“Maşını üzərimə sürən, sonra düşüb məni vuracağı ilə hədələyən taksi sürücüsü haqda bəzi məlumatlar əldə etmişəm. Deyilənə görə, son bir neçə aya qədər normal adam olub, ancaq arvadından ayrıldıqdan sonra beyni pozulub…”.
araz.az xəbər verir ki bu sözləri ötən gün yaşadığı Hövsan qəsəbəsində səki ilə piyada hərəkətdə olarkən kobud qayda pozuntusu törədən taksi sürücüsünə irad bildirdiyi üçün hədələnən tərcüməçi-yazar Nadir Qocabəyli deyib.
Onun sözlərinə görə, taksi sürücüsü onu görən kimi qaçıb: “Dünən məni görən kimi, sürüb aradan çıxdı. Ancaq nömrəsini yazdım. Psixotrop maddə qəbul etməsi ehtimalım var. Yoxsa üstümə o cür xoruzlanmağa cəsarət etməzdi. Mənə qarşı belə hərəkət 57 illik həyatımda cəmi 1 dəfə olub, bu, ikincisi idi…
Açığı, gədənin birinin küçənin kənarıyla həyat yoldaşımla söhbət edə-edə gedərkən üzərimə maşın sürməsi, sonra saxlayıb, “səni vurardım, amma yaşına və yanında qadın olduğuna görə vurmuram” deməsi mənə pis təsir edib. İki gündür, özümü ələ almağa, situasiyadan ziyansız çıxmağa çalışıram.
İctimai-siyasi baxımdan, bu, həm də özbaşınalıq elementidir. Sabitliyin, vətəndaşın təhlükəsizliyinin yetərli olmaması deməkdir.
Əslində xaraktercə elə adamam ki, onu küçədə yaxalayıb, “yanımda qadın yoxdur, vur görüm, necə vurursan” deməkdən özümü güclə saxlayıram. İki dəfə taksi dayanacağına getmişəm də, amma birində orada olmayıb, ikincisində də sürüb aradan çıxıb.
Təbii ki, bunda israrlı olsam, onu taparam. Ancaq arada düşünürəm ki, buna dəyməz. Mənə yaraşmaz. Ağır nəticələri ola bilər. Ailəm, uşaqlarım əziyyət çəkər. Ən azı polisə düşər, həbs olunaram.
Yeri gəlmişkən, elə bu gün polisə müraciət edə bilərəm. Ancaq buna tələsmirəm. Çünki polisin ədalətli, düzgün davranacağından əmin deyiləm. Əvvəllər başıma gəlib. Gərək tanış-zad tapam, kiməsə tapşırtdıram ki, çağırıb qulaqburması versinlər. Azərbaycanda belədir. Mənimsə bu cür şeylərlə aram yoxdur. Düşünürəm ki, bu yaxınlarda cəzasına mənsiz də çatacaq. Yəqin arvadı da bundan elə-belə boşanmayıb…”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.