Ermənistanda da artıq humanitar təxribatın boş bir şou olduğunu anlayanların sayı artır. Erməni publisist Samvel Hovhannisyan bu gün qələmə aldığı məqaləsini bu mövzuya həsr edib. O, məqaləsində İrəvanın Qarabağa humanitar yardım aparmaq üçün Bakıdan icazə alıb-almadığını sorğulayır və nəhayət bu qərara gəlir:  “Xoşbəxtlikdən, Paşinyanın sözlərinə görə, yük maşınlarında tez xarab olan məhsullar yoxdur və onlar geri qaytarıla bilər və qaytarılmalıdır”.

araz.az bildirir ki, ovqat.com müəllifin “Humanitar karvan: Spayka şousu və axmaqlıq” sərlövhəli yazısını bəzi ixtisarlarla təqdim edib:

Əziz oxucular, mənə deyin, görüm, bir supermarketin açıq olub-olmadığını dəqiq bilmədən bir aylıq ərzaq almaq üçün böyük bir çanta ilə supermarketə gedərdinizmi? Qəbul gününün bu gün olub-olmamasına əmin olmadan bütün sənədlər paketini toplayıb hansısa məmurun yanına yollanardınızmı? Və ya səyahət biletinin olub-olmadığını dəqiq bilmədən bir neçə çamadanla stansiyaya gedib orda qatar gözləyərdinizmi?

Bəs bu supermarket, məmurun qəbulu, vağzal sizin şəhərdə deyil, başqa bir yerdə yerləşirsə necə? Əgər ağıllısınızsa, çətin ki, bunu edərdiniz.

İndi isə daha sərt deyəcəyəm – və bilsəydiniz ki, çox güman ki, supermarket bağlıdır, məmur qəbul etmir və biletlər satılıb, yola düşərdinizmi? Yəqin ki, mənə “sən dəlisən”, – deyə sual verərdiniz.

Amma bizim hökumət üçün bunlar normal hallardır. Ambivalentlik (uyğunsuzluq) ümumiyyətlə şizofreniyanın əlamətlərindən biri hesab olunur. Biz belə aksiyaların çoxunu görmüşük – “Artsax”ın (Qarabağ-red.) mənsubiyyəti ilə bağlı bəyanatlardan tutmuş Türkiyə ilə münasibətlərə qədər.

Artıq üçüncü gündür ki, absurdun açıq mənzərəsinin şahidi oluruq: İrəvanda 400 ton ərzaq toplanıb və onlar mühasirədə olan Artsaxa humanitar yardım kimi göndərilib.

19 yük maşınından ibarət karvan Kornidzorun darvazasına çatıb və gözlənildiyi kimi, “meqa-tolerant” Azərbaycan sərhədçiləri tərəfindən Qarabağa buraxılmayıb. Qardaşlarımız üçün yemək ayrılmış maşınlar hələ də oradadır.

Əzab çəkən soydaşlarımıza dəstək qərarı iyulun 25-də çıxarılıb.

Ermənistan Dağlıq Qarabağ əhalisinə ərzaq və dərmanla təcili humanitar yardım göstərmək qərarına gəlib. Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, müvafiq qərar baş nazirin müavini Tiqran Xaçatryanın sədrliyi ilə Dağlıq Qarabağda humanitar böhranın idarə olunması üzrə İşçi Qrupun növbəti iclasında qəbul edilib”, – informasiya agentlikləri xəbər verir. Daha sonra, həmin agentliklərin məlumatlarında Artsax xalqının üzləşdiyi çətinliklər təsvir edilib: “Dağlıq Qarabağda zəruri malların – ərzaq, dərman, gigiyena məhsulları və yanacağın kəskin çatışmazlığı”.

Gecə vaxtı dövlət qurumlarımız “Spayka” nəqliyyat şirkətini podratçı seçərək karvan yığıblar…

Mənə izah edin, bizim bu hökumət humanitar karvanın keçmə proseduru ilə bağlı Azərbaycan tərəfi ilə hər hansı razılığa gəlibmi? Birbaşa, Entoni Blinken, Çarlz Mişel, Sergey Lavrov, BMT, Qırmızı Xaç, yaxud Nigerdəki prezident Bazum, Krişna Şüuru Cəmiyyəti vasitəsilə – bu məni indi heç maraqlandırmır. Yoxsa rəsmi Bakı on tonlarla ərzağın keçməsinə razılıq verdi? Yox, vermədi. Və bunun baş tutacağına dair də heç bir əlamət yoxdur.

İndi mənə izah edin: bütün bu tamaşa niyə lazım idi? Vergi ödəyicilərimizin pulunu niyə xərcləyirik? İndi vaxtını Laçın adlanan keçid məntəqəsinin qapısında Azərbaycan sərhədçilərinin gülüşlərinə tamaşa etməyə məcbur olan daşıyıcı şirkətin sürücülərinə niyə əzab vermək lazımdır?

Paşinyan hökumətinin cənab nazirləri, siz “bəlkə”lərə ümid edirdiniz? Öz hərəkətimizlə dünya ictimaiyyətinin diqqətini çəkə biləcəyinizi və Əliyev rejiminə təzyiq göstəriləcəyinəmi inanırdınız?..

Azərbaycan Laçın keçid məntəqəsinin qapılarını açmayacaq. Onlar üçün bunu etmək, zəifliklərini nümayiş etdirmək, manipulyasiya edilə biləcək tərəf olduğunu göstərmək deməkdir…

Beynəlxalq Ədalət Məhkəməsi dəhlizin qeyri-qanuni şəkildə bağlanması barədə qərar çıxarıb. Avropa, ABŞ, Rusiya Azərbaycanı Laçın dəhlizini açmağa çağırır. Nə olsun? Azərbaycanın Xarici İşlər Nazirliyi gündə bir neçə dəfə ancaq zəng vurur, bizi təxribatçı, terrorçu adlandırır. Və hər şeydən uzaqlaşırlar. Onlara indi həm Qərbin, həm də Rusiyanın ehtiyacı var.

İndi bütün dünyanın diqqəti Ukraynadakı müharibəyə yönəlib və Bakı özü üçün əlverişli məqam hiss edib. Qərara gəlib ki, bizi cəzasız olaraq “sıxmaq” olar. Çünki indi onlar güclüdür, biz isə zəif…

Xoşbəxtlikdən, Paşinyanın sözlərinə görə, yük maşınlarında tez xarab olan məhsullar yoxdur və onlar geri qaytarıla bilər və qaytarılmalıdır.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.