlər – bədənsiz dirilərdir, mənəvi canlılardır. Vicdana dönüşən, bizi-bizdən alan güc sahibləridir.
Hər kəsi eyniləşdirənlər, bərabərləşdirənlər…
Düşüncələrə qərq olduğum elə bu an kənardan ağlaşma səsləri, çığırtılar duyğularımı söz və həyacana çevirir. Ölümsüzlük adlı əyilməzliyin necə təsvir edilməsinin elementini yaradır. Əslində, reportajı hazırlamağa gedərkən “Ölümsüzlüyə gedən yol”a üz tutduğumuzun fərqində idim. Şəhidlər Xiyabanı həm də eqoların yox olduğu, eko-exolara, acılara, doluxsunmuş nəfəslərə çevirldiyi yerdir. Bu mərdlik simvolları bayrağa dəyər qatan, milətə sipər olan qaranlıqların sönməz çıraqlarıdır. Tarixə tarix dərsi keçən, müqəddəs bədənlərini bizə, ruhlarını isə Allaha ərmağan edənlərdir. Qısacası, varlısı ilə, kasıbı ilə, vəzifəlisi ilə, vəzifəsizi ilə, sağlamı və əlili ilə hər kəsi eyniləşdirənlərdir.. Bu dəfə hərbi sırada deyil, mülki həyatda-mülki sırada. İlahi ulduzlardır onlar. Təsvirlərə təsvir olacaq qədər müəzzəmdirlər. Onlar canlı olduğumuzu unutduran, düşüncəmizi məhdudlayan, qanımızı donduran uyuyan ruhlardır.
Yaxınlarından sorğuladıqca öyrənirsən ki, hər birinin ap-ayrı igidlik hekayətləri var: Ən ağır döyüşlərdə olanlar, yetimlikdə böyüyənlər, maddi yoxsulluq və kasıblıq içində keçməkeşli həyat sürənlər, daxmalardan çıxaraq polkovnik olanlar, yerə-göyə meydan oxuyanlar… Və ağır texniki-silahların qarşısına belə, çəkinmədən gedənlərdir, mənəvi zənginlərimizdir.
Xiyabanda fasiləsiz içəri girməyə çalışan insan axınını görmək, ağrılı-acılı mənzərəyə göz şahidi olmaq, ölməzliyi ilə zamanı donduranların bizə verdiyi son dərsləri, əbədiyyət kitabıdır, sanıram. Məzarlarının üzərini örtən “qırmızılara” baxdıqca əmin olursan ki, onlar həm də, güllərə həbs edilən ağladanlardır.
Qısacası, “şəhidləşən dövlətimiz və torpaqlarımız” var. Beləcə, bu sərkərdələr axan qanları ilə bu ölkədə neçə ümidi, neçə gələcəyi cücərtdilər. Bəli, bu dirilər zehinlərin və gənclər adlı gələcəyin istinad ideallarıdır. Necə deyərlər: Dövlətləşmənin və millətləşmənin bədənləşmiş simvollarıdır. Bizi Allaha götürən “ruh gəmiləridir”.
Nə deyim? Zəngin bir xalqıq. Çünki Fəxri Xiyabanda dəfn edilməyə hazır olan, ölümə fəxarət gətirən dəyərlərimiz, ruh dərmanlarımız hələ də var.
Bu cür zirvələrdə olanları anlamağa çalışarkən, düşünürəm ki, onlar yerlərin altında uyuyan müqəddəs ruhlar, bizlər isə yerin üstündə yeriyən canlılar. Bunun özü isə kimin diri olmasını sorğuladır mənə…
Ziyarətə gəlmiş vətəndaşlardan biri ilə söhbətləşirik. Əliyev Teymur:
“Onlar bizim cəsur qəhrəmanlardır. Mili-mənəvi dəyərlərimizi qəsb etmiş erməni işğğalçılarına qarşı vuruşmaqla Azərbaycan xalqının, İslam-müsəlman cəmiyyətinin dünyaya gətirdiyi övladlardır. 30 il düşmən tapdağında qalmış torpaqları öz gücləri, vətən sevgisi və imanları ilə azad etdilər. Bu gün indi dəfn etdiyimiz Səbuhi qardaşımız atasız-anasız böyüsə də, onu böyüdən xalq oldu. Xalqın gerçək övladı kimi, onu tarixə qeyd edərək gələcək nəsillərə çatdırmaq lazımdırXalqın zəhmətkeş təbəqəsi, imtiyazsız olan ailələrdən onlarla şəhid tanıyıram. Onlar bazarda meyvə-tərəvəz sataraq (üzr istəyirəm) öz uşaqlarını böyüdüblər. Bu cür ali rütbə, şəhadət və ölüm xalqın övladına qismət oldu”.
Qarabağ qazisi, jurnalist Səbuhi Rəhimli:
“Bu gün sözün bitdiyi gündür. Millətimiz toplum şəklində qandan ivarətdir. Həmin qan axıb, bizim genimizə, düşüncəmizə, məlli-mənəvi tərəfimizə təsiri də var. Ancaq candan-can gedir. Millətimiz oğullarını itirir. Həmin bu oğullardan törəyənlər dahi insanlar olardı. Dünyaya gözəllik, yenilik gətirənlər ola bilərdi. Şəhid məkanında danışmaqda çox çətinlik çəkirəm. Mənim üçün ən ağır olanı budur. Çünki döyüşdə olan zaman yaxın dostlarım yanımda can verərək şəhid olub. Bir dəqiqə öncə yanında zarafat etdiyin adam baxırsan ki, həyatını itirir, yaralanır. Buraya gəlməkdə bir borc kimi, həm də şahid olmaq, bunları işıqlandırmaq istədim. Təki bunun mənəvi təsiri olsun. Onların qanı yerdə qalmasın. Buraya sabah açılandan on minlərlə, yüz minlərlə insan gəlib. Çoxlu sayda şəhidlərimiz var. Matəm elan edilsə, daha çox insan gələr”.
Əlahəzrətlər və əla həzrətlər
Milli əlahəzrətlərimiz və əla həzrətlərimizdir onlar. Şəhidlərimizi unutmamalıyıq, Onlar ölərsə insanlıq ölər, işıq ölər, sevgi ölər, ədalət ölər. Çünki bizə dim-dik baxan bu baş daşları unutqan daş başlara öz haqlarını halal etməz.
Unutmayaq, onlar ölmədilər, sadəcə, yerlərini dəyişdirdilər. Yerin üstündən torpağın altına köçdülər. Biz isə yerin üstündə. Məncə, onlar həm də başımızın üstündədirlər.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.