Dünyamız çox kritik bir dönəmdədir. Bütün insanlığın ən böyük Vətəni olan Yer planeti “ölüm-qalım” dilemması qarşısında qalıb. Öləcək, yəni dağılacaq, yoxsa qalacaq, hələ qəti söz demək mümkün deyil. Belə getsə, qalacağına ümid yoxdu. Əcəba yaradanın məhşər günümü gəlir? Yaradan milyon illərdi yaratdığı, formalaşdırdığı, indiki sivil zamana qədər qoruyub saxladığı insanlığın, özünün ruhundan əta elədiyi, rəbbin “əşrəf” sandığı canlıların ən ali nümayəndəsinin niyə və hansı səbəbdən toplum ölümünə qərar versin? Əgər məhşər qərarı varsa, qeyd-şərtsiz, buna da səbəbkar yenə insanların özləridir. Axı rəbbim nə qədər yer üzünə rəsullarını göndərər, onların əli ilə “necə yaşamaq” sualının cavabını göndərər? Rəbbin göndərdiklərinə əməl edib dünyamızı yaşatmalı olduğumuz halda, onun göndərdiyi kitabları küçələrdə yandırırıqsa, kağız parçası kimi cırıb ayaqqabımızı siliriksə, yaradan neynəməlidi? Günəşdə kiçik bir zərrəni partlatmaqla planetimizin insan həyatına son qoymasının, belə məxluqları yaşatmaqdansa, yox etmək istəməsinin səbəbkarı da özümüz, yəni insan adlanan cütayaqlı məxluqlar deyilikmi?
Nə isə, yaradanın işinə qarışmayaq, qarışa da bilmərik. Nəyi, nə zaman və necə eləməyin ən doğrusunu o bilir. Amma bildiyimiz bircə şey var ki, rəbbim bizə elçilər və kitablar göndərməkdən yoruldu, amma biz rəbbin arzuladığı məxluq ola bilmirik ki, bilmirik. Planetimizdə bir əsrdə iki dünya müharibəsi baş verdi. Milyonlarla insan qurban getdi. Min illər boyu tikilənlər, qurulanlar, yaradılanlar darmadağın edildi. Səbəb? Dünyanı yenidən bölüşdürmək! Yəni daha çox ərazi götürmək, daha çox mülkə sahib olmaq, daha çox var-dövlət toplamaq. Əcəba rəbbimiz hər bir insanın əbədi sahib olacağı məkanın cəmi 2-3 kvadrat metr ərazidən, əbədi sahib olacağı var-dövlətin isə 2-3 metr ağ parçadan ibarət olduğunu “dəfn qaydaları” ilə bizlərə mesaj vermədimi? Bəs, böyük Nizami demiş, yeyilməsi, içilməsi mümkün olmayan dünyanın xəzinələri naminə insanlığı məhvə sürükləyən başda oturan başsızlar bunu niyə unudurlar? Çox oturub, müasir dəbdə olan kepkamı qoydum qabağıma və düşünüb, daşınıb o qərara gəldim ki, dünyamızı bu gün məhvə sürükləyən iblis xislətli məxluqlar, guya dünyanı birləşdirmək istəyən bəzi-bəzi dünya təşkilatlarını idarə edənlərdir. Məsələn, BMT! Adı “Birləşmiş” millətlərin təşkilatı, yəni dünyadakı millətləri birləşdirən təşkilat kimi səslənsə də, bütün fəaliyyəti millətləri bölməyə, parçalamağa, allahın buyurduğu yolla idarə olunan dövlətlərin içində problemlər yaratmağa, ya da işartısı olan problemləri körükləməyə yönəlmişdir. Elə yaşadığımız zamanda (Həm də təkcə yaşadığımız zamanda yox- T.N.) dünyanın ən qaynar nöqtələrindən biri olan Qafqazda baş verənlərə bu təşkilatın yanaşması, onun xislətini ortaya qoyur. Otuz iki ildi bir milyon insanı yerindən, yudundan didərgin salan, on minlərlə kvadrat kilometr ərazini xarabaya çevirən, təbiətin bəxş etdiyi floranı, faunanı darmadağın edən, “Xocalı qətliamı”nı törədən, Azərbaycanın bir parçası olan Naxçıvanı blokadada saxlayan bir tayfaya gözünün üstündə qaşının olduğunu xatırlatmayan bu təşkilat, indi beş-altı tırın qanunsuz yolla ölkəyə daxil olmasına yox deyən ölkəni tutub mesaj atəşinə. Belə ikili, üçlü yox, çoxüzlü mövqeyi olan bir quruma necə millətləri birləşdirən təşkilat demək olar? Bir təklifim də var, bundan sonra bu qurumu Birləşmiş Millətlər Təşkilatı yox Bölünmüş Miillətlər Təşkilatı adlandıraq. Bizə fərq eləməz, onsuz da yenə baş hərflər birləşəcək və yenə BMT olacaq. Mahiyyət isə gerçəkləşəcək. Bu təşkilat birləşdirməkdən çox bölməyə meyllidirsə, niyə belə də olmasın? Axı birləşdirmək üçün ədalətli, obyektiv və birüzlü mövqe gərəkdir! O isə indiki BMT-də yoxdu və adın dəyişməsi zəruridir. Təkcə BMT yox, elə o biri təşkilatların da adlarına yenidən baxmağa dəyər. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT-i) Avroasiyada Təhlükələrin Əməli Təşkili (ATƏT), Avropa İttifaqını (Aİ-ni) Avropa İribaşları (Aİ), Avropa Şurası Palament Assambleyasını (AŞPA-nı) Avropa Şəbəkəsı Parçalama Assambleyası (AŞPA) adlandırsaq daha məntiqli və daha doğru olmazmı?
Sizi bilmirəm, əziz oxucular, vallah mənim gəldiyim qənaət budur ki, yaradanın qəzəbini tutduran və dünyamıza məhşəri yaxınlaşdıran, guya dünyada haqq-ədalətə, insanlığa xidmət etməsi adı ilə yaranan bu və bunlar kimi ikiüzlü, beşüzlü qurumlardı. Yəni bunlar rəbbimizin səbr kasasın doldurublar artıq. Bəlkə bunları tanımayaq? Mümkünmü? Allahın yolundan çıxan, allahı tanımayan belə təşkilatları da biz tanımasaq, dolayısı ilə allahımıza sadiqlik nümayiş etdirmiş olarıq. Bəlkə onda allah planetimizdəki günahları bizlərə xatir yenə bağışladı!..
Təhmasib NOVRUZOV.
araz.az xəbər portalı.