Emeliyyat11.jpg

İcbari tibbi sığortanın Xidmətlər Zərfinə yeni tibbi xidmətlər əlavə edilib.

arazaz xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən xidmətlər xərfində dəyişikliklər edilərək tibbi xidmətlərin sayı və çeşidi artırılıb, eləcə də bəzi xidmətlərin qiyməti yenilənib.

Belə ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilən “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə 794 sayda yeni tibbi xidmət əlavə edilib. Nəticədə Xidmətlər Zərfindəki tibbi xidmətlərin sayı 3 344-ə çatdırılıb. Bu xidmətlərin 33-ü invaziv radioloji, 43-ü ambulator, 200-ü laborator, 522-si isə stasionar tibbi xidmətlərdir. Yeni xidmətlər sırasına vətər, əzələ, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da əlavə olunub.

Qərara əsasən, anadangəlmə ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığı olan sığortaolunanın yaş həddi 5 (beş) yaş, sonradan yaranmış ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığı olan sığortaolunanların yaş həddi 65 (altımış beş) yaş kimi müəyyən ediləcək. İndiyədək isə sonradan yaranmış ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığı olan sığortaolunanların yaş həddi 40 yaş olub.

Həmçinin yeni qərarla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına təminat verilən koxlear implantasiya və oynaqdaxili endoprotezlərin yerləşdirilməsi əməliyyatlarının illik say məhdudiyyəti aradan qaldırılıb.

İndiyədək həmin əməliyyatların sayı 300 müəyyən edilmişdi.

Yeni qanunla qaraciyər, böyrək, sümük iliyi və hematopoetik kök hüceyrələrin transplantasiyasına tibbi göstərişi olan, müalicə protokolları və kliniki tövsiyələr əsasında diaqnozu təsdiqlənmiş sığortaolunanlara (resipiyentlərə) şamil edilir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına sığorta təminatı verilən qaraciyər transplantasiyasının say həddi 100, böyrək transplantasiyasının say həddi 150, sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasının say həddi 20 müəyyən edilir.

Transplantasiya xidmətlərinin göstərilməsi “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir.

Təminata alınmış əməliyyatlar sırasına ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskular əməliyyatlar, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərin çıxarılması, sümük, əzələ uzadılması, serebral iflic zamanı aşağı ətraflarda aparılan bükücü vətərin uzadılması, vətərin fiksasiyası, skolioz əməliyyatı kimi dəyəri yüksək olan tibbi xidmətlər əlavə olunub.

Qərarın tam mətni ilə buradan tanış ola bilərsiniz:

https://nk.gov.az/az/senedler/qerarlar/azerbaycan-respublikasi-nazirler-kabinetinin-2020-7298

araz.az xəbər portalı.