“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə ikinci ildir həyata keçirilən “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində fermerlər üçün növbəti təlimlər təşkil edilib.
QSC-dən bildirilib ki, əsas məqsədi Daşkəsəndə arıçılıq məhsullarının istehsal həcminin artırılmasına töhfə vermək olan nəzəri təlimlərdə rayonun Bayan, Quşçu, Çovdar kəndləri və Şadax yaşayış məntəqəsində fəaliyyət göstərən 32 fermerə balsüzümü, avadanlıqlardan istifadə, eləcə də məhsulların qablaşdırılması qaydaları barədə məsləhətlər verilib. Arıçılar layihə çərçivəsində cəlb edilmiş ekspert tərəfindən təbii balın normativləri üzrə fiziki-kimyəvi göstəriciləri, arı südü, propolis, güləm, mum kimi arıçılıq məhsullarının baytarlıq və sanitariya qaydalarına uyğun olaraq tədarükü barədə təlimatlandırılıblar. Təlim çərçivəsində qeyd edilən istiqamətlər üzrə metodiki təlimat bukletləri paylanılıb. Sonda təlim iştirakçılarına fərdi təsərrüfatların genişləndirilməsinə dəstək məqsədilə mum və çərçivələr hədiyyə edilib.
Qeyd edək ki, ötən il də daxil olmaqla cəlb edilmiş 56 nəfər fermerə tam təchiz olunmuş 216 arı ailəsi, arı yeşikləri və digər zəruri ləvazimatlar təqdim olunub. Layihənin davamında arıçıların tədarük etdikləri balın istehsal prosesini asanlaşdırmaq məqsədilə Çovdar, Bayan, Quşçu kəndlərində yaşayan bütün arıçı-fermerlərin ümumi istifadəsinə balsüzən dəzgahlarla təmin edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, “AzerGold” QSC fəaliyyət göstərdiyi bölgələrdə ətraf mühitin qorunması, məşğulluğun artırılması, təhsil, idman, sağlamlıq, mikro sahibkarlığın inkişafı, yeniyetmə və gənclərin təlim-tərbiyəsi, sosial rifahın yüksəldilməsi, mədəni irsin qorunması və digər istiqamətlər üzrə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. İcra edilən layihələr regionun spesifik xüsusiyyətləri, yerli icmaların ehtiyac meyarları, sosial-iqtisadi tələbatları nəzərə alınaraq hazırlanır və realizə edilir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.