senedlesme12

Turizm sahəsi ilin bütün fəsillərində aktual olsa da, yayda bu sektorda daha çox canlanma müşahidə olunur. Əsasən daxili turizmə üstünlük verən vətəndaşlar ölkəmizin dağ rayonlarına üz tutur. İstirahət mərkəzlərinin, otellərin xidmətindən istifadə edən turistlər, bəzən gəzintiyə fərdi qaydada getsə də, əksər hallarda tur paketdən istifadə edirlər. Amma bütün hallarda Azərbaycanda daxili turizmdə səyahət sığortası tələb olunmur. Ümumiyyətlə, Azərbaycanın daxili turizm sektorunda səyahət sığortasından az istifadə edilir. Bu isə bədbəxt hadisələr zamanı zərəçəkənlərin ziyanı öz hesablarına ödəməsiylə nəticələnir.

Ekspert İlkin İbrahimov KONKRET.az-a açıqlamasında bildirdi ki, daxili turizmdə səyahət sığortası məcburi deyil:

“Bu sığorta paketi baş verən qəzalardan sonra gündəmə gəlməyə başladı. İndi əksər tur operatorlar könüllü səyahət sığortası tətbiq etməyə başlayıb. Bunlar birgünlük nəzərdə tutulurb. Məbləğ də elə çox deyil. Daxili turizm sektorunda birgünlük səyahət sığortası 2-5 manat arasında dəyişir”.
Ekspert daha sonra xarici səfərlər zamanı istifadə edilən səyahət sığortasının şərtləri barədə danışıb. Bildirib ki, xarici ölkələrə turist kimi getmək istəyənlər üçün səyahət sığortası məcburidir:

“Gedəcəyiniz ölkənin səfirliyi sizin sığortanızın olub-olmamasını yoxlayır. Belə ölkələr əsasən Şengen ölkələridir. ABŞ da bu praktikadan istifadə edir. Səyahət sığortasının qiyməti orada verilən paketlərdən asılıdır. Daha çox xidmət daha yuxarı qiymətə təklif olunur. Bununla bağlı müqavilədə bildirilir. Müqavilədə nələrə təminat verildiyinə də diqqət edilməlidir. Eyni zamanda sığorta kompensasiyasının məbləğinə də fikir verilməlidir. Sığorta məbləği müqavilələrində daha çox təminat alınır. Burada iki məsələ var. Birinci səyahətə getmək naminə formal əldə olunan sığorta və öz sağlamlığının qayğısına qalmaq üçün alınan sığorta. Hər iki sığorta şəhadətnaməsini əldə etmək mümkündür. Həmin sığorta şəhadətnaməsinin arxasında hər ölkə üzrə telefon nömrələri yazılır. Bədbəxt hadisələrdə vətəndaş həmin nömrəyə zəng edir, məlumat verir və lazımi yardım alır”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.