Elvin Dadaşsoy: “Biznesin yerləşdiyi ünvan, maliyyə göstəriciləri, həmin məhsul və xidmətə bazarda olan tələb, rəqib şirkətlərin çox olması, biznesin məşhurluğu və s. bu kimi halları araşdırmalıyıq”
Hazır bizneslərin satılması elanı ilə tez-tez qarşılaşırıq. Elanda biznes yaxşı işlədiyi, aylıq gəliri qeyd edilir. Yenə də rəylərə yazılır ki, əgər yaxşı işləyirsə, niyə satırsan? Bu sual ondan yaranır ki, insanların satılan bizneslərin uğurlu olmasına inamları azdır. Bu səbəbdən hazır biznes almağa tərəddüd edənlər çox olur. Hazır biznes alarkən tərəddüd etməliyikmi? Ümumiyyətlə, hazır biznes alaqmı?
İş adamı, biznes konsultant Elvin Dadaşsoy deyir ki, biznes satılırsa, o demək deyil ki, uğursuzdur. Müsahibimiz yaxşı gəlir gətirən biznesin satılma səbəblərinin müxtəlif olduğunu dedi: “Ən çox qarşılaşdığımız hallardan biri odur ki, satan şəxsin daha yaxşı, daha gəlirli biznesi mövcud olur. Fokusunu, vaxtını ora vermək istəyir. Məsələn, şəxsin bir biznesi mövcuddur. O biznes 100 min manat investisiya ilə 30 min manat gəlir qazandırır. Digər biznesində isə 100 min manat investisiya ilə 100-200 min manat mənfəət götürür. Təbii ki kiçik biznes onun üçün əhəmiyyətini itirəcək və onu qurban verəcək. İkinci ən böyük səbəb yaşayış yerini dəyişməkdir. Azərbaycanda yaxşı biznesi var, amma xarici ölkədə ona daha gəlirli iş, karyera, biznes fürsətləri və s. yaranır. Ona görə satıb getməli olur. Üçüncüsü, bəzən insanların həyatında baş verən mənfi hadisələrdən qaynaqlanan mənəvi və psixoloji amillər ola bilər. Mən ən çox yayılan səbəbləri dedim. Hər kəsə görə səbəb dəyişə bilər. Yəni “Gəlirli biznes satılmaz” – deyə bir yanaşma yoxdur. Gəlirli bizneslərin satılması tam normal haldır və satırlar da”.
“Biznes qursanız, daha çox xərciniz çıxacaq…”
İş adamı hazır biznes almağın üstünlükləri olduğunu da dedi: “Əksər bizneslər başlayan zaman, yeni dirçəldiyi dövrdə daha çox xərc tələb edir. Biznes sahibləri bu dövrdə həm daha çox fiziki enerji sərf edir, həm də maliyyə cəhətdən daha çox itki verirlər. Əksər bizneslərdə bu dövrləri keçmək çox çətindir. Biz hazır biznes alan zaman bu dövrləri keçmiş biznes alırıq və bu dövrün çətinliklərindən qurtulmuş oluruq. Müqayisəli şəkildə desək, siz biznes qursanız, daha çox xərciniz çıxacaq, nəinki hazır biznes qurmağa çalışsanız”.
Hazır biznes almaqdan çəkinmək lazım olmadığını deyən, E.Dadaşsoy eyni zamanda bildirdi ki, hazır biznes alırıqsa, diqqət etməli olduğumuz nüanslar da var: “Biznesin yerləşdiyi ünvan, maliyyə göstəriciləri, həmin məhsul və xidmətə bazarda olan tələb, rəqib şirkətlərin çox olması, biznesin məşhurluğu və s. bu kimi halları araşdırmalıyıq. Eyni zamanda, alacağımız biznesin satış və marketinq kanalları barəsində də məlumatlı olmalı və biznesi alan zaman satış və marketin kanallarını da almaq lazımdır. Bu hazırkı biznes dünyasında çox önəmli məqamdır. Qısa müddət öncə kiçik bir ictimai iaşə obyektinin alqı-satqı prosesinə köməklik edirdik. Satıcı tərəf obyektin hər bir avadanlığı, inventarını, məhsullarını və s. satmaqda tərəddüd etmirdi. Sadəcə, “Instagram” sosial şəbəkəsindəki hesabını satmaq istəmirdi. Halbuki, “Instagram” hesabı vasitəsilə əldə olunan gəlir ümumi gəlirin təqribən 50 faizini təşkil edirdi. Bəzi bizneslər var ki, birbaşa satış və marketinq kanallarından asılıdır”.
“Bir halda məlumatlı olmadığın biznesi almaq olar”
E.Dadaşsoy deyir ki, işimizi ehtiyatlı tutmaq üçün alqı-satqı müqaviləsinə müəyyən müddəaları əlavə edə bilərik: “Məsələn, “Satışı həyata keçirən şəxsin hər hansı məlumatları gizlətdiyi və ya şişirtdiyi halda müvafiq tədbirlər görüləcək” tipli və buna bənzər müddəalar əlavə edə bilərsiniz”.
İş adamı deyir ki, biznes alarkən həm də həmin sahə üzrə nə qədər məlumatlı olduğumuza baxmalıyıq: “Yaxşı olar ki, məlumatlı olduğumuz sahə üzrə biznes alaq. Bir çox sahibkarın problemi bu halda yaranır ki, heç bir ideyası, heç bir məlumat və təsəvvürü olmadığı biznesi alır və onu öyrənməyə bir neçə il vaxt sərf edir. Vaxt və maliyyə itkisidir. Yalnız bir halda məlumatlı olmadığın biznesi almaq olar. O halda ki həmin biznesin başına bu işdən anlayan mütəxəssis gətirilsin”.
Hansı halda hazır biznes almamalıyıq? E.Dadaşsoy bu nüansları da qeyd etdi: “Sahə sənə tamamilə yaddırsa, bu biznesi və ona bağlı olan sahəni yetərincə araşdırmamısansa, almağı məsləhət görməzdim. Yaxud biznesin müştərilərini, onların razılığını, tarixçəsini, vergi tarixçəsini dəqiq araşdırmamısansa, bu halda da almaq düzgün deyil. Əgər bir ərazidə həmin biznes artıq düşən liftdədirsə, yəni, həmin biznes məhsuluna tələb getdikcə aşağı düşürsə, o biznesi almaq uğurlu addım sayılmaz”.
Qarakişi VƏLIZADƏ.
araz.az xəbər portalı.