Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Bakının Yeni Yasamal və Hövsan qəsəbələrində, eləcə də Gəncə şəhərində güzəştli satışa çıxarılan ümumilikdə 1 189 mənzilin seçim prosesi başa çatıb. Bu dəfə də MİDA tənqid hədəfinə tuş gəlib. Əvvəlki illərdə olduğu kimi, şikayətlərin ardı-arası kəsilmir. Qurum bütün halların araşdırılacağı barədə açıqlama versə də, bu, narazı kütləni sakitləşdirməyib. Sosial şəbəkələrdə müzakirələr zamanı bir çox iştirakçı son səhifədə evlərin siyahısı açılanda sistemin donduğunu qeyd edib.
Onların sözlərinə görə, saniyələr ərzində Hövsan, Yasamal və Gəncə layihələrində satışlar bitib. Mənzillərin siyahısı açılsa da, heç birinə giriş edə bilməyiblər, həmişəki kimi son mərhələdə sistem yenilənib, bu isə iştiraçıların geriyə qayıdıb seçim etmə şanslarını əllərindən alıb. Sistem açılır, siyahıda mənzillər var, lakin seçə bilmirsiniz… Qəfil bildiriş gəlir ki, sizin seçdiyiniz mənzil artıq tutulub. MİDA tərəfindən şəffaflığın təmin edilmədiyini deyən iştirakçıların çoxu video faktlarla aidiyyəti dövlət qurumlarına müraciət edəcəklərini bildiriblər”.
araz.az bizimxeber.az-a istinadən bildirir ki, bu barədə mətbuata açıqlamasında hüquqşünas Əkrəm Həsənov, artıq neçənci dəfədir, MİDA güzəştli mənzilləri satışa çıxaranda sistemin donduğu, mənzillərin tez satıldığı kimi şikayətlər eşidilir deyib.
“Bu, ona işarədir ki, müəyyən dələduzluq halları var. Bunu başqa cür izah etmək olmur. Bildiyim qədəri ilə, əvvəllər də hüquq-mühafizə orqanları onların bu fəaliyyətlərini nəzarətə götürüb. Ümumi yanaşmam belədir ki, Azərbaycanda bəzi məmurlar oğrudur, dələduzdur, korrupsionerdir, rüşvətxordur. Bu, faktdır və bunu bütün Azərbaycan xalqı bilir. Sadəcə, çox vaxt onların əməllərini geniş xalq görmür. Amma harada ki yeni informasiya texnologiyalarının tətbiqi tələb olunur, orada bunların iç üzü dərhal görünür. Heç də fikirləşməyək ki, MİDA-da çalışanlar pisdir, o birilər yaxşı. Sadəcə, o birilərə qarşı belə şəffaflıq tələbləri yoxdur deyə görmürük. MİDA-dakı bədbəxtlərin başına isə iş gəlib. Onlara deyiblər ki, satışı məhz bu formada etməlisiniz, bunlar da savadsızdırlar axı…
Onsuz da Azərbaycanın bəzi məmurları savadsızdır. MİDA-dakılar da oğurlamağı, talamağı başqa yollarla öyrəniblər, bu cür texnologiyalara alışmayıblar. Bilmirlər, necə etsinlər ki, heç kim görməsin, bilməsin. Ona görə də bütün zibilləri tam çılpaqlığı ilə üzə çıxır, xalq da görür ki, bunlar orada nə edirlər. Bu gün hansı sahələri faktlarla tənqid edə bilirik? Harada ki məlumat şəffafdır. Məsələn, deyirik ki, dövlət satınalmalarında korrupsiya, oğurluq, rüşvət, “şapka” var. Niyə? Çünki qanun var, tələb edir ki, məlumatlar sistemdə olmalıdır, amma məlumatlar yoxdur. Biz də deyirik ki, “aha, deməli, nəsə baş verib…” Bu tələblər olmasaydı, məgər baş verənləri görərdik? Yox. Eynilə MİDA-nın güzəştli mənzil satışı da. Bu, bir daha göstərir ki, biz dövlətdən, hökumətdən tələb etməliyik, bütün sahələrdə şəffaflıq olsun, informasiya texnologiyaları tətbiq edilsin.
2005-ci ildən Azərbaycanda məmurların öz gəlirlərini bəyan etməsi haqqında qanun var, indiyə qədər Nazirlər Kabineti bu qanunun icra mexanizmini təsdiq etməyib. Bu ilin aprel ayında icra mexanizmini özüm hazırlayıb, Kabinetə göndərmişəm ki, təsdiq edin. Etmirlər. Çünki şəffaflıqdan qorxurlar. Təsəvvür edirsiniz, bu gün məmurlar öz gəlirlərini bəyan etməyə başlasalar, onlara qarşı bizdə nə qədər sual çıxacaq?
Elə buna görə yayınırlar. MİDA-da baş verənlər də bununla bağlıdır. Qanun, qayda şəffaflıq tələb edir, bunlar da öz savad, bacarıq və qabiliyyətlərinə görə tam oğurluq edə bilmirlər. Hər şey üzə çıxır. Təklif edirəm ki, MİDA-da hamını işdən çıxarmaq, kadrları dəyişmək lazımdır. Eyni zamanda İctimai Şura MİDA-nın fəaliyyətinə nəzarət etməlidir. Şəffaflıq azdır, gərək, ictimai nəzarət də olsun. İnkişaf etmiş ölkələrdə bu var. Dövlətin güzəştli vəsaiti xərclənirsə, o idarətmə orqanında mütləq müstəqil şəxslərdən ibarət İctimai Şura olmalıdır ki, nəzarət etsinlər. Etməyəndə, belə hallar olur…”- Ə.Həsənov deyib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.