“Koroğlu” MMC və digər şirkətlərin təsisçisi və prezidenti olan Tahir Əliyevin oğlu Oruc Əliyev barəsində cinayət işi başlanıb.
araz.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Oruc Əliyev Cinayət Məcəlləsinin 145.2.5-ci (Qanunsuz azadlıqdan məhrum etmə – zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunur.
İddialara görə, Oruc Əliyev bu əməli atasına məxsus “Koroğlu” MMC, “Konfirom” MMC, T.O.M (Tikilməkdə Olan Müəssisə) və “NurRetail” MMC kimi şirkətlərdə tapşırıq müqaviləsi əsasında qanunla müəyyən olunmuş qaydada görülən işlərə nəzarət edən və direktor müavini vəzifəsində işləmiş Emin Babaşova qarşı törədib.
Qaynarinfo olayın təfərrüatlarını öyrənmək üçün Emin Babaşovla əlaqə saxlayıb. O, məlumatı təsdiqləyib.
Emin Babaşovun sözlərinə görə, 2021-ci ilin mart və aprel aylarında o, “Koroğlu” MMC və digər şirkətlərdəki işindən ayrılıb:
“Tahir Əliyev məndən qanunsuz addımlar atmağı tələb edirdi. Sənədləri saxtalaşdırmaq, saxta borc yaratmaq, onun qanunsuz əməllərini icra etməyən işçilərin üzərinə borc yazmaq, borcun məbləğini daha çox göstərmək, hətta onları rüşvətlə həbs etdirmək kimi tələblər irəli sürürdü. Mən bu addımları atmaqdan imtina etdim və öz ərizəmlə işdən ayrıldım”.
Emin Babaşovun sözlərinə görə, mart ayının 9-da Tahir Əliyevin oğlu Oruc Əliyev zəng edərək təhvil-təslim işləri ilə bağlı onu şirkətə çağırıb: “Oruc Əliyevin mənim işimə aiddiyatı olmadığına görə Tahir Əliyevlə əlaqə saxladım. O isə bildirdi ki, hazırda danışa bilmir və əlavə etdi ki, sən Orucun əmisi sayılırsan, gör nə deyir. Şirkətin ofisinə getdim. İnsan Resurları Şöbəsində Oruc Əliyevlə oturub hansı təhvil-təslimdən söhbət getdiyini soruşdum. İşlə bağlı təhvil-təslim olmalı idisə, bu Tahir Əliyevin iştirakı ilə olmalı idi. Çünki yuxarıda qeyd etdiyim kimi, Oruc Əliyevin bu işlərə heç bir aidiyyatı yoxdur. Bunu Oruc Əliyevin özünə də bildirdim. O, isə özbaşınalıq edərək qəfildən əlindəki kəsici alətlə mənim sağ əlimin üstünə xəsarət yetirdi. Otaqdan çıxmaq istədim, 30-35 dəqiqə otaqda qaldım, Oruc Əliyev qapını bağladığı üçün oradan öz iradəmlə çıxa bilmədim. Kənar şəxslərin köməyi ilə oradan ayrıldım”.
Emin Babaşov dərhal baş verənləri videoya çəkərək “WhatsApp” vasitəsilə Tahir Əliyevə göndərib və Oruc Əliyevin ondan üzr istəməsini tələb edib:
“Açığı Tahir Əliyevlə yaxın əlaqələrim olduğu üçün Oruc Əliyev barəsində hüquq-mühafizə orqanlarına müraciət etmədim. Dedim ki, etdiyi əmələ görə sadəcə üzrxahlıq etsin. Lakin bu baş vermədi”.
Emin Babaşov əlavə edib ki, əslində baş verənlər Tahir Əliyevin ona borclu olması ilə əlaqəlidir. Bildirib ki, şirkət rəhbərinin ona 237 115 manat borcu var. Tahir Əliyev bu borcu verməmək üçün oğlunun vasitəsilə belə bir oyun qurub.
“Mən borc məsələsi ilə bağlı məhkəməyə müraciət etmişəm. Bu borcu ödəməmək üçün Tahir Əliyev dolayı yollarla üzərimə hətta müəyyən adamlar da göndərib, mənə xəsarət də yetiriblər. Lakin onlar həqiqəti bildikdən sonra üzr istəyərək, etdikləri əməldən peşmançılıq hissi keçirib geri çəkiliblər”, deyə keçmiş direktor müavini vurğulayıb.
Emin Babaşovun sözlərinə görə, bunlar azmış kimi, onun xəbəri olmadan, adına olan daşınmaz əmlakların çıxarışları, DƏDRX-nin vəzifəli şəxsi tərəfindən Tahir Əliyevə təqdim edilib.
Keçmiş direktor müavini Tahir Əliyevin bu hərəkətlərindən sonra onun özü və oğlu barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Əvvəlcə Oruc Əliyev barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və o, saxlanılıb. “Tahir Əliyev bu məsələdən xəbər tutan kimi azadlığa buraxıldı. O, iş üzrə təqsirləndirilən şəxs olsa da, sonradan onu şahidə çeviriblər”, deyə Emin Babaşov bildirib.
O, işin obyektiv araşdırılmadığını görüb, daxili işlər naziri Vilayət Eyvazovun və Prezidentin köməkçisi Fuad Ələsgərovun qəbulunda olub. Üzləşdiyi qanunsuzluqlarla barədə məlumat verib. Bundan sonra iş nəzarətə götürülüb və cinayət işi 145.2.5-ci maddəyə tövsif olunub:
“İş hazırda Bakı şəhər Prokurorluğuna həvalə edilib. Dəfələrlə dedim ki, Oruc Əliyev üzr istəsin, bitirək bu məsələni. Amma Tahir Əliyev problemi daha da dərinləşdirmək xətti götürdü”.
Keçmiş direktor müavini Tahir Əliyevin ona qanunsuz taprşıqlar verməsinin sübutu kimi məhkəməyə səs yazıları təqdim edib. Həmin səs yazılarından aydın olur ki, şirkət prezidenti işçilərdən birinin əmək müqaviləsini saxtalaşdırmağı, hətta hüquq-mühafizə orqanlarına rüşvət verərək onu həbs etdirməyi tələb edir.
Məsələ ilə bağlı Tahir Əliyevin də fikirlərini öyrənməyə cəhd etdik. Lakin “Koroğlu” MMC-dən zənglərimizə cavab verən olmadı.
araz.az xəbər portalı.