“1000 il bunda qabaqkı Turan ideyası, türk xalqlarının birliyi yenidən formalaşır”.
araz.az xəbər verir ki, bu barədə AzEdu.az-a ADU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev Turan dilinin yaradılmasından danışarkən deyib.
Professor bildirib ki, Azərbaycan dili ərəb dilindən də qədimdir:
“Dünya alimləri, o cümlədən amerikalı alim Kramer və başqaları çoxdan sübut edib ki, tarix Şumerlərdən başlayır. Şumer dili isə qrammatik quruluşu və leksik tərkibi ilə qədim ulu türk dilidir. Ona görə də bizim dil qədimdir. Dilimiz sonra parçalanaraq, 23 türk tayfasına bölünüb. Bu qrupların hər birinin 90 faizində yaxınlıq var. Məsələn, səlcuqlar deyir ki, “Dədə Qorqud” dastanı bizimdir, qırğızlar da deyir, bizimdir. Biz də deyirik ki, sən götür, “Alpamış” dastanı ilə “Dədə Qorqud”u müqayisə et. “Alpamış” sizin, “Dədə Qorqud” isə bizimkidir”.
A.Babayevin sözlərinə görə, Turan dili bütün türk xalqlarının anlayacağı şəkildə olmalıdır:
“İndi 1000 il bundan qabaqkı Turan ideyası, türk xalqlarının birliyi yenidən yaranır. Türk dilləri vahid şəkildə elə olmalıdır ki, hamı biri-birini başa düşsün. Məsələn, tatar dilində “sokmak” bizim dildə “vurmaq” deməkdir. Bizdə “şillə vurmaq” deyilir, onlar isə “kolu ile sokmak” deyirlər. Türk qardaşlarımız da onlardan götürüb, deyirlər ki, “yılan soktu”. Azərbaycan dilində axı bu məqbul görünmür. Çünki Azərbaycan dili artıq milli dil olub. Doğrudur, biz türk kökündən ayrılmamışıq. İranda bizim üçün deyirlər ki, siz türk deyilsiniz, farssınız, kökümüzü məhv etmək istəyirlər. Oğuz-Səlcuq qrupu biri-birini çox yaxşı başa düşür. İndi ümumi Turan dili yaransın deyə iqtisadi-siyasi yaxınlıq lazımdır”.
Dilçi alim vahid dilin yaranması üçün türk xalqlarının öz aralarında sözlərinin inteqrasiyasının vacibliyini də vurğulayıb:
“Bir jurnalist dostum iddia edir ki, gəlin, türk dilində danışaq, çünki dünyada türklərin sayı çoxdur, amma biz bununla da razı deyilik. Azərbaycanlıların sayı 70 milyondan artıqdır. Bildirir ki, biz ümumi türk dilini götürək, sonra hər kəs öz dilində danışsın. Bu, mümkün deyil. Vahid dilin yaranması üçün gərək bütün türk xalqları biri-birinə qovuşsun. Hansı yaxşıdır, hansı pis, o, öz yerini zamanla tapacaq.
O vaxt izmirli həmkarıma söylədim ki, bütün türk xalqları “açar” işlətdiyi halda, siz “anahtar” deyirsiniz. Ancaq biz “ərizə” sözünü ərəblərdən götürmüşük, onu atacağıq, səndən “diləkçə” götürəcəyik, sən isə “tren”i silib, “qatar”ı götürəcəksən. Beləliklə, bu dil vahid Turan dili olacaq ki, bu da bizim arzumuzdur”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.