Rusiya prezidentinin Bakı və İrəvan səfərində əsas hədəf; Soçi görüşlərindən sonra “5 rayon” söhbəti ciddiləşib; Rusiya KİV-ləri: “Kreml Ermənistanla müttəfiqlik əlaqələrini donduracaq, əgər…”; erməni nəşrindən SOS: “Biz faktiki, müttəfiqlərsiz qalmışıq”
Rusiya prezidenti Vladimir Putinin Bakı səfərinə sayılı günlər qaldı. Sentyabrın 25-də Kreml başçısı ölkəmizdə olacaq. Buradan onun İrəvana gedəcəyi gözlənilir. “Yeni Müsavat” xatırladır ki, Rusiya lideri Azərbaycan və Ermənistan rəhbərləri – İlham Əliyev və Nikol Paşinyanla Soçidə bir ay deyil ki, görüşüb. Bu üzdən siyasi müşahidəçilərə görə, iki və üçtərəfli formatda hansısa mühüm bir proses aparılır ki, həmin proses də Putinin qısa zaman sonra bölgəyə, Bakı və İrəvana ziyarətini qaçılmaz edib. Hansı proses?
Öncə qeyd edək ki, Putinin belə bir səfər marşrutu seçməsi, yalnızca Moskvanın Azərbaycan və Ermənistan arasında balans yaratmaq istəyi ilə əlaqəli ola bilməz. Gündəmdə həmçinin Dağlıq Qarabağ mövzusu, son vaxtlar haqqında çox danışılan “5 rayon” məsələsi və post-inqilab dönəmində Moskva-İrəvan münasibətlərinin perspektivinə birdəfəlik aydınlıq gətirmək zərurətinin olduğu da yetərincə aydın sezilir.
Belə bir ehtiyatlı təxmin də getdikcə özünə daha çox yer eləməkdədir ki, Kreml “Rus NATO-su” sayılan KTMT-də Azərbaycanın müşahidəçi statusu və ya üzvlük alması qarşılığında Qarabağ ixtilafının dinc həllinə təkan verə bilər. Rusiyanın həmçinin Qarabağda böyük müharibənin alovlanmasını önləmək əzmində olduğu deyilir. Çünki müharibə Moskvanın regiondakı maraqlarına, o sırada onun Türkiyə ilə inkişafda olan əlaqələrinə real təhlükə yarada bilər.
*****
Rusiyanın nüfuzlu portallarından olan rosbalt.ru-da Putinin qarşıdakı səfərinə həsr olunmuş “Qarabağın kimin olmasını Putin müəyyən edəcək?” intriqalı başlığa malik təhlil yazısı yuxarıdakı qənaətləri möhkəmlədir. “Yeni Müsavat” məqalənin ən önəmli yerlərini təqdim edir.
Yazıda deyilir: “Bu dəfə prezident Putini İrəvanda ”yadlar” qarşılayacaq. Çünki Nikol Paşinyanın hökuməti bütünlüklə Qərb QHT və fondlarının “yetirmələrindən” komplektləşdirilib. Ermənistan “meydanında” danışıqlar necə alınacaq – söyləmək çətindir. Lakin böyük ehtimalla, bunu demək olar ki, əgər Putin Paşinyandan Qarabağla bağlı ciddi güzəştlərə nail olmasa, Kremlin tərəfdaşı sayılan siyasətçilərin və Rusiya biznesinin təqib olunması, habelə İrəvanın qərbyönlü kursu məsələlərində real dönüş əldə eləməsə, Rusiya-Ermənistan müttəfiqlik əlaqələri dondurulacaq. Putinin Əliyevlə görüşdən az sonra Azərbaycana edəcəyi səfərə gəlincə, hazırda Moskva regionda Azərbaycana stavka edir ki, bu da Ermənistanı bərk qıcıqlandırır. Ancaq Bakı özünü ardıcıl və anlaşıqlı aparır, hələ ki heç bir şəkildə bölgədə Rusiya maraqlarına xətər yetirmir və bu zaman öz suverenliyinin də qurban vermir. İrəvan isə tam əksinə hərəkət edir. Odur ki, Putinin Ermənistan səfərinin ortaq siyasi perspektiv baxımından “məhsuldar” olacağını gözləməyə dəymir. Ancaq Rusiya liderinin səfəri yerli erməni əhalisinə ayıldıcı təsir göstərə bilər: axı nə vaxtsa Ermənistanda parlament seçkiləri keçiriləcək. Azərbaycanda isə səfərlə bağlı geniş geosiyasi planda strateji əməkdaşlıq prinsiplərinin təsbiti, həmçinin energetika, nəqliyyat, hərbi-texniki və humanitar sferalarda, Xəzərdə əməkdaşlıq sahəsində yeni imkanların axtarılıb tapılması gözlənilir. Və təbii ki, Qarabağ məsələsi də var”.
Nəşr bu yerdə Putinin Bakı və İrəvanın səfərlərinin Azərbaycandakı genişmiqyaslı hərbi təlimlərdən dərhal sonraya təsadüf etməsinə də diqqət çəkib: “Azərbaycan ordusu hazırda Dağlıq Qarabağda düşmənin müdafiəsinin bir neçə istiqamətdə tanklarla yarılması, Ermənistanın hərbi qruplaşmaları və ön birləşmələrinin darmadağın edilməsi, işğal altındakı rayonları düşmən tərəfin hərbi və strateji obyektlərini məhv eləməklə azad etmə ssenarisini məşq edir. Erməni tərəfi isə müharibə şəraitində əməliyyatları məşq edir. Əlamətdardır. Kimin qalib olacağına yəqin ki, Putin qərar verəcək”.
*****
Dağlıq Qarabağ məsələsi ətrafında qüvvələr nisbətinin işğalçı Ermənistanın ziyanına dəyişməkdə olmasını, deyəsən, İrəvanda da hiss eləməyə və təlaş keçirməyə başlayıblar. Ən azından, bunu Nikol Paşinyan iqtidarına yaxın mediadakı analitik yazılardan görmək mümkündür.
“Bizim ətrafımızda sadə olmayan geosiyasi vəziyyət yaranıb. Təəssüf ki, Ermənistan faktiki, müttəfiqlərsiz qalıb”. “Yeni Müsavat”ın məlumatına görə, belə bir SOS siqnallı fikir armenianreport.com-dakı məqalədə yer alıb.
Məqalədə bildirilir: “Ermənistan və ”Artsax” (dırnaqlar bizimdir – red.) Azərbaycanın real hərbi təhdidi ilə üz-üzədir. Ən həyəcanlısı odur ki, bu müharibədə bizim, deyəsən, müttəfiqimiz olmayacaq. Gəlin, birlikdə analiz edək:
İranın başı indi Suriyaya və daxili problemlərə qarışıb. Üstəgəl, Bakı ilə Tehran arasında hazırda praktik olaraq, hansısa ciddi ziddiyyət qalmayıb. Əvəzində qarşılıqlı reveranslar, artıq reallaşan və gələcəyə hesablanan layihələr xoşagəlməz sürətlə artır. Bütün bunlar İranı Azərbaycanın tərəfdarına çevirməsə də, yüz faiz bizim tərəfdarımıza da çevirmir.
Gürcüstan. Burada vəziyyət qədərindən çox aydındır. Bizim yeni rəhbərliyimiz bu ölkə ilə gözəl perspektiv əlaqələr haqda nə qədər istəsən danışa bilər, gerçəkdə isə Gürcüstan həmişəlik olmasa da, uzun müddətə Azərbaycandan asılı ölkə durumundadır. Gürcülər Bakıdan neft, qaz alır, həmçinin nəqliyyat layihələrindən gəlir əldə eləmək imkanına malikdirlər.
Türkiyə. Burada danışmalı bir şey yox. Prezident Ərdoğan Bakıya o dərəcədə tez-tez gəlir ki, sanki öz evindədir.
Rusiya. Burada da əfsus ki, hadisələrin bizim üçün ziyanlı və fəlakətli sürətlə dəyişikliyinə şahidlik edirik. Bakı və Moskva əməkdaşlığı fəal inkişaf etdirir, o cümlədən də hərbi sahədə. Rusiya bundan sonra da Azərbaycanı silahlandırmağa hazırlaşır. Moskva Bakıya talış xalqının hüququ uğrunda “mübarizi” (Fəxrəddin Aboszadə nəzərdə tutulur – red.) Bakıya təhvil verir. Şübhə var ki, bu, Putinin sentyabrın 25-də Bakıya gətirəcəyi yeganə hədiyyə deyil.
ABŞ və Avropa. Aradakı bütün ziddiyyətlərə, bəyan edilən demokratiya mübarizəsinə rəğmən, onlar Azərbaycana heç bir təzyiq göstərmirlər. Əksinə, hər vəchlə Avropa bazarlarının karbohidrat təchizatçısı kimi Azərbaycanın əhəmiyyətini qeyd edirlər. Plyus, biz artıq görürük ki, Trampın Paşinyanla görüşü baş tutmayacaq. Bu da pis əlamətdir.
Məsələdə xüsusi olaraq İsrailə diqqət ayırmaq lazım gəlir. Bu ölkə Azərbaycana həmişə ən müasir silahları satıb və aktiv şəkildə satmaqda davam edir. İndi də görürük ki, İsrailin müdafiə naziri Avidqor Liberman Bakıya uzunmüddətli (5 günlük – red.) səfər edib. Sən demə o, Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını da ziyarət edib və İsrail dövləti və Müdafiə Nazirliyi adından əklillər qoyub. Həmçinin, Azərbaycanın Milli Qəhrəmanı, milliyyətcə dağ yəhudisi olan Albert Aqarunovun qəbrini ziyarət edib. O Aqarunov ki, “Artsaxın azadlığı uğrunda mübarizə aparanlar”a qarşı (dırnaqlar bizimdir – red.) döyüşlərdə həlak olub. Bu isə İsrail tərəfdən Azərbaycana artıq açıq-aşkar siyasi dəstək jestidir”.
*****
Nə əlavə eləmək qalır: blokada rejimində olan işğalçı ölkə tezliklə Qarabağ məsələsində realist mövqe tutmayınca, öz qonşularının ərazi bütövlüyünü tanıyıb onlara qarşı əsassız torpaq iddiasına son verməyincə, doğrudan da bölgədə tam təklənmiş duruma düşəcək. Bu isə Ermənistanın nisbi suverenliyinin də itirilməsinə gətirə bilər…
Siyasət şöbəsi,
“Yeni Müsavat”
araz.az xəbər portalı.