30 ilə yaxın erməni işğalında qalan torpaqlarımız 44 günlük Vətən müharibəsində düşmən əsarətindən azad edildi. Bu gün əzəli və əbədi yurd yerlərimizə Böyük Qayıdış davam edir. Müstəqil Azərbaycan dövləti bununla yanaşı, Qərbi azərbaycanlıların da öz tarixi torpaqlarına qayıdışını təmin etmək üçün bütün gücünü ortaya qoyub. Bu gün Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindən biri də Qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdışıdır.
Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışının təmin olunması ədalətin və onların təməl hüquqlarının bərpası demək olacaq. Artıq qeyd edilən istiqamətdə hərtərəfli işlərə başlanılıb. Azərbaycan Prezidenti İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu məsələ ilə bağlı yol xəritəsini müəyyən etdi. Dövlət başçısı bildirdi ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar: “Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Bu gün Zəngilan rayonunun Ağalı kəndinin nümunəsi bunu deməyə əsas verir”.
Qeyd etmək lazımdır ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası son 2 əsr ərzində Ermənistandan müxtəlif təzyiqlərə məruz qalaraq deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz şəkildə qayıtmasını təmin edən çərçivə sənədidir. Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra Qərbi azərbaycanlıların da öz doğma torpaqlarına qayıdışı təmin oluna bilər.
Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz ƏlƏkbƏrli bildirib ki, İcma qarşısına konkret vəzifə qoymuş, çətin tarixi vəzifəni üzərinə götürmüş və bütün bunların məsuliyyətini dərk edən bir təşkilatdır: “Bu təşkilat indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün həyata keçirəcəyi fəaliyyətin bütün istiqamətlərini – məqsəd, prinsip və icra tədbirlərini ehtiva edən bir sənədə – Konsepsiyaya malikdir və ona uyğun fəaliyyət göstərir. Bu Konsepsiya beynəlxalq hüquqa, dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi bizim ali məqsədimizdir və istənilən situasiyada biz bu məqsədimizi həyata keçirəcəyik. Buna heç kəsin şübhəsi olmasın.
O ki qaldı Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağı təqdirdə Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışının təmin olunub-olunmayacağı məsələsinə, əvvəla, onu deyim ki, bu sülh sazişi hazırda Azərbaycandan çox Ermənistana lazımdır. Azərbaycan hazırda elə bir gücə malikdir və 44 günlük Vətən müharibəsi nəticəsində bölgədə elə bir reallıq yaradıb ki, onunla hesablaşmamaq sadəcə siyasi korluqdur. Azərbaycanla ən azı normal qonşuluq münasibəti qurmadan bölgədə Ermənistan adlı bir dövlətin mövcud olacağını düşünmək sadəlövhlükdür.
İkincisi, biz bilirik ki, danışıq apardığımız qarşı tərəf elə bir xislətə malikdir ki, heç bir vəchlə ona tam inanmaq olmaz, ermənilər verdikləri sözə, atdıqları imzaya həmişə vaxt qazanmaq, havadar tapmaq, imzalarının mürəkkəbi qurumamış ondan vaz keçmək fürsəti kimi yanaşıblar. Ona görə də bu saziş elə bağlanmalıdır ki, erməni revanşizminə yer qalmasın, Ermənistan revanşizmə meyil edəcəyi təqdirdə, Azərbaycan Ermənistanı ən sərt şəkildə cəzalandırmaq hüququna malik olmalıdır. Əks təqdirdə, bu sazişin mənası olmaz.
Üçüncüsü, Qərbi Azərbaycandan soydaşlarımızın sonuncu deportasiyası təsadüfi bir hadisə deyildi, bu deportasiya Qarabağ münaqişəsinin ilk mərhələsində – 1987-1991-ci illərdə və məhz Qarabağ münaqişəsinin tərkib hissəsi kimi Ermənistan tərəfindən dövlət səviyyəsində həyata keçirilmiş insanlıq əleyhinə bir cinayət aksiyası idi. Qərbi Azərbaycan qaçqınları məhz Ermənistan-Azərbaycan (Qarabağ) münaqişəsi nəticəsində doğma yurdlarından qovulub çıxarılmış dinc əhalidir. Necə ola bilər ki, müharibənin bitməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı tərəflər arasında saziş imzalanır, məcburi köçkün və qaçqın erməni və azərbaycanlı əhali öz doğma yurdlarına qayıdır, amma bu münaqişənin tərkib hissəsi kimi ev-eşiyindən qovulan Qərbi Azərbaycan qaçqınlarının öz doğma evlərinə qayıtmaq hüququ tanınmır və təmin olunmur?! Bu, mümkün deyil! Bu insanların günahı nədir?! Necə ola bilər ki, Azərbaycan öz ərazisində azərbaycanlılarla ermənilərin birgəyaşayışına razılıq verir, amma Ermənistan öz ərazisində bu birgəyaşayışı qulaqardına vurur?!
Sonuncu Brüssel danışıqlarında möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin Qərbi Azərbaycan qaçqınlarının qayıdış məsələsini danışıq masasına gətirməsi bir daha sübut etdi ki, Ermənistan tərəfi bu dəfə öz çirkin niyyətlərini həyata keçirə bilməyəcək və tarixi ədalətin bərpası məsələsində Azərbaycan tərəfinin haqlı tələbləri ilə hesablaşmaq məcburiyyətindədir”.
Nuranə DAXİLQIZI.
araz.az xəbər portalı.