Məncə, gedə bilmək bacarıqdır. Hətta deyərdim ki, xüsusi istedaddır insanda. Bəzilərində anadangəlmə olur, bəzilərində sonradan qazanılır. Bəzilərində kiçik miqyaslı olur, ölkə içində hardansa haraya getməyə bəs edəcək qədər. Amma bəzi adamlarda “getmək istedadı” daha böyük miqyaslıdır. Ölkədən ölkəyə, hətta ölkələrə gedəcək qədər. Qarşımda, daha doğrusu, “votsap”ın o tərəfində oturan bapbalaca, çəlimsiz qızın özündən bir neçə dəfə böyük “getmək istedadı” var. Bu yəqin ki, hədəflərini təyin edə bilməkdən, arzularına doğru düzgün yolla getməkdən irəli gəlir. Mən bu balaca qızı lap çoxdan tanıyıram, atası ilə yaxın dostuq. Amma bu dəfəki söhbətimizdən sonra mənə aydın oldu ki, tanımırmışam. Sadəcə belə bir insanın varlığından xəbərim varmış. Arabir atasından təhsili ilə bağlı suallara aldığım cavablar da yetəri qədər aydın təsəvvür yaratmırdı. Necə deyərlər, “ üzdən tanıyırmışam…”
Etiraf edim ki, onunla danışmaq mənimçün çox çətindir. Heç bilmədiyim sahədən, arxeologiyadan və bu elmin adını heç vaxt eşitmədiyim tərəflərindən danışır. Sadəcə adını eşitdiyim, haqqında heç bir təsəvvürüm olmayan universitetlərdən, o universitetlərdə keçirilən, adı mənə heç nə ifadə etmiyən dərslərdən, mövzulardan söhbət edir. Mənim beynim bu hadisənin sırf “gedə bilmək” tərəfindədir. Amma onu da bilirəm ki, bu qızcığazın öz doğma ölkəsində tanıdılması, onun dilində danışanların, onu başa düşən adamların bu adam haqqında məlumatlı olması çox vacibdir. Onun keçdiyi və hələ də davam elədiyi elm yolu, çoxlarına örnək ola bilər. Beləcə də, xahiş edirəm ki, əvvəlcə keçdiyi təqribən iki illik yol haqda yazılı məlumat versin. Mən də sakit başla, bir neçə dəfə oxuyum, bəlkə nələrisə anladım. İndi beynimdə elə hey təkrarlanan “ iki ildə yeddi ölkə…” səsindən, heç nə anlaya bilmirəm.
Və budur, qarşınızda son iki ildə yeddi ölkənin fərqli universitetlərində tədris keçən və müxtəlif təlimlərə qartılan Azərbaycanlı gənc xanım! Öz sözləri ilə tanıyaq:
“Adım Güneldi, Günel Nəbisoy. 2017-ci ildə Bakı Dövlət Universiteti, tarix fakültəsi, tarix ixtisasına 573 balla daxil olmuşam və 2021-ci ildə universiteti bitirib, bakalavr dərəcəsi almışam. Tarixin materiallar üzərindən öyrənilməsi və bunun üçün elmin müxtəlif sahələrindən istifadə edilməsi marağımı cəlb etdiyi üçün Archaeological Material Science (EMJMD) maqistr proqramına müraciət etdim. Və qazandım. Üstəgəl, bu proqrama qəbul olmaqla yanaşı “Erasmus Mundus” tərəfindən 2 illik tam təqaüd qazandım. Archeological Material Science (ARCHMAT) proqramı iki illik magistr proqramıdır. Və hər şey belə başladı. İlk semestrə başlamaq üçün 2021- ci ilin sentyabr ayında Portuqaliyaya Evora Universitetinə getdim. İlk semestrdə dərslər intensiv şəkildə həftənin 5 günü, 09.00-18.00 keçirilirdi. Dərslər əsasən kimya, biologiya, geologiyaya ilkin giriş kimi qiymətləndirilsə də, sonraki semestrlər üçün güclü təməl qoyacaq şəkildə planlaşdırılmışdı. Bu müddət ərzində seminarlardan əlavə sahə səfərlərinə də çıxırdıq. Bu səfərlər xüsusilə geologiya sahəsində, daş tiplərini öyrənməyimiz üçün çox uğurlu vasitə idi. 2022-ci ilin fevral ayı Yunanıstana getdik, Aristotle Universitetində ikinci semestrə başlamaq üçün. Həmin ilin 11-17 iyul aylarında mən İspaniya, Burgosda “National Human Evolution Reseach Center”də arxeometriya üzrə 5 günlük təlimdə iştirak etdim. Bu təlim mənim üçün xüsusi önəmli idi. 14 avqust- 15 sentyabr tarixlərində qardaş Türkiyənin Van şəhərində, qədim Urartu şəhəri olan Ayanis qazıntılarında iştirak etmək üçün Türkiyəyə yola düşdüm. Bu da çox maraqlı bir səfər və təcrübə idi. İxtisasım əsasən laboratoriya işlərindən ibarət olsa da, bu qazıntı təcrübəsi mənə laboratoriya işi və qazıntılarda iştirakın balanslı formada aparılmasının nə qədər mühim olduğunu göstərdi.
Bu qazıntıdan sonra, üçüncü semestrə başlamaq üçün Romaya getdim. Əgər bundan əvvəlki iki universitetdə dərslərlərlə birlikdə, adaptasiya ilə bağlı çətinliklər yaşayırdımsa, İtalyaya gələndə artıq yaşadığım yeri tez-tez dəyişməyi öyrəşmişdim. Orada olduğum 6 ay ərzində Sapeinza Universitetinin güclü və planlı dərslərində verilən məlumatlara yiyələnməklə yanaşı, bu dərslərdən zövq alırdım.
Keçirilən 3 əsas dərsdən ( Roman Archaeology, Enviormental and Experimental Archaeology, Pyhcical and Biologival methods in Archaeology) əlavə, seçmə dərs olaraq “CİS və Statistikanın arxeologiyada tətbiqi” dərsini seçmişdim. Bu mənimçün xüsusi maraqlı bir dərs idi. Hal-hazırda diplom işim üçün bu metodu istifadə etməsəm də, Coğrafiya İnformasiya Sisteminin keçmiş ətraf mühitin yenidən qurulması, başa düşülməsi üçün mühim bir vasitə olduğu düşüncəsindəyəm. Bu metod çox maraqlı və faydalıdır. Buna görə də gələcəkdə özümü bu sahə üzrə təkmilləşdirməyi və bu üsulu aktiv şəkildə istifadə etməyi planlayıram. Evora Universitetindı keçirilən geologiya dərsləri, Sapeinza Universitetində keçirilən “Ətraf Mühit Arxeologiyası” dərsləri mənə özümü daha dərindən tanımağı, metod olaraq geoarxeologiya və mikroarxeologiya sahələrində xüsusi olaraq maraqlı olduğumu kəşf etməyimə yardımçı oldu. Mövzu olaraq isə mən hələ bakalavr dövründən maraqlı gələn qədim və zəngin Levant ərazisi üzərində işləmək istəyirdim. Beləliklə də Ben-Gurion Universitetinə (Berşeva, İsrail) 6 aylıq təlim keçmək və magistr tezisi yazmaq üçün qəbul olundum. Diplom işi mövzum Ölü Dənizin sahilində, “Ein Gedi” eneolit arxeoloji abidəsindən olan nümunələr üzərində mikroarxeoloji analizlər aparmaqdan ibarətdir. Eneolit dövrü Levant ərazisində ilkin metal istehsalının və dini mərkəzlərin yaranmağa başladığı dövrdür. Bu ilin mart ayı İsrailə gəldim, hal-hazırda 5 aydır buradayam, tezis üzərində işləməklə yanaşı, “Ein Gedi”nin müasiri olan başqa bir eneolit dövrü məskəni, Fazeldə qazıntılarında iştirak etmişəm.
Bu arada, 17 iyun- 2 iyul tarixlərində University Colleage Londonun Arxeologiya İnstutu tərəfindən keçirilən Arxeo-metallurgiya yay məktəbinə iştirak etdim. İki həftə müddətində metalların necə hazırlanması, metalın müxtəlif hazırlanma metodlarının arxeoloji kontekstə təyini haqqında seminarlar keçirildi. Bu iki həftə də, mənimçün çox maraqlı, yeni məlumat və informasiyalar almaq baxımından səmərəli və zövqverici idi.
İlk əvvəl tez-tez yeni yerə köçmək həm akademik həyatım, həm də şəxsi həyatım üçün çətinliklər yaradırdısa, sonradan buna öyrəşdim. Qazanlan təcrübələr buna dəydi. Düşünürəm ki, 4 müxtəlif ölkənin təhsil sistemini görmək və professorlardan dərs almaq məni gələcək akademik karyeranın çətinliklərinə kifayət qədər hazırladı. Yenə də öyrəniləcək və təcrübə ediləcək hələ çox şey var”.
Bax belə. Mən Günelin yazdığı bu mətndən, qarışdırmıyım deyə ardıcıllıqla ölkə adlarını seçib bir kənara yazıram. Sonra sayıram – düz yeddi ölkə. 2021-ci ilin sentyabrından 2023-cü ilin iyuluna kimi. Bax belə…
Sonra yazını bir dəfə də oxuyub, mənə qaranlıq qalan hissələri suallarla aydınlaşdırmağa çalışıram. Əsil istədiyim isə budur ki, getmək istəyənlər, gedə bilənlər xəbərdar olsunlar ki, bu heç də olmayacaq iş deyil. Yollar var imiş. Yetər ki, hədəfini bəlirləyib, yolunu seçəsən. Bax o yollar mənim Günelə verdiyim sualların cavablarında gizlənib. Onda gələk, yazımızın “müsahibə” hissəsinə.
– Günel, sən qazandığın proqramı və bursu dünya üzrə neçə nəfər qazanmışdı?
– Elmi metodların arxeologiya tətbiqi üzrə olan bu magistr proqramında hər il dünyadan 30 nəfərə yer ayrılır.
– Bəs, Azərbaycandan səndən başqa kimsə var idimi?
-Mən oxuduğum müddətdə yox, amma bir neçə il əvvəl bir azərbaycanlı həmin proqramdan məzun olub.
– Sən yazında 4 ölkə deyirsən, amaa Türkiyəni də sayanda 7 ölkə çıxır. Məsələn, Türkiyədəki qazıntılarda iştirakın, eyni proqram çərçivəsində deyildimi?
– Xeyr, Türkiyədə qazıntıda iştirakım öz seçimim idi. Bakalavr dərəcəm Tarix üzrə olduğu üçün, özümdə arxeoloji qazıntı təcrübəsi əksikliyi hiss edirdim Bunun üçün də həmin qazıntıda iştirak üçün müraciət etdim. Eləcə də, Londondakı 14 günlük təlim.
– Yazının başında qeyd edirsən ki, həm magistr proqramını, həm də bursu qazanmısan. Bunlar, yəni konkret olaraq.
“Archaeological Material Science” (EMJMD) magistr proqramı və “Erasmus Mundus” bursu ikisi də paralel qazanılırmı? Yox, əgər ikisi ayrı-ayrıdırsa, bunlardan birini qazanıb digərini qazanmadan, məsələn bursu qazanmadan necə getmək olardı?
– Bəli, bunlar ayrıdır. Siz müraciət zamanı bir müraciət edirsiniz, onlar sizi həm proqramın özü, həm də təqaüd üçün nəzərdən keçirirlər. Əgər proqramı qazanıb, təqaüdə düşməsəniz, həm sadaladığım universtlələrin təhsil haqqını, həm də özünüzün yaşam xərclərini özünüz qarşılamalı olursunuz. Bu isə çox böyük maddi çətinliklər yarada bilər.
– O zaman bəlkə sirri açasan, proqramı və bursu birlikdə qazanmaq üçün nə etmək lazımdır. Nələr əsas götürülür?
– Dil biliyi, yaxşı balakavr ortalaması kimi ümumi şeylərdən başqa, əsas amil məncə motivasiya məktubu idi. Eyni zamanda müsahibə mərhələsində nə üçün orda təhsil almaq istədiyinizi yaxşı izah edməlisiniz, güclü motivləriniz olamladır.
– Qazandığın bilikləri Azərbaycanda necəsə tətbiq edə biləcəksənmi? Başqa sözlə, bir az bədii desək, bizdəki arxeologiya sənin aldığın təhsildən geri qalmır ki?
– Azərbaycanda arxeologiya üzrə müəyən işlər görülsə də, təəssüf ki, güclü arxeologiya laboratoriyası əkslikliyi var. Eyni zamanda, fizika, kimya, geologiya, biologiya kimi fənlərin arxeologiya əlaqləndirilməsi, müxtəlif elmi metodların və texnologiyanın bu sahədə tətbiqinin inkişaf etdirilməsi lazımdır. Qədim insanların yaşayış tərzlərini öyrənmək sadəcə tapılan materialların dəqiq ölcülərini bilməklə edilə bilməz, hal-hazırda keçmiş ətraf mühitin yenidən qurulması üçün daha inkişaf etmiş metodlar var. Bunlardan yararlanmaq üçün isə çox ciddi maddi texniki baza, kurslar keçmiş, xüsusi təhsil almış mütəxəssislərə ehtiyac var.
– Günel, indi nə düşünürsən? Diplom işini də yazdın, proqram bitdi deyək, bəs sonra?
– Doktoranturanı da davam etmək istiyirəm. Həm də məhz burda, İsraildə. Açığını deyim, İsrailin təhsil sistemi, universitetləri və əsasən də insanlarının bizə münasibətini çox bəyənirəm. Odur ki, burada davam etməyi düşünürəm.
Bax beləcə, suallarıma da cavab aldım. Birindən başqa. Amma o sualı verməmişdim, necə cavab alardım ki?! Cavabından qorxduğum sual isə, əlbəttə ki, təhsilini tam başa vurduqdan sonra ölkəyə dönüb-dönməyəcəyi ilə bağlı idi.
Ən başda dediyim kimi, getmək, getməyi bacarmaq çox yaxşıdır. Bir şərtlə ki, dönməyi də bacarasan. Di gəl, dönmək məsələsi təkcə bacarıqla bağlı deyil axı. Gərək geri döndükdə öyrəndiklərini tətbiq edə biləcəyinə, sənə o meydanın verilib, lazımi şəraitin yaradılacağına və əlbəttə ki, sənin öz ölkəndə başqa ölkələrdən daha yaxşı təminatın olacağına və burda demək mümkün olmayan bir çox şeyə inamın, özünün gələcəyinə ümidin ola. İnam və ümid olandan sonra, geri dönməyə nə var ki?
Çingiz ÖZGÜR / araz.az xəbər portalı.
araz.az xəbər portalı.