Ermənistanın Azərbaycana təcavüzü başlanandan Qarabağdakı azərbaycanlılar işgəncələrə məruz qalıb. 1991-ci ilin sonlarından alovlanmağa başlayan müharibənin ilk zərbəsi məhz Qarabağdakı soydaşlarımıza dəyib. Erməni terrorçular əvvəlcə Xankəndi ətrafındakı Kərkicahan və Meşəli kəndlərinin əhalisinə divan tutaraq xeyli azərbaycanlını işgəncələrə məruz qoydular və qətlə yetirdilər. Daha sonra Qarabağ ərazisindəki qəsəbə və kəndləri dağıtmaqla azərbaycanlıları öz dədə-baba yurdlarından zorla çıxartdılar.
Qarşıdan isə 1992-ci il gəlirdi və erməni terrorçuları Rusiya ordusunun Xankəndidəki 366-cı motoatıcı alayının köməyinə arxayın idilər. Məhz 1992-ci ildə nəzərdə tutduqları geniş planı 366-cı alayın köməyi ilə həyata keçirməliydilər. Əvvəlcə 1992-ci ilin fevralın 17-də Xocavəndin Qaradağlı kəndində kütləvi qırğınlar törədən ermənilər həmin hadisələr zamanı 366-cı alayın hərbi texnikasından istifadə etmişdilər. Xocalı soyqırımının başlanmasına isə cəmi səkkiz gün qalırdı. Ermənilər daha genişmiqyaslı qırğınlar törətmək üçün 366-cı alayın hərbi qulluqçuları ilə sövdələşməyə gedirdilər. Sonralar istintaqla müəyyən olunacaqdı ki, Xocalıda dinc insanlara atəş açmaq üçün rus əsgərlərinə 1 milyon rubl pul verilib. Bu, hazırda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyindən istintaqa daxil olan radiorabitələrin məzmunu olan MK-60 kompakt audiokasetinin yoxlanılmasına dair protokolun təqdim edildiyi, Xocalı hadisələri ilə bağlı cinayət işinin materialları sayəsində məlum olub.
Hərbi cinayətlərin istintaqı üzrə istintaq-əməliyyat qrupunun sabiq rəisi, ehtiyatda olan ədliyyə polkovniki İlham Məmmədov KONKRET.az-a açıqlamasında bildirib ki, sorğu əsasında Rusiya Prokurorluğu Azərbaycan Baş Prokurorluğuna bir neçə cildlik material, o cümlədən 366-cı alayın hərbçilərinin adlarını və onların şəxsi məlumatlarını təhvil verib:
“Biz bu materialları Xocalı soyqırımı ilə bağlı ümumi cinayət işinə əlavə etmişik. 366-cı batalyonun 2-ci motoatıcı dəstəsinin komandiri Seyran Ohanyan və mayor Yevgeni Nabokix başda olmaqla digər hərbçilərə də cinayət işi açılıb. Onların cinayət məsuliyyətinə cəlb edilmələri üçün beynəlxalq axtarış elan edilib. Yeri gəlmişkən, cəlb edilən şəxslər haqqında bəzi məlumatlar IRS jurnalında dərc olunub. Onların bəziləri saxlanılıb, ekstradisiya məsələləri qaldırılıb, lakin müəyyən səbəblərdən proses dayandırılıb”, – deyə İlham Məmmədov bildirib.
O qeyd edib ki, 366-cı alayın axtarışda olan hərbçilərinin siyahısına 100-dən çox adam daxildir:
“O vaxta qədər onlardan 29-u cinayət məsuliyyətinə cəlb edilib. Bizdə şübhəli şəxslərin, əsasən də erməni millətindən olanların məlumat bazası var. Bu siyahını artırmaq da olar”.
İlham Məmmədov əlavə edib ki, Baş Prokurorluq bu şəxslərlə 2004-cü ildən məşğul olmağa başlayıb:
“2004-cü ilin martında İnterpol ilk dəfə olaraq beynəlxalq tribunalların, QHT-lərin, nüfuzlu qurumların və iştirakçı ölkələrin nümayəndələrini dəvət edərək soyqırım, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər mövzusunda beynəlxalq konfrans təşkil etdi. Konfransda Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisində törədilmiş hərbi cinayətlər ətrafında faktiki vəziyyətə hüquqi qiymət verildi. Və yalnız 2000-ci il sentyabrın 1-də qüvvəyə minən Azərbaycan Respublikasının Cinayət Məcəlləsində beynəlxalq ictimaiyyət tərəfindən hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər kimi tanınan normalar tətbiq edilib. Yeni Cinayət Prosessual Məcəlləsi isə cinayətin standartlarını müəyyən etmişdir. Amma 1988-1994-cü illərdə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı zamanı ağır beynəlxalq cinayətlərin törədildiyini təsdiq edən faktlara baxmayaraq, heç kim cinayət məsuliyyətinə cəlb edilməyib. Əməllərin özü də beynəlxalq cinayət kimi təsnif olunmayıb. Xocalı soyqırımı ilə bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən 1992-ci ilin fevralında iki və daha çox şəxsin qətlə yetirilməsi faktı 1993-cü il martın 31-də cinayət məsuliyyətinə cəlb edilən şəxslərin olmaması səbəbindən dayandırılıb. Bu iş üzrə heç kim məsuliyyətə cəlb edilməyib.
Xocalıda mülki şəxslərin atəşə tutulmasında iştiraka görə axtarışda olanlar siyahısında kimlərin olduğu barədə tam məlumat yoxdur. Amma onlardan birinin Qazaxıstan vətəndaşı, 1969-cu il təvəllüdlü Erlan Erbolatoviç Musabəyovun olması faktlar əsasında sübuta yetirilib. Üstəlik, Musabəyov özü də Qarabağ müharibəsində ermənilər tərəfdən vuruşduğunu gizlətmir. Yerlan Musabəyovla bağlı bəzi məlumatları da öyrənmişik. Alma-Ata şəhərində Aksai küçəsi 1A, bina 3, mənzil 64 ünvanında yaşayır. Musabəyov artıq Azərbaycanda onun haqqında sorğu-sual aparıldığını bilir və bu səbəbdən də erməni işğalçılarının tərəfində muzdlu kimi iştirakından yazmır. Onun hərbi cinayətlərdə iştirakını istintaq müəyyən edib. O, həmçinin xüsusi hərbi sosial şəbəkələrdə çox fəaldır, xüsusən də desantura.ru üçün əsasən Əfqanıstan müharibəsində iştirak haqqında məqalələr yazır. 1987-1989-cu illərdə Əfqanıstanda hərbi xidmət keçib. Sonra Qarabağa, 1992-ci ilə qədər xidmət etdiyi 366-cı alaya snayper kimi göndərilib. 1994-1996-cı illərdə 35-ci Əlahiddə Qvardiya Hava Hücum Briqadasında xidmət edib. Ehtiyatda olan leytenantdır.
Yeri gəlmişkən, bu il yanvarın 31-də milliyyətcə erməni olan bir nəfər “Odnaklassnik” sosial şəbəkəsində Yerlan Musabəyovun fotoşəkillərini yerləşdirib. Orada belə yazılıb: “Artsaxın azadlıq müharibəsində iştirak edən qazax könüllüsü Yerlan Musabəyov”. Daha sonra onun Qarabağda keçdiyi döyüş yolundan söhbət açılır, 1992-ci ilin payızında Qazaxıstana qayıtdığı bildirilir. Yəni əslində Musabəyov 366-cı alayda muzdlu əsgər kimi xidmət edib. Bunu “Odnaklassnik”dən götürülən fotoşəkillər də sübut edir”.
Vəli HƏSƏNOV.
araz.az xəbər portalı.