araz.az avtosfer.az-a istinadən xəbər verir ki, vətəndaş Mətiyev Anar Tahir oğlu Dövlət Yol Polisi əməkdaşlarının ona qarşı qanunazidd hərəkət etdiklərini iddia edir. Avtosfer.az saytına müraciət edən vətəndaş deyir ki, 5 avqust 2023-cü il tarixində, saat 22:40 radələrində Neftçilər prospekti ilə Yusif Səfərov prospektinin kəsişməsində 2-ci zolaqda hərəkətdə olduğu zaman avtomobilinin əyləc sistemində yaranmış texniki nasazlığa görə sıxlıq zamanı qarşıdakı avtomobili vurmamaq üçün 3-cü zolağa, daha sonra 4-cü zolağa ani manevr edib.
Daha sonra avtomobilin qəza işıqlarını yandıraraq 4-cü zolaqda, yolun hərəkət hissəsində dayanmış 99-YP-318 dövlət qeydiyyat nişanlı patrul avtomobilinin arxa hissəsində dayanıb. “Yaranmış hadisədən sonra özünü toparlamaq üçün 3-4 dəqiqə gözlədikdən sonra qarşımda duran 90-YP-318 dövlət nömrə nişanlı avtomobildən düşən inspektor mənə yaxınlaşaraq sənədləri istədi. Heç bir etiraz etmədən sənədləri təqdim etdikdən sonra hadisə yerinə 90-YP-512 dövlət nömrə nişanlı YPX əməkdaşları yaxınlaşdı. Mənə avtoxuliqanlıq etdiyimi bildirib avtomobilimin duracağa təmin ediləcəyini dedilər. İnzibati xətalar məcəlləsinin 96-cı maddəsinə əsasən avtomobilimin duracağa təmin olunmamalı olduğunu, avtoxuliqanlıq etmədiyimi, hadisənin hansı səbəbdən baş verdiyini və mənə protokol tərtib etmələrini tələb etdim. YPX əməkdaşları protokol tərtib etməkdən imtina edib, kobud əl-qol hərəkətləri ilə mənə “qanun öyrətma maşını duracağa apar” dedilər. Maşını duracağa salmasan biz özümüz evokuator çağırıb öz bildiyimiz formada maşını duracağa salarıq amma daha sonra maşında yaranmış problemə biz cavabdeh deyilik” deyə hədə-qorxu gəldilər. Çıxılmaz vəziyyətdə qalıb avtomobilimi Ağ Şəhərdə yerləşən duracağa təmin etdim. Daha sonra YPX haqqında təlimatın 8.12-ci bəndinə əsasən avtomobilin müvəqqəti duracağa yerləşdirilməsi haqqında akt rəsmiləşdirmələrini tələb etsəm də, polis əməkdaşları bundan boyun qaçırdılar.”
Vətəndaş bildirir ki, növbəti iki gün ərzində avtomobilinin aqibəti barəsində məlumat almaq üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə yaxınlaşıb. İdarədən sürücüyə bildirilib ki, barəsində toplanmış materiallar artıq məhkəməyə təqdim olunub və bu gün (9 avqust) onun məhkəməsidir.
“Mənə heç bir protokol tərtib olunmayıb, hüquqlarım pozulub və indi bildirilir ki, məhkəmə prosesim olacaq.”
Sürücü Daxili İşlər Nazirliyinin, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə müraciət edərək onun işinə ədalətli şəkildə baxılmasını xahiş edib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirib ki, məsələ xüsusi nəzarətə götürülüb. Araşdırma aparıldıqdan sonra vətəndaşa və ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.