541d0990-63c0-424e-8da7-1d80be09831e.jpg

Azərbaycanda keçirilən Beynəlxalq Tennis Turnirində iştirak etmək üçün ölkəmizə gəlmiş Türkiyə əsilli almaniya vətəndaşı burada üzləşdiklərindən şikayətçidir. Bu barədə Yeniavaz.com saytına müsahibəsində Sinan Yigin özü məlumat verib.

“Bizdən müxtəlif adlar altında əlavə pullar alınır”
51 yaşlı S. Yigin həm də tennis üzrə məşqçidir: “Oğlum Azərbaycanda keçirilən Beynəlxalq Tennis Turnirində iştirak edir, onu gətirmişəm. 49 ildir Almaniyada yaşayıram. Bu tennis turniri müxtəlif vaxtlarda digər Avropa ölkələrində də keçirilib. İndiki turnirin təşkilatçısı Azərbaycandır. Azərbaycana gəldik ki, həm oğlum yarışa qatılsın, həm də buranı görək. Ancaq burada üzləşdiyimiz bir çox problemlər bizi narahat edir. Belə ki, bizdən müxtəlif adlar altında əlavə pullar alınır. Məsələn, Heydər Əliyev adına Beynəlxaq Hava Limanında bizi Tennis Federasiyasının nümayəndəsi qarşıladı və onların təşkil etdiyi avtomobillə “Anatolia” otelinə gəldik. Gediş haqqı olaraq bizdən 50 manat aldılar. Eyni avtomobillə bizimlə otelə gətirilən fransız idmançıdan da əlavə olaraq 50 manat alıblar”.

“Tennis Federasiyasının nümayəndəsi deyir “pulu otelə yox, bizə verin”
Sinan Yiginin sözlərinə görə, Bakıya gəlməmişdən öncə internetdə “Anatolia” otelində 2 nəfərin qala biləcəyi otağın qiyməti ilə maraqlanıb və 78 manat olduğunu müəyyənləşdirib: “Ancaq burada bizə dedilər ki, həmin otağın qiyməti 70 avrodur. Tennis Federasiyasının nümayəndəsi isə bildirdi ki, biz otel pulunun ancaq 20 avrosunu ödəyəcəyik, qalanını siz özünüz verin. Etiraz etmədik və qaldığımız hər gün üçün 50 avro ödəyirik. Tennis Federasiyasının nümayəndəsi isə deyir “pulu otelə yox, bizə verin”. Dünən bilmişik ki, qaldığımız oteldə həmin otağın 1 günlük ödəniş haqqı 40 avrodur, bizə isə 70 avro deyiblər. Bunları gördükcə çox təəccüblənirik. Bu məsələnin ictimailəşməsini istəyirik, qoy rəsmi şəxslər xəbərdar olsunlar. Bizdən başqa bu yarışa Fransadan, Portuqaliyadan da idmançılar gəliblər və çox narazıdırlar”.

“Oğlumun yarış üçün məşq etdiyi yerə görə bizdən pul alırlar”
Sinan Yigin üzləşdikləri başqa problemdən də danışıb: “Yarışdan öncə məşq edib qızınmaq lazımdır. Turnirdə iştirak edən oğlumun Tennis Akademiyasında məşq etdiyi yerə görə bizdən pul alırlar. Tennis topu istədik, bir neçə köhnə top verdilər. Yarışa qatılmaq üçün ölkənizə gələn fransalı idmançı məşq etmək üçün 4-5 top götürüb, ondan depozit pul istəyiblər. Köhnə toplara görə 20 AZN depozit qoyub. 30-40 dəqiqə oynadıqdan sonra topları qaytarıb depozit qoyduğu pulu götürmək istədikdə, deyiblər ki, bu toplar köhnədir, pulunuzu qaytarmayacağıq. Bütün bunlar mənə çox pis təsir edir, fransız, portuqaliyalı idmançı da çox narazıdır. Elə hey məndən soruşur ki, bunlar niyə belə edirlər? Qonaqlara dəyər vermələri lazımdır, yarışa gəlmişik, üstəlik, Bakını da görmək istəyirik, amma üzləşdiklərimiz bizi çox məyus edir”.

“Heç bir ölkədə belə bir şey görməmişik”
Sinan Yigin deyib ki, indiyədək Avropa ölkələrində keçirilmiş yarışlara oğlu ilə birgə gedib və heç yerdə belə bir şey görməyib: “Təşkilatçı ölkələr xərcləri qarşılayırlar. Amma burada oğluma yemək ala bilməsi üçün səlahiyyətli şəxs qəbz vermir, hər dəfə bir bəhanə ilə yoxa çıxır. Təsəvvür edin, oğlum yemək üçün növbə gözləyir, qəbzi verməli olan şəxs isə tapılmır. Bütün bunlar dünyanın müxtəlif ölkələrində yarışlar görmüş bir şəxs kimi mənə çox pis təsir edir. Mən türkəm və bir türk dövlətində belə şeylərin olması ürək ağrıdır. Biz heç, bəs Fransadan, Portuqaliyadan gələn idmançılar nə düşünər? Çox istəyərdim ki, onlar Azərbaycandan gedəndən sonra bura haqqında xoş sözlər işlətsinlər”.
Sinan Yiginlə ətraflı söhbət videoda.

[bt_youtube url=”https://youtu.be/kFVZD_2uz7I” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.