cek ozellesdirme

araz.az feso.az-ya istinadən xəbər verir ki, 1996-cı ildə tarixi sosial ədaləti təmin etmək üçün ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına qanunla miras əmlak payı olaraq özəlləşdirmə çeki verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Belə ki, özəlləşdirmə çeklərinin üzərində “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” yazılıb. Bu çeklərin hər birinin dəyəri eynidir.

Əgər 1996-cı ildə ölkə vətəndaşına müddətsiz olaraq çek verilibsə, mülkiyyət hüququ sayılan bu çek tədavüldən çıxarıla bilməz. Çünki Konstitusiyanın 13 və 29-cu maddələrində bildirilir ki, mükiyyət hüququ qorunmalıdır. Ona görə də özəlləşdirmə çekləri ya tədavülə buraxılmalı, ya da hansısa formada kompensasiyası həyata keçirilməlidir.

Özəlləşdirmə çeklərinin qiyməti hansı yollarla hesablana bilər?

İqtisadçılar tərəfindən apardığımız araşdırmaya görə, bu gün müxtəlif variantlarla özəlləşdirmə çeklərinin real və nominal dəyərini müəyyən edə bilərik.

Nominal olaraq I Dövlət Proqramının 3-cü bölməsinin 6-cı abzasında deyilir ki, “Özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyəri inflyasiyanın təsirindən qorunan maddi ekvivalentdir, çeklə özəlləşdiriləcək Azərbaycan Respublikasının dövlət əmlakının 1/32 000 000 hissəsidir”. Bu, o deməkdir ki, hər bir dövlət özəlləşdirmə payına düşən əmlak dəyəri inflaysiyanın da təsirindən qorunan maddi ekvivalentə malikdir. Dövlət Əmlak Komitəsinin 12.12.1997-ci il tarixli 222 saylı Əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 19.12.1997-ci ildə 75 saylı qeydiyyat nömrəsi ilə qeydiyyata aldığı “Dövlət özəlləşdirmə opsionunun qiymətinin müəyyən edilməsi” haqqında Qaydalarına əsasən, bu nominal dəyəri hesablamaq mümkündür. Belə ki, həmin Qaydaların 2-ci bəndində deyilir ki, “Dövlət özəlləşdirmə opsionunun qiyməti dövlət özəlləşdirmə çeklərinin (paylarının) çek auksionlarında təşəkkül tapmış orta satış qiymətinin 0,1 faizi miqdarında, lakin 2000 manatdan az olmamaq şərti ilə müəyyən edilir”. 1997-ci ildə dövlət özəlləşdirmə payları (çekləri) veriləndən sonra xarici investorların iştirak etməsi üçün opsionların qiymətini təyin edən DƏK-in 1997-ci il tarixli 222 saylı əmrindən belə məlum olur ki, Ulu Öndərin hər vətəndaşa verdiyi hər bir dövlət özəlləşdirmə çekinin nominal dəyəri 500 Amerika Birləşmiş Ştatları dolları, hər bir payda 4 çekin olduğunu nəzərə alsaq, bir payın dəyəri isə 2000 Amerika Birləşmiş Ştatları dolları olub.

Real dəyər olaraq dövlətin ümumi özəlləşdirilə biləcək əmlaklarının dəyəri 200 milyard manatdırsa, I və II Dövlət Proqramlarına görə əmlakların 65 faizi özəlləşdirmə çekləri vasitəsilə vətəndaşlara verilməlidir. 200 milyardın 65 faizini götürsək, təxmini 125-130 milyard manat vəsait olur. Bu gün təxminən 6 milyon özəlləşdirmə çekləri əllərdədir. Bu baxımdan 125 milyardı 6 milyona bölsək, hər özəlləşdirmə çekinə düşə biləcək dəyər 50-60 min manatdır. Digər tərəfdən, 1997-ci ildə Əmlak Komitəsinin 222 nömrəli əmri ilə bir özəlləşdirmə payının qiyməti 2000 ABŞ dollarında hesablanıb. Bu əmr vasitəsilə çeklərin nominal dəyərini hesablaya bilərik. Yəni hazırda hər dövlət özəlləşdirmə payına düşən əmlak ekvivalentinin real dəyəri 81 000 manatdır. Həmçinin Nazirlər Kabinetinin 8 fevral 2018-ci il tarixli 39 nömrəli qərarı ilə təsdiqlənmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarından məlum olur ki, xarici valyutanın və qiymətli kağızların səhmləri, istiqrazlar, dövlət özəlləşdirmə çeklərinin alqı-satqısı qanunla tənzimlənib.

İqtisadiyyat üzrə elmlər doktoru, professor Elşad Məmmədov Feso.az-a açıqlamasında bildirib ki, bu gün işğaldan azad olunmuş ərazilərimizdə on milyardlarla manatlıq investisiya portfelinə ehtiyac var:

“Məlumata görə, 600 minə yaxın pay yerli və xarici investorlar tərəfindən depolarda saxlanılır. Özəlləşdirmə çeklərinin bu prosesə cəlb olunması yerli investisiyaların həcmini artırmaqla yanaşı, dövriyyəyə yaxşı təsir edə bilər. Özəlləşdirmə çeklərinin dövlət tərəfindən tanınan qiymətli kağızlar olduğunu nəzərə alsaq, dövlət müvafiq proqram çərçivəsində əllərdə qalan özəlləşdirmə çeklərinin investisiya axınında istifadəsinə imkan yarada bilər. Nəzərə almaq lazımdır ki, özəlləşdirmə prosesi tarixi, siyasi, iqtisadi və sosial əsaslar üzərində qurulmuş bir prosesdir. Bu proses Konstitusiyanın ədalət və bərabərlik prinsiplərinə əsaslanır. Ona görə də özəlləşdirmə çekləri qanunla qüvvədə olan dövlət qiymətli kağızlarıdır. Vətəndaşların əllərində qalan çeklərin dəyəri bugünkü prosesə və qiymətlərə uyğun hesablanmalıdır.”.

Qeyd edək ki, özəlləşdirmə çekləri ilə bağlı geniş məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://m.facebook.com/groups/668471343515846/posts/1577668382596133/

Həmçinin Konstitusiya Məhkəməsinin ekspertlərinin araşdırmasına qulaq asmağınızı tövsiyə edirik:

araz.az xəbər portalı.

araz.az xəbər portalı.