Qərbi Azərbaycan İcması Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Tini Koksun 2023-cü il 31 iyul tarixli qərəzli bəyanatını qınayır və AŞPA-nı Ermənistanın məkrli oyunlarına alət olmamağa və öz müstəqilliyini qorumağa çağırır.
araz.az xəbər verir ki, bu barədə İcmanın məsələ ilə bağlı açıqlamasında bildirilib.
Açıqlamada, həmçinin qeyd olunub: “Bir daha vurğulamaq istərdik ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə tədarük məsələsi Ermənistanın beynəlxalq rəyi çaşdırmaq üçün ortaya atdığı təxribatdır. Belə ki, Ermənistanın göstərişi ilə bir qrup separatçı cinayətkar Azərbaycanın digər bölgələrindən Azərbaycanın Qarabağ bölgəsində ermənilər yaşayan məntəqələrə gedən yolları bağlayaraq, Ermənistandan nəzarətsiz şəkildə tədarük üçün eksklüziv yol tələb edirlər. Ermənistanın fitnəsi ilə həmin ünsürlər Ağdam-Xankəndi yolunu beton bloklarla bağlayıblar. Həmin qüvvələr bunu nümayişkaranə şəkildə edib, yolun bağlanmasının videogörüntülərini yayıb və həmin yoldan sadə insanların təchizatı üçün istifadəyə imkan verməyəcəkləri barədə bəyanat veriblər.
Bu baxımdan T.Koksun qeyd etdiyi faktaraşdırıcı missiya Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasında qərarlı olan Azərbaycana deyil, qərbi azərbaycanlıları Ermənistandan qovmuş, onların qayıdış hüququnu inkar edən Ermənistana göndərilməlidir.
T.Koksa xatırladırıq ki, AŞPA-nın Ermənistan üzrə həmməruzəçiləri Qərbi Azərbaycan İcmasının bu il martın 1-də onlara ünvanladığı məktuba hələ də cavab verməyiblər. Sülh və birgəyaşayış ideyalarını təşviq edən Qərbi Azərbaycan İcması T.Koksu insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmamağa, Ermənistanla dialoq təklifimizə və Ermənistanda öz dədə-baba yurdlarımıza qayıdışa ictimai dəstək verməyə çağırır”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.