Naxçıvandan xeyli sayda telefon zəngləri gəlir və əksər insanları Vasif Talıbovun yenidən hakimiyyətə qayıtması barədə yayılan şayiələr narahat edir. Görünən budur ki, “xan” trolları həqiqətən ictimaiyyətlə yaxşı işləyiblər və onların da təbliğatı nəticəsində Vasif Talıbovla oğlu Seymurun Ali Məclisin komitələrinə üzv təyin edilmələri və maraqlıdır ki, mənim məhkəmədə “xan trolbaşısı”na uduzdurulmağım Naxçıvan əhalisində bəzi suallara yol açıb. Çox adam bu iki hadisə arasında hansısa bağlar qurur və Talıbovun yenidən hakimiyyətə qayıtmaq ərəfəsində olduğu barədə yayılan dedi-qodulara inanırlar. Mənə zəng edənlərin əksəriyyəti dərin təəssüf və nigaranlıq içərisindədir.
Hesab edirəm ki, ictimai rəylə bu cür kobud şəkildə oynanılması dövlət təhlükəsizliyi məsələsidir və yaranan yanlış qənaətlərin qarşısı dərhal alınmalıdır. Əks halda, “ala qarğanın bala çıxarmadığı” Naxçıvanda proseslərin hansı istiqamətlərə yönələ biləcəyini proqnozlaşdırmaq olmaz.
Naxçıvan camaatını məlumatlandırmaq üçün qeyd etməyi vacib bilirəm ki, mənim qanunsuz cəzalandırılmağımla Talıbovların Ali Məclisin donqili komissiyalarına üzv seçilməsi, hələ-hələ “xan”ın yenidən hakimiyyətə gətirilməsi arasında uzaqdan-yaxından heç bir əlaqə yoxdur. Əvvəla, “xan” və oğlunun Ali Məclisin komitə üzvü seçilməsi onlara verilən həqiqi vəzifə deyil. Ali Məclisin deputatlarının hamısı hansısa komissiya və komitədə yer almalı idilər və Vasif Talıbovun da bəxtinə Sosial Siyasət Komitəsinin adi bir üzvü seçilmək düşüb. Heç bir real funksiyası olmayan bu təyinat siyasi meyit olan Vasifin yüksəlməsinə vəsilə ola bilməz. Çünki ölülərin bir daha dirilmək şansına yalnız nağıllarda rast gəlinir ki, real həyatda belə şey mümkün deyil.
İkincisi, Vasif Talıbovun məlum komitəyə üzv təyin olunması onu ucaltmağa yox, əksinə aşağılamağa xidmət edir. Bu ona bənzəyir ki, bir polis rəisini işdən çıxarıb elə həmin idarəyə xadiməçi vəzifəsinə götürürsən. Əlbəttə, ləyaqəti olan heç bir polis rəisi həmin vəzifədə bir gün belə işləməz, ərizəsini yazıb ömürlük istirahətə gedər.
İnsafən, Vasif Talıbov da nə qədər yarıtmaz kadr olsa belə, bu peşə-əxlaq kodeksini gözləyən adamdır. Hətta məndə olan məlumata görə, o, YAP-ın qurultaylarında ön sıralarda əyləşdirilən bəzi partiyadaşlarının ondan önə çəkilməsinə etiraz edib toplantılara qatılmırdı. Milli Məclisin toplantılarında belə, məhz bu səbəbdən iştirak etmirdi. İndi isə həmin Vasif Talıbov Naxçıvan MR Ali Məclisinin Sosial Siyasət Komitəsinin iclaslarında quzu balası kimi əyləşib, gözünü yeni rəhbərinin ağzına dikməli və ondan təlimat almalıdır. Hansı ki, həmin komitə sədri bir vaxtlar Vasif Talıbovu görəndə qabağına qaçıb önündə ikiqat əyilirdi. Zənnimcə, köhnə “xan”a bundan artıq işgəncə verilməsini düşünmək mümkün deyil.
Üstəlik, Naxçıvan MR Ali Məclisinin və ya indiki tərkibinin də ömrünə çox qalmayıb. Təxminlərimə görə, yaxın zamanlarda ya referendum keçiriləcək və Naxçıvanın muxtar statusu ya tamamilə ləğv olunacaq, ya da indiki heyəti buraxılıb yeni seçkilərə start veriləcək. Hər iki ehtimalda “xan” həzrətlərinin deputatlığı da, komitə üzvlüyü də tarixə qovuşacaq. Hətta o da mümkündür ki, toxunulmazlığı qaldırılan Vasif Talıbov bundan sonra müttəhimlər kürsüsündə əyləşib, 30 ilə yaxın Naxçıvanın başına gətirdiyi oyunların hesabatını versin. Onun separatizm ittihamı ilə yarğılması belə istisna deyil. Başqa sözlə, “xan” həzrətlərini bundan sonra heç vaxt ağlına gətirmədiyi sürprizlər gözləyir.
O ki qaldı mənim məhkəmədə “uduzdurulmağıma”, bu da ilk baxışdan göründüyü kimi deyil. Mənim o məhkəmədə nə qədər hüquqlarım tapdalansa belə, prosesdən məğlub ayrıldığımı söyləmək doğru deyil. Əksinə, “xan” trollarının arzuladığı 3 il məsuliyyətə cəlb edilməyim baş tutmadı və ən əsası, Azərbaycan məhkəmələrinin anti-milli ünsürlərin əlində olduğu bir daha sübuta yetirildi. Ümid edirəm ki, ya Apellyasiya Məhkəməsində, ya da Ali Məhkəmədə dövlət adından çıxarılan bu böyük yanlış qərardan geri dönüləcək və sonunda qazanan mən olacağam.
Yeri gəlmişkən qeyd edim ki, məhkəməmin formal ittihamçısı “Qızcığaz” olsa da, real ittihamçı başqaları idi. “Qızcığaz” bu oyunun piyadası belə deyildi. Hətta mənim cinayət məsuliyyətinə cəlb olunmağımın sifarişi “xan” həzrətlərindən də gəlməmişdi. Prezidentin tətbiqinə qadağa qoyduğu maddələrlə cinayət işinin açılmasına siyasi meyitə çevrilmiş Vasif Talıbov sifariş verə bilməzdi.
Hesab edirəm ki, bu sifarişin arxasında “xan”ın da dostu olan çox güclü qruplar dayanırdı və onların məqsədi məni yox, ölkəni cəzalandırmaq, düşmən dəyirmanına su tökmək idi. Bu adamların kim olduğuna dair məndə ilkin informasiyalar var və məlumatı tam dəqiqləşdirdikdən sonra ictimailəşdirəcəyəm. İnanıram ki, Apellyasiya Məhkəməsinə qədər bu şəxslərin kimliyi və törətməyə çalışdıqları təxribatın tam təfsilatı ortaya çıxacaq, hər kəs öz layiqli cəzasını alacaq.
Qısası, mənim məhkəmə işimin Vasif Talıbovun “yenidən xortlaması” planı ilə birbaşa əlaqəsi yoxdur və yaxın günlərdə hər kəs bunun şahidi olacaq. Hələlik isə, Naxçıvan sakinləri ürəklərini buz kimi saxlaya bilərlər; “xan həzrətləri” bir daha dirilməyəcək.
Heydər OĞUZ.
araz.az xəbər portalı.