yolsenedi

“Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) istehlakçılar tərəfindən ölkəmizin iqtisadi-sosial həyatı ilə bağlı müntəzəm olaraq müxtəlif xarakterli məlumatlar daxil olur.  

Diqqətçəkən və AİİB-in sədri olaraq məni narahat edən problemlərdən biri də Azərbaycanın ölkədə qala biləcək pullarının xaricə, ermənilərə ötürülməsidir.

AİİB-ə istehlakçılar tərəfindən verilən məlumatları araşdırmaqla müəyyən etdik ki, doğrudan da, tək bir biznes sferasından ermənilərə leqal olaraq külli miqdarda vəsait ötürülür və əksər hallarda bu ötürməni edən şəxslər vəsaitin ermənilərə getməsindən xəbərsizdirlər!

Belə ki, Azərbaycanda xarici şirkətlərin sayı get-gedə, xüsusən virtual platformalar üzərindən artmaqdadır. Bu, ölkəmizin inkişafı cəhətdən sevindirici hal olsa da, araşdırmalar bəzi suallar doğurur. Məsələn, bu şirkətlər hansı ölkələrə məxsusdur?! Sahibləri kimlərdir? Aralarından neçəsi Ermənistan əsilli ermənidir və.s?

Suallara qismən cavab tapmaq ücün milli biznesimizin bir seqmentini araşdırdıq.

Hazırda Azərbaycanda mindən artıq biznes qurumunun əməkdaşlıq etdiyi “iiko”(ayko) şirkətinin əsil sahibinin erməni olduğunu kiçik bir araşdırma ilə aşkarladıq!

“iiko”, kafe və restoranlara idarəetmə sistemi təklif edərək yerli sahibkarlarla əməkdaşlıq qurur. Hazırda isə  şirkətin Azərbaycanda 2 rəsmi nümayəndəsi mövcuddur: “Optima” (//group.optima.az) və “Smart Horeca” (smarthoreca.az).

Şirkətin əsası isə 2005-ci ildə erməni əsilli David Yan və Maksim Nalskay tərəfindən qoyulub. Adlar arasından David Yan diqqətimizi çəkməyə bilməzdi. Gəlin onunla yaxından “tanış” olaq. David Yan 1968-ci ildə Yerəvanda dünyaya göz açıb. Doğulduğu şəhərdə məktəbi bitirdikdən sonra “Yerəvan Dövlət Universiteti”nə daxil olub və uzun illər Yerevanda yaşamağa davam edib (mənbə). Həyatı boyunca doğulduğu ölkəyə qarşı olan sevgisini də müxtəlif fəaliyyətlərlə dilə gətirməkdən çəkinməyib. Misal olaraq Ermənistan üçün davamlı etdiyi 15-30 milyonluq investisiyaları (mənbə: //mediamax.am/ru/news/education/28660), “Pan Armenian”a verdiyi müsahibəni, “La sombra de Ararat” adlı sənədli filmdə iştirakını, “AYB Educational Foundation”a qatdığı töhfələri  çəkə bilərik.

Əslində, “iiko” şirkəti uzun illərdir Rusiya şirkəti kimi tanınırdı və qaynaqları Azərbaycan sahibkarların diqqətini çəkmirdi. Məlum Rusiya-Ukrayna müharibəsindən sonra “iiko” müəyyən səbəblərə görə erməni qaynaqlı olduğunu tez-tez vurğulayır. Üstəlik, rus şirkəti kimi tanındığı üçün hətta rebrendinq edərək yan şirkət açıb “Syrve”(Sörv) adı altında fəaliyyət göstərməyə başlayıb. Şirkətin baş ofisi isə məhz Erməsintanda yerləşir (mənbə: //www.syrve.com/en-gb/contact-syrve). Başqa sözlə, hazırda eyni şirkət həm “iiko”, həm də “Syrve” adı altında fəaliyyət göstərir.

Əvvəldə də dediyimiz kimi, artıq Azərbaycandakı 1000-dən çox kafe və restoranda (məsələn, “Mangal Stake House”, “Manzara”, “Shaurma N1”, “Fryday”, “Pizza Mizza”, “145 Group”, “Borani”, “Vətən”,  “Zafar Cafe”, “Resant Group” restoranları, “Teleqüllə”, “Ocakbaşı” və.s. mənbə: //smarthoreca.az/) böyük miqdarda vəsait ödəməklə (bu pullar şübhəsiz ki, Azərbaycan istehlakçılarının cibindən cıxarılır!) “iiko” (və ya “Syrve”) sistemdən aktiv şəkildə istifadə edilir. Azərbaycanın vəsaiti erməniyə ötürülür!

İlk olaraq AİİB-i araşdırmaya məcbur edən səbəb, yerli sahibkarların xəbərsiz şəkildə erməni sahibkarın xəzinəsinə aylıq olaraq təxmini yarım milyon dollar fayda verməsidir. Xüsusən də, bu sahibkarın erməni fəaliyyətlərini  radikal olaraq dəstəklədiyini nəzərə alsaq, baltanın sapını bilmədən özümüz hazırlayırıq deyə bilərik.

Digər bir məsələ isə informasiya təhlükəsizliyi ilə əlaqəlidir. Belə ki, bu sistemin hazırda Dövlət Vergi Kassaları, İP telefoniya və POS cihazlarla birbaşa inteqrasiyası var. Bu inteqrasiya mənbəyi də dövlət təhlükəsizliyi baxımından strateji sayıldığı üçün yalnız yerli şirkətlərlə müqavilə əsasında əldə edilə bilir.

Bundan əlavə, hazırda şirkətin yaratdığı mobil tətbiqlərdən ölkəmizdə minlərlə restoran sahibi və müştəri istifadə edir. Bu tətbiqlər vasitəsilə istifadəçilər arasında olan dövlət əhəmiyyətli insanların dinlənilməsi və izlənilməsini təmin etmək isə praktiki cəhətdən heç də çətin deyil.

Eyni zamanda, sahibkarı Ermənistanı dəstəkləyən, baş ofisi, proqramlaşdırma və texniki dəstək komandası Yerəvanda yerləşən bu şirkətin məxfi məlumatlarımızı üçüncü tərəflərlə paylaşmadığına əmin ola bilmərik! Hər halda, ehtiyatı əldən buraxmamaq lazımdır. Xüsusən də ölkəmizin müharibədən yeni çıxdığı bu ərəfələrdə!

Artıq demək olar ki, bütün sahələr üçün müxtəlif həllər təklif edən yerli şirkətlər fəaliyyət göstərir. “iiko” sisteminə oxşar sistemə sahib yerli şirkətlərə isə “Clopos” və “Logix”i misal çəkə bilərik.Bu araşdırmanı aparan zaman bizi təəccübləndirən səbəblərdən biri də o oldu ki, axı analoji işi yerinə yetirən,adlarını qeyd etdiyimiz milli şirkətlərin bizə məlum olan bu informasiyadan xəbərsiz olmaları mümkün deyil. Nə üçün bu şirkətlər ən azı öz bazarlarını “təmizləmək” ücün bu məlumatları ictimaiyyətə və müvafiq dövlət orqanlarına çatdırmırlar?!

Eyyub HÜSEYNOV,
“Azad İstehlakçılar” İctimai Birliyinin sədri.

 

araz.az xəbər portalı.