Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın keçmiş baş naziri Surət Hüseynov İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib. S. Hüseynov dünən səhər saatlarında İstanbul hava limanında şüurunu ani itirməsi və ürəyinin dayanması səbəbi ilə xəstəxanaya gətirilib, lakin bütün müdaxilələrə baxmayaraq vəfat edib.
araz.az bildirir ki, ölkənin tanınmış siyasiləri Surət Hüseynovla bağlı fikirlərini Bizim.Media ilə bölüşüblər:
Politoloq Zərdüşt Əlizadə S.Hüseynovu Vətənini, xalqını sevən insan kimi xarakterizə edir:
“Vətənini, xalqını sevən insan idi. Amma Vətən adı ilə sərvət, hakimiyyət və pul uğrunda gedən mübarizədə qabiliyyəti çatmadı və oyunu uduzdu”.
AXP sədri Pənah Hüseyn isə keçmiş baş nazir barədə açıq danışmaqdan yayındı:
“Biz də müsəlmanıq, azərbaycanlıyıq. Bizim ona münasibətimiz aydındır. Allah rəhmət eləsin”.
AMİP lideri Etibar Məmmədov Surət Hüseynovu siyasətçi hesab etmədiyini dedi:
“Onu siyasətçi kimi qiymətləndirmək olmaz. Surət Hüseynov siyasətçi olmayıb. Bu istiqamətdə fəaliyyəti olan şəxs olmayıb. Deputat olub. Xalq Cəbhəsi dövründə ona yüksək vəzifələr verilib. Baş nazirin müavini olub. Onu Mili Qəhrəman da elan ediblər. Ondan sonra korpus komandiri kimi fəaliyyət gəstərib, Qarabağda Prezidentin səlahiyyətli nümayəndəsi olub. Heydər Əliyevin dövründə də baş nazir işləyib”.
Milli Məclisin deputatı Elman Nəsirov qeyd edir ki, hər bir şəxsin kimliyinə əsl qiyməti zaman və xalq verir:
“Dünyasını dəyişənin arxasınca danışmaq düzgün deyil. Amma Surət Hüseynov deyiləndə 1992-1993-cü illərin hadisələri, vətəndaş müharibəsi təhlükəsi, dövlət çevrilişinə cəhdlər yada düşür. Hər bir şəxsin kimliyinə əsl qiyməti zaman və Azərbaycan xalqı verir. O, baş nazir vəzifəsinə qədər yüksəldi. Amma ondan sonra törətdiyi ağır cinayətlərə görə cəzasını da aldı. Ondan sonrakı dövrdə isə xaricdə yaşayıb”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.