“Qarabağda vəziyyət mürəkkəbləşməyə, yoxsa yekuna yaxınlaşır?..”
“Biz niyə keçmiş Dağlıq Qarabağda yaşamış və ermənilər tərəfdən etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqınların doğma yurdlarına qayıdışını gündəmə gətirmirik?..”
Son günlər Qarabağ ətrafında baş verən hadisələr sual yaradır: mövcud vəziyyət Qarabağ problemini mürəkkəbləşməyə doğru aparır, yoxsa “denouement”ə – “razvyazka”ya yaxınlaşdırır? Ermənilərin siyasəti məlumdur: “məzlum, əzabkeş, genosidə məruz qalmış millət” obrazı yaratmaqla, dünyanın mərhəmətini və yardımını qazanmaq, milli problemlərini həll etmək, hüquqlarının pozulduğu barədə Qərbə mesajlar ünvanlayıb dəstək almaq. Paralel olaraq Rusiyanı “Qarabağdan çıxarsa, Gümrüdən, cəmi Ermənistandan çıxacaq” hədəsi ilə şantaj etmək. Qərb dövlətləri sərt dillə olmasa da, ermənilərin hüquqlarının pozulması adı altında Azərbaycana müxtəlif çağırışlar edir, Rusiya isə Cənubi Qafqazda təsirini saxlamaq məqsədilə indiki status-kvonu dondurmaq, problemi konservləşdirmək xəttini aparır. Bu siyasətin ana xətti 44 günlük müharibədən sonra başlayıb və keçən iki il doqquz ay ərzində daha da dərinləşib, indi də “humanitar karvan” adı altında 19 yük maşınını Həkəri postuna yaxın yerdə saxlayıb dünyaya şou nümayiş etdirirlər. Yaranmış bu situasiyada Azərbaycan qarşı tərəfin iddialarını təkzib edir və bəzi uğurlu taktiki addımlar atmaqla ( Vaqif Xaçatryanın həbsi) mövqeyində dəyişiklik olmadığını və kiçik güzəştə belə, getməyəcəyini nümayiş etdirir. Yetərlidirmi? Sülh müqaviləsinin imzalanması istiqamətində Qərb və Moskva masalarında danışıqların dinamik inkişafını və müəyyən vacib məsələlərlə bağlı sənəd üzərində olmasa da, şifahi razılaşmaların olduğunu nəzərə alsaq.., bəlkə də mövcud vəziyyəti qənaətbəxş hesab etmək olar. Amma, düşmənimizin çox məkrli və dünya səviyyəsində havadarlarının olduğunu və kənardan idarə edildiyini nəzərə alsaq, bu vəziyyətin uzun müddət dəyişməz qalması, kiçikmiqyaslı siyasi, hərbi toqquşmalarla davam etməsi zaman aparır və aparacaq. Süni şəkildə zamanın uzadılması isə Azərbaycanın maraqlarına uyğun deyil. İlk növbədə bu Rusiya “sülhməramlı”ları ilə bağlıdır. Bu vəziyyət belə hadisələrlə davam edərsə, 2025-ci ildə Rusiyanın Qarabağı tərk etməsi böyük suallar yaradacaq. Hadisə-təxribat yaratmaq isə ermənilərin xisləti, siyasətidir…
Ermənistan dayanmadan silahlanır. Hindistandan, Fransadan, İrandan və bilmədiyimiz ölkələrdən silah alır, daha çox PUA-larla arsenalını zənginləşdirir. Paralel olaraq dünyada mənfi Azərbaycan obrazı yaradır. Dünyanın Azərbaycana təzyiq etmə siyasətini dayanmadan davam etdirir, ən azı Qarabağ ermənilərinə status verilməsini hədəfləyir.
Ermənistanla sülh müqaviləsinin imzalanmasının ilin sonunda mümkün olması barədə verilən nikbin proqnozlar da.., yalnız proqnozdur. Ümumiyyətlə, hətta sülh müqaviləsi imzalandığı günün sabahısı Xankəndində bizi gül-çiçəklə qarşılayası deyillər və iddialarından da tezliklə geri çəkilməyəcəklər. Amma, biz sülh danışıqları ilə paralel olaraq birbaşa Qarabağla əlaqədar tələblərimizi gündəmə gətirib dövlət nəzarətimizin Qarabağın qalan hissəsində reallaşması istiqamətində hərəkətə keçsək, qarşı tərəf müdafiə mövqeyində olacaq. Bizim şərtlərimizi müzakirə edəcəklər, “humanitar fəlakət” şousu işə keçməyəcək. Paşinyan “Evronevs” kanalına müsahibəsində Qarabağ qaçqınlarından danışıb və onların geri qayıtmasına guya Azərbaycanın şərait yaratmadığını vurğulayıb. O zaman biz niyə keçmiş Dağlıq Qarabağda yaşamış və ermənilər tərəfdən etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqınların doğma yurdlarına qayıdışını gündəmə gətirmirik? Bu tələbin gündəmə gətirilməsi paralel olaraq digər problemi- təhlükəsizlik baxımından erməni silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarılmasını zəruri edəcək. Hərbi gücə əl atmadan da qeyd olunan məsələlərlə əlaqədar vaxt şərtini irəli sürüb düşməni divara dirəmək mümkündür…
Məğlub olan ermənilərin hələ də “müstəqillik” iddiasında qalması yalnız öz siyasətlərinin nəticəsi deyil. Ağdam yoluna blok plitələr qoyulması Rusiyanın razılığı ilə baş tutub. Azərbaycanlılarla birgəyaşayışa meyillik göstərən yerli erməniləri isə barmaqla saymaq olar, çox güman ki, heç belələri yoxdur. Amma, Xankəndində elə bir vəziyyət yaranıb ki, əksəriyyət olmasa da, müəyyən bir qisim insanlarda Azərbaycandan onları inandıra biləcək bir jest fərqli mövqe yarada bilər. Belə bir humanist addımın atılacağından daşnaklar çox narahatdırlar. Bakıya gətirilən Vaqif Xaçaturyanın müalicə olunmasından, onun sağalıb Azərbaycan Prezidentinə əfv ərizəsi yazmasından və müsbət reaksiya verildikdə bunun Xankəndində parçalanmaya səbəb olacağından narahatlıqlarını bəri başdan bildirirlər…
Prosesin bu tendensiyalarla davam etməsi vəziyyətin daha çox mürəkkəbləşməsinə, beynəlmiləlləşməsinə aparır. Daxili işimizin bu istiqamətə çəkilməsinə yol verməmək üçün sərt diplomatik addımların atılması zərurət həddinə çatıb. Beynəlxalq şərait də buna imkan verir. Daxili işimizi yekunlaşdırmağa yaxın olduğumuz mərhələdə vəziyyətin mürəkkəb və gərgin formaya keçməsinə imkan vermək maraqlarımıza ziddir.
Bu arada, Yevlax görüşü ola bilərmi? ( material hazırlananda bu görüşün baş tutacağı hələ təsdiqlənməmişdi). Müharibədən əvvəl ermənilər “Kürə qədər gələcəyik” deyib, bizi hədələyirdilər. İndi onları Kürün sahilinə dəvət edirik.., gəlib görsünlər. Görüşün vasitəçisiz olması və müzakirə olunacaq reinteqrasiya məsələləri Vaşinqton, Brüssel, Moskva görüşlərini kölgədə qoya bilər. Yox, əgər ermənilər yenidən “beynəlxalq mexanizm müstəvisində görüş ola bilər” iddiasında qalıb imtina etsələr, bu onların qeyri-səmimi olduqları ilə yanaşı, əsas məqsədlərinin zamanı uzatmaq olduğunu bir daha sübut etmiş olacaq…
İlham İSMAYIL
araz.az xəbər portalı.