Sentyabrın 15-də Ermənistan baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan Qarabağ döyüşlərində ölən erməni əsgərlərinin analarının bir qrupunu baş nazirin iqamətgahında toplayıb və onları Azərbaycan analarına müraciət etməyə çağırıb.
Nikol Paşinyanın arvadı azərbaycanlı qadınları da onun başlatdığı sülh təşəbbüsünə qoşulmağa çağırıb. “Ümid edirəm ki, sizin və bizim səsimiz azərbaycanlı analara da gedib çatacaq, onlar da müharibəyə qarşı çıxıb sülhə çağıracaqlar. Əgər bu baş versə, gözəl günlərin birində bizim çağırışımız atəş açmağı və müharibə başlamağı əmr edən adamlara da gedib çatacaq”, – Anna Akopyan bildirib.
Əvvəla, onu qeyd edim ki, Anna Akopyan və erməni anaları Azərbaycan analarına müraciət etməzdən öncə həyat yoldaşı, Ermənistanın baş naziri Nikol Paşinyana müraciət etməlidir. Çünki N.Paşinyan Azərbaycana qarşı təhdid dolu bəyanatlarla çıxış edərək Bakını müharibəyə təşviq etməyə çalışır. Həmçinin o, danışıqlar prosesinin irəliləməsinə mane olur. Beləliklə Paşinyan və onun hökuməti münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı deyil. Məhz buna görə də Anna Akopyan erməni anaların gözü yaşlı qalmasın istəmirsə, ilk növbədə, həyat yoldaşı N.Paşinyanı sülhə çağırsın.
Digər tərəfdən, Anna Akopyan unudur ki, işğalçılıq siyasətini Ermənistan tərəfi həyata keçirir, Azərbaycan deyil. Və Azərbaycan tərəfi kiminsə torpaqlarını işğal etməyib. İşğal altında olan torpaqlar Azərbaycan torpaqlarıdır ki, Ermənistan tərəfindən işğal edilib.
Nə vaxta qədər ki, Ermənistan tərəfi işğalçılıq siyasəti həyata keçirəcək o vaxta qədər də erməni analarının gözü yaşlı qalacaq.
Xüsusilə aprel döyüşlərinin başlamasına səbəb Ermənistan tərəfinin təxribata əl atması nəticəsində olub. Bir sözlə, bütün bu hadisələr onu göstərir ki, Anna Akopyanın müraciət edəcəyi şəxs N.Paşinyan olmalıdır, Azərbaycan anaları deyil.(Report)
araz.az xəbər portalı.