Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 6 vitse-prezidenti vəzifəsindən azad edilib. Dövlət başçısının imzaladığı bir digər sərəncamlarla 7 yeni şəxs Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin olunublar.
Daşqın Ələm oğlu İskəndərov, Bədəl Şamil oğlu Bədəlov, Xalik Rəfi oğlu Məmmədov, Yaşar Aydın oğlu Lətifov, Süleyman Mehrəli oğlu Qasımov və Rəfiqə Abdul Ağa qızı Hüseyn-zadə vəzifəsindən azad edilib, onların yerinə Arzu Sahib qızı Cavadova, İsmayıl Fikrət oğlu Zərgərli, Ziba Tacəddin qızı Mustafayeva, Babək Elbəniz oğlu Hüseynov, Əfqan Elçin oğlu İsayev, Anar Fərruh oğlu Məmmədov və Fuad Bəkir oğlu Musayev təyin edilib.
SOCAR rəhbərliyində dəyişiklik mətbuatda müzakirələrə səbəb olub.
Dəyişikliklərin əsas səbəbi nədir?
araz.az bildirir ki, məsələ ilə bağlı Modern.az-a danışan Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban deyir ki, buna səbəb Azərbaycan Prezidentinin 2021-ci il 23 yanvar tarixli fərmanı ilə SOCAR-ın yeni struktura keçidi ilə bağlı verdiyi fərmandır.
“Həmən fərmana görə,mövcud Dövlət Neft Şirkəti dəyişdi. Dövlət Neft Şirkətinin yeni strukturunun yaradılması ilə bağlı tapşırıq verilib. Yaxın zamanlarda Prezidentin onu təsdiq edəcəyi gözlənilir. Bu ondan irəli gəlir ki, Dövlət Neft Şirkəti əvvəldən qarşıya qoyulmuş səyləri həyata keçirib. SOCAR-ın 2035-ci ilə qədər yeni strategiyası təsdiq edilib. Bu strategiyanın yeni işə keçidi, enerji daşıyıcılarına olan münasaibəti dəyişməsi gözlənilir. Çox enerji inkişafı üçün necə fəaliyyət göstərilməlidir. Azərbaycan dövləti üçün pul qazanılmalıdır. Bununla əlaqədar olaraq idarəetməyə yeni komanda gətirildi ki, həmin qarşıda duran vəzifələrin artıq daha geniş palitrada icrası baş tutsun”.
İ.Şaban yeni təyinatların SOCAR-ın sonrakı fəaliyyətində müsbət rol oynayacağını qeyd edib:
“Sosial şəbəkədə əksər insanlar yazırlar ki, Rövnəq müəllimin (Rövnəq Abdullayev – sabiq SOCAR prezidenti-red) rəhbərliyi altında bu elə deyildi, bu belə deyildi. Ancaq bir məsələni unudurlar. Rövnəq müəllimin dövründə SOCAR-ın missiyası tamam başqa idi. Onun idarəçiliyi də tamam başqa idi. Şirkətin başında prezident var idi və o, dövlətin şirkət qarşısında qoyduğu tapşırıqları icra etməklə məşğul idi. Ancaq indi SOCAR-ın prezidentinin səlahiyyəti, təsdiq edilmiş sənədlərlə çox məhdudlaşdırılıb. Hazırda SOCAR-da kollegial idarəetmə var. Dövlət Neft Şirkətinin prezidenti heç idarə heyətinin müavinini işdən çıxara bilməz. Yaxud kimisə təyin edə bilməz. Bu qərarları müşahidə şurasının icazəsi ilə edə bilər. SOCAR-ın idarəçiliyinə bir sıra qurumlar cəlb edilib. İnvestisya Fondu, Müşahidə Şurasını bura misal çəkmək olar. Hər şey onların müzakirəsindən sonra verilən qərarlardan asılıdır. Bu qərarlar şirkətin prezidenti və vitse-prezidentləri tərəfindən icra edilir. İndi hər şey öz reysinə düşməlidir. Bu yeni təyinatlardan sonra işlər daha da yaxşılaşacaq”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.