Bu gün Azərbaycan Mətbuat Şurasında veteran jurnalistlərin bir qrupu ilə görüş keçirilib. Bu barədə, qurumdan araz.az-a daxil olan məlumata görə, MŞ sədri Rəşad Məcid toplantını açaraq, bildirib ki, rəhbərlik etdiyi qurum ömrünü-gününü jurnalist peşəsinə sərf etmiş qələm sahiblərinin əməyinin qiymətləndirilməsinə, onlarla bağlı tədbirlərin təşkilinə böyük önəm verir. Bu məqsədlə Şuranın tərkibində Ahıl Jurnalistlər Məclisi fəaliyyət göstərməkdədir.

R.Məcid, həmçinin, bildirib ki, Mətbuat Şurası milli mətbuatımızın 148 illiyi ilə bağlı veteran jurnalistlərin bir qrupunu diplomla təltif edib. Bugünkü toplantı da həmin diplomların təqdim edilməsi məramından irəli gəlir.

Məlumatda deyilir ki, çıxış edən veteran jurnalistlərdən “Xalq qəzeti”nin Baş redaktor müavini Qüdrət Piriyev, uzun illər Azərbaycan Dövlət Televiziyasında çalışmış Allaheverdi Əsədov, hazırda əmək fəaliyyətini “525-ci qəzet”də davam etdirən Tamella Məmmədzadə, əməklərinə verilən qiymətə görə, təşəkkürlərini bildirib, xoş xatirələrini bölüşüb, jurnalist peşəsinin məziyyətlərindən söz açıblar.

Məlumatın sonunda qeyd edilir ki, Azərbaycan Mətbuat Şurası veteran jurnalistləri – Qüdrət Piriyevi, Allahverdi Əsədovu, Tamella Məmmədzadəni və Zakir Abbası qurumun Diplomu ilə təltif edib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.