anar554.jpg

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarın 85 illik yubileyi keçiriləcək. Maraqlıdır ki, “Anar.85” adlı yaradıcılıq gecəsinə giriş pullu olacaq, yəni ödəniş etmədən heç kəs tədbirdə iştirak edə bilməyəcək.

Mətbuatın yaydığı məlumata görə, yubiley gecəsi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdindəki Opera Studiyasında baş tutacaq. Yubiley tədbirində Anarın dostları və həmkarlarının iştirak edəcəyi qeyd edilir.

Qeyd edilənə görə, tədbir oktyabrın 22-də keçiriləcək, biletlərin qiyməti isə 10-40 manat arasındadır.

  • Xəyal Rza “Bir neçə dəfə Çingiz Abdullayevlə ödənişli görüş keçirilib” – deyib…

Xalq yazıçısı Anarın yaradıcılıq gecəsinin ödənişli olması ilə bağlı AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib ki, belə məsələlərə normal yanaşmaq lazımdır: “Əvvəla bu, Yazıçılar Birliyinin layihəsi deyil, Opera Studiyasının layihəsidir. İkincisi, orada bir neçə dəfə Çingiz Abdullayevlə ödənişli görüş keçirilib, tələbat çox olduğu üçün ikinci və üçüncüsü də təşkil olunub…”

X.Rzanın sözlərinə görə, yazıçının ödənişli görüş keçirməsi normaldır. “Təəccüblü nə var ki? Müxtəlif konsertlərə baha qiymətə bilet ala bilirlər, amma yazıçı ilə görüşə bilet ala bilmirlər? Müəllif hüququ deyilən bir şey var dünyada. Necə ki şairlərə, alimlərə televiziya kanallarındakı çıxışlarına görə qonarar verilir, bu da ona bənzər bir şeydir.

Düşünürəm ki, bu layihə daha da inkişaf etməli, təkmilləşməlidir. Yaxşı örnəkdir, inşallah, digər qələm adamlarının da ödənişli görüşləri keçirilər…” – deyə X.Rza bildirib.

  • Tural Turan: “Konkret mesajları odur ki, pulumuz qurtarıb bizə pul ayırın”

Məsələyə münasibət bildirən gənc şair Tural Turan “Bakı-Xəbər”ə şərhində “İndiyə qədər Anarın özünə yubiley gecəsi keçirdiyi yadıma gəlmir. Mənə elə gəlir ki, bunun arxasında bir ismarıc dayanır. Prezidentə, yaxud digər yuxarı instansiyalara, Mədəniyyət Nazirliyinə mesaj verirlər ki, bizə pul ayırın, pulumuz olmadığı üçün yaradıcılıq gecələrimizi pulla keçirmək məcburiyyətindəyik. Təxminən bir neçə il bundan əvvəl ölkə başçısı, səhv etmirəmsə, AYB-yə 3 milyona yaxın pul ayırmışdı. O pulu yeyib bitirdilər, hesabatlarını vermədilər. Yəqin yenə də pulları qurtarıb, ona görə də növbəti bu cür ismarıc göndərmək istəyirlər. Titullu yazıçı və şairlərin, xalq yazıçılarının, xalq şairlərinin yubiley mərasimləri dövlət tərəfindən keçirilir. Adətən bu, Mədəniyyət Nazirliyinin xətti ilə olur. Ola bilsin, sırf pullu edirlər ki, aşağı təbəqəli, kasıb oxucu gəlməsin. Yəni sırf aristokratiya üçün ayrıca yubiley gecəsi keçirirlər”-deyə bildirdi.

T.Turan qeyd etdi ki, Anarın pullu yubiley gecəsində Elçin, Kamal Abdulla, Çingiz Abdullayev, Rəşad Məcid və başqaları olacaq. “Görünür, Anarın yubiley gecəsində az gəlirli oxucunu görmək istəməmək səbəbindən onu pullu ediblər. Anarın bu yolu gedə biləcəyini də istisna etmirəm. Konkret mesajları odur ki, pulumuz qurtarıb bizə pul ayırın, görürsüz, elə vəziyyət yaranıb ki, yaradıcılıq gecələrini ödənişli keçiririk”.

T.Turan əlavə etdi ki, bütün pullar dövlət büdcəsindən əlavə vəsait cəlb etmək üçündür.

Leyla QARAXANLI.

araz.az xəbər portalı.