Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci ilin dekabr ayında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdəki nitqində demişdi: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.
Dövlət başçısı ilə bu görüşdən sonra 2023-cü ilin yanvar ayında Qərbi Azərbaycana Qayıdış Konsepsiyası qəbul edilib. Hazırda konsepsiyanın icrası istiqamətində hansı işlər görülür?
Millət vəkili, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bununla bağlı açıqlama verib.
Deputat deyib ki, Qarabağda ermənilər yaşayırsa, bizim də Qərbi Azərbaycandan olan soydaşlarımız öz ata-baba torpaqlarına qayıtmalıdırlar:
“Bununla bağlı Azərbaycan Prezidenti də öz fikirlərini bildirib. Prezident ilham Əliyev hələ 2022-ci dekabrin 24-də Qərbi Azərbaycandan olan ziyalılarla görüşü zamanı demişdi ki: “Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur… bu gün biz vaxt itirməməliyik… Yenə də bu, necə deyərlər, sülhsevar konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun asasında öz hüququmuzu tələb etməliyik”.
Qərbi Azərbaycan İcmasının sədri bildirib ki, Prezidentin bu tapşırığından sonra Qayıdış Konsepsiyası ilə bağlı Qərbi Azərbaycan İcmasında dərhal işə başlanılıb və tez bir zamanda yekunlaşdırılıb:
“Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışı geriyə dönüşü olmayan bir prosesdir: başlayıb, davam edir və uğurla yekunlaşacaq! Cənab Prezident dəfələrlə çıxışlarında da qeyd edib ki, bu, o insanların beynəlxalq hüquqa söykənən haqqıdır. Siz mənə bir qanun göstərin ki, insanların hər hansı bir münaqişə nəticəsində qovulduqları və yaxud tərk etmək məcburiyyətində qaldıqları doğma kəndlərinə, evlərinə münaqişə bitdikdən sonra qayıtmaq hüququnu inkar etsin. Yoxdur belə bir qanun, ola da bilməz”.
Əziz Ələkbərlinin sözlərinə görə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsində də aydınca yazılır ki, “hər kəsin öz ölkəsinə qayıtmaq hüququ vardır”.
“Biz Qərbi azərbaycanlılar da öz ata-baba yurdlarımıza qayıdacağıq. 1905-də qayıtmışıq, 1918-1920-də qayıtmışıq, 1948-1953-də qayıtmışıq, 1987-1991-də qovulduq və yenə qayıdacağıq. Biz Qərbi Azərbaycan İcması olaraq, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası qəbul etmişik. O sənəddə qayıdışımızın bütün detallarını əks etdirmişik və addım-addım onu həyata keçiririk. Biz bu sənədi muzeyə qoymaq üçün yazmamışıq”, – deputat bildirib.
Millət vəkili onu da qeyd edib ki, bu günlərdə AMEA-ya Qərbi Azərbaycanla bağlı daha bir məsələ həvalə olunub. Baş naziri Əli Əsədovun imzaladığı 19 iyul 2023-cü il tarixli 232 nömrəli qərarla “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na dəyişiklik edilib. Və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na aşağıdakı məzmunda 1.5-1-ci bənd əlavə edilib: “Qeydiyyat şöbəsində və konsulluq idarəsində vətəndaşlıq vəziyyəti aktlarının, icra hakimiyyətinin nümayəndəliyində doğumun, nikahın bağlanmasının və ölümün dövlət qeydiyyatı aparılarkən yer adları mövcud olan inzibati ərazi vahidlərinin adlarına uyğun yazılır. Ermənistandakı yer adları isə Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq AMEA-nın tövsiyələri nəzərə alınmaqla yazılır”.
İcma sədri vurğulayıb ki, Azərbaycan Milli Elmlər Akademiyası Qərbi Azərbaycana Qayıdış Konsepsiyası qəbul edildikdən sonra bu məsələyə dərhal reaksiya verən ilk qurumdur.
“Elə ilk günlərdə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə A.A.Bakıxanov adına Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda Toponimika şöbəsi, eyni zamanda AMEA-nın Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə Şurası yaradılıb. Daha sonra “Qərbi Azərbaycan Ensiklopediyası”nın hazırlanması ilə bağlı İşçi Qrupu yaradılıb. Bu günlərdə isə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na dəyişiklik edilməsi ilə bağlı imzaladığı qərarın icrasının təmin edilməsi və operativ rəy və tövsiyələrin verilməsi məqsədilə komissiya yaradılıb. Bir sözlə, Prezident İlham Əliyevin tapşırığı ilə Qərbi Azərbaycana Qayıdış ideyası hər gün bir addım daha artıq gerçəkləşməkdədir. Qərbi Azərbaycan İcması olaraq bu tarixi prosesin önündə getdiyimiz üçün qürur duyuruq” – Əziz Ələkbərli əlavə edib.
Bünyamin Bünyadzadə
araz.az xəbər portalı.