araik1
Mərkəz rəhbəri: “Müqavimət göstərsələr, antiterror əməliyyatı qaçılmaz olacaq”

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağın dağlıq hissəsindəki qondarma separatçı rejimin başçısı Araik Arutunyan yerli televiziyaya müsahibəsində vəziyyətlərinin ağır olduğunu etiraf edib. Terrorçuların başçısı bildirib ki, nə Ermənistan, nə Rusiya, nə də Qərb onlara “öz müqəddəratını müəyyənləşdirməyə” yardım edir. Qarabağdakı ermənilərə səslənən baş separatçı vurğulayıb ki, Azərbaycana müqaviməti davam etdirməkdə qərarlıdırlar.

Ekspertlər bildirir ki, Arutunyanın mesaj xarakterli müsahibəsinin məğzi budur ki, xunta rejimi niyyətindən əl çəkmək niyyətində deyil. Bu isə Azərbaycanın antiterror əməliyyatına başlamasını şərtləndirir.

Prosesi AYNA-ya müsahibəsində şərh edən “Atlas” Araçdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, İkinci Qarabağ müharibəsindən əvvəl danışıqlar aparılırdı, ermənilərə ən yüksək muxtariyyət təklif olunurdu:

– Amma bunlar alınmadı, nəticədə  Azərbaycan 44 günlük müharibə ilə torpaqlarını işğaldan azad etdi. Ona görə də vəziyyət indi dəyişib, Azərbaycan heç bir status verməyəcəyini bəyan edib. Bu, separatçıları narahat edən məsələdir. İkinci Qarabağ müharibəsində biz işğalı böyük ölçüdə aradan qaldırdıq, indi həll olunmamış kiçik məsələ qalıb. Birincisi, Qarabağda separatizm hələ də mövcuddur, ikincisi, bölgədə Rusiya hərbi kontingenti mövcuddur. Yaxın iki il ərzində Azərbaycan bu məsələni də həll etməlidir. Bu istiqamətdə  addımlar atılır. Hesab edirəm ki, Azərbaycan doğru yoldadır. Arutunyanın son müsahibəsi göstərir ki, separatçılara təzyiqlər davam etməlidir.

– Bakının təzyiqləri nəticə verəcəkmi?

– Biz bilirik ki, separatçılar gücdən, təzyiqdən anlayırlar. Təzyiqlər davam etdikcə, Bakının şərtlərini qəbul edəcəklər. Arutunyan yenə də təxribatçı bəyanatlar səsləndirdi, müqavimət göstərəcəklərini bildirdi. Bu, təəccüblü olmamalıdır. Başqa nə deməlidir ki?!  Bu adam terrorçudur, Azərbaycan şəhərlərində dinc insanların raket atəşinə tutulmasına göstəriş vermiş adamdır. İndi birdən çıxıb deməyəcək ki, Azərbaycanın şərtləri ilə razılaşırıq, təslim oluruq və s. Bunlar o zaman baş verəcək ki, təzyiq artacaq, davamlı olacaq. Azərbaycan yetərincə təzyiq göstərir və nəticə budur ki, separatçılar ətrafında çənbər daralıb. Laçın sərhəd-keçid postunun qurulmasından sonra separatçıların vəziyyəti daha da ağırlaşıb. Daha Ermənistana sərbəst gedib-gələ, silah-sursat daşıya bilmirlər. Müharibə cinayətkarları dərhal yaxalanırlar.

Ümumilikdə, Arutunyanın müsahibəsindən çarəsizlik, ümidsizlik görünür, Rusiya və Qərbdən küskünlük müşahidə edilir. Məsələn, “Rusiyanın başı Ukraynaya qarışıb” deməklə mesaj verir ki, Rusiya Azərbaycana təzyiq etmir, yaxud edə bilmir, yaxud da etmək istəmir. Qərbdən də bunları dəstəkləmədiklərinə görə şikayətçidir. Narazılıqla bildirir ki, Azərbaycan rəsmiləri ilə onların, yəni separatçıların nümayəndələrinin  üçüncü ölkədə görüşünü Qərb təşkil edəcəkdi, amma Bakı bundan imtina etdi. Bakının imtinasına isə Qərb susqun yanaşdı. Yəni bir növ bütün tərəflərdən separatçıların əllərinin üzüldüyünü Arutunyan bəyan etmiş oldu.

Eyni zamanda, separatçılar anlayırlar ki, qarşıdan qış gəlir. Soyuq aylarda Qarabağdakı ermənilər kommunal problemləri yaşayacaqlar. Separatçı rejim bunun fərqindədir, çıxılmaz durumda olduqlarını dərk edirlər. Onların iki seçimi var: ya Azərbaycanın mərkəzi hakimiyyətini qəbul edəcəklər, rahat şəkildə yaşayacaqlar, ya da ərazini tərk etməli olacaqlar. Müqavimət göstərsələr isə antiterror əməliyyatı qaçılmaz olacaq.

– Görüş demişkən, məlumdur ki, Azərbaycan separatçılarla masaya oturmayacaq. Reinteqrasiya məsələləri üzrə danışıqlar kimlərlə aparılmalıdır?

– Aydındır ki, reinteqrasiya üçün addımlar atılmalıdır, dialoq olmalıdır.Təbii ki, separatçılarla dialoq mümkün deyil. Cinayətkarla necə təmas qurmaq olar? Amma burada bir reallıq da var, hazırda separatçılar Xankəndiyə nəzarəti davam etdirirlər. Azərbaycan rəsmiləri ilə dialoqa göndərilən adamlar istər-istəməz separatçıların əmrlərinə tabe olmalı olacaqlar. Biz düşünə bilmərik ki, orada hansısa sadə ermənilərdən nümayəndə heyəti formalaşacaq və Azərbaycan rəsmiləri ilə görüşə gələcəklər. Nümayəndə heyəti müharibə cinayəti törətməmiş ermənilərdən formalaşdırılsa belə, onlar qondarma qurumun dediklərini ilə oturub-duracaqlar. Əks halda, separatçılar onların başına oyun açacaqlar. Düzdür, biz hər zaman reinteqrasiya üzrə dialoqa tərəfdar olmalıyıq, lakin bilməliyik ki, indiki şərtlər altında reinteqrasiya mümkün görünmür. Yenə deyirəm, bunun bir yolu var, təzyiqi gücləndirmək. Ola bilsin ki, Xankəndidə bir qrup erməni Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır, amma bunu indi açıq deyə bilməz. Çünki başının üzərində əli silahlı separatçılar var. Nə zaman ki, Qarabağ əli silahlı quldurlardan təmizlənəcək, ondan sonra reinteqrasiya məsələsi sürətlənəcək.

– Arutunyanın “çıxılmaz durumdayıq” mesajı kimlərə idi?

– Bu, ilk növbədə Qarabağ ermənilərinə mesaj idi. Araik demək istədi ki, heç kəs kömək etmir, çarəsiz durumdadır, Azərbaycan kimi güclü dövlətə müqavimət göstərmək iqtidarında deyillər. Araik həm də özünü sığortalamaq istədi ki, müqavimət nəticə verməyəndə, “mən vəziyyətin belə olacağı xəbərdarlığını əvvəldən etmişdim” söyləyə bilsin.

İkincisi, Ermənistana, Rusiyaya və Qərbə mesaj verdi ki, taqətləri qalmayıb, müqavimət nəticəsiz bitəcək.

Bütün hallarda, demək olar ki, Arutunyan müsahibəsində verdiyi mesajlarla separatçı qondarma rejimin müqaviməti davam etdirməyi, müharibəni seçdi. Azərbaycan hədəflərinə çatmaq üçün addımlarını atacaq. Bütün geosiyasi vəziyyət, qlobal vəziyyət Azərbaycanın xeyrinədir. Düzdür, bəzən ABŞ-da ermənipərəst siyasətçilərdən biri hansısa bəyanat verir, hansısa təşkilat çağırış edir. Amma bunlar effektsizdir, təsir gücü yoxdur. Dünyada hər kəsin indi başı özünə qarışıb.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.