Ermənistanın son günlər sərhəddə təxribatlar törətməsi adi hal alıb. “Humanitar fəlakət” adıyla başladıqları şounun ardınca atəşkəsi pozan düşmən ölkə həm də Laçın sərhəd-keçid məntəqəsi həndəvərinə silah-sursat daşıyır. Bu isə yeni təxribatlara hazırlıqdan xəbər verir.

araz.az bildirir ki, övzunu KONKRET.az-a şərh edən polkovnik Şair Ramaldanov ermənilərin hər bir təxribatına layiqli cavab veriləcəyini deyir:

“Ermənilər və onların havadarları dövlət sərhədində və Qarabağ iqtisadi rayonunda vəziyyəti gərginləşdirmək üçün yeni təxribatlar hazırlayır. “Humanitar yük” adı altında təxribata əl atıblar və sərhədə 22 TIR gətiriblər. Çox maraqlıdır, dəhlizin işlədiyi 3 il ərzində bu sayda yük maşını Qarabağa göndərilməyib. Amma indi birdən-birə 22 TIR-ın Laçın sərhəd-buraxılış məntəqəsinin qarşısına toplanması onların çirkin planından xəbər verir.

Maşınların sərhəddən buraxılmayacağını yaxşı bilsələr də, yenə bu addımı atıblar. Amma ermənilərin gərginlik yaratmaq oyunu Azərbaycanın diqqətindən yayınmayıb və karvanın Qarabağ ərazisinə buraxılmasına icazə verilməyib. Bir dövlətdən digər dövlətə yüklərin keçirilməsi üçün müəyyən beynəlxalq normalar mövcuddur. Qarabağ erməniləri təklif olunan Ağdam – Xankəndi marşrutundan imtina edirlər. Onlar bununla məsələni bir qədər də qəlizləşdirirlər. Ermənilər çalışırlar ki, Azərbaycana qarşı təzyiq mexanizmlərindən istifadə etsinlər.

Lakin Azərbaycan çox soyuqqanlılıqla bütün məsələləri izləyir və öz mövqeyini müdafiə edir. İndi Azərbaycan Bərdə – Ağdam – Xankəndi marşrutunu təklif edəndən sonra Qarabağdakı erməni silahlı birləşmələri atəşkəsi mütəmadi pozurlar. Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətində əlavə qüvvələr cəmləşir, texnika gətirilir və şəxsi heyətin sayı çoxaldılır. Sözsüz ki, onların məqsədi təxribat yaratmaqdır. Bilirlər ki, Azərbaycan tərəfi onların təxribatını cavabsız qoymayacaq və adekvat addımlar atacaq. Bu təxribatlarla Ermənistan sülh müqaviləsinin bağlanmasını təxirə salmaq niyyəti güdürlər.

İndiyə kimi Moskva, Brüssel və Vaşinqton platformalarında müəyyən irəliləyiş əldə edilmişdi. Amma Ermənistan bununla razılaşmır və təxribatından qalmır. Onun qeyri-konstruktiv mövqeyinə isə heç kim irad tutmur. Rusiya ümumiyyətlə sülh müqaviləsinin əleyhinədir və onu tələsik müqavilə hesab edir. Onların mövqeyi artıq bəllidir. Avropa hələ də ermənipərəst mövqedən çıxış edir. ABŞ isə orta xətt tutub. Onlarda da Ermənistana rəğbət hiss olunur. Deməli, bu platformalarda sülh müqaviləsinin bağlanması ilə bağlı görüşlər formal olaraq keçirilib. Sadəcə həmin dövlətlər öz varlıqlarını ortaya qoymaq istəyirlər və regionda maraqlarını təmin etmək niyyətindədirlər”.

Ş.Ramaldanov hesab edir ki, regionda vəziyyətin gərginləşməsi ehtimalı böyükdür:

“Ermənistanın irimiqyaslı təxribata əl atması gözləniləndir. Lakin Azərbaycan tərəfi özünü müdafiə etmək üçün bütün təxribatların qarşısını alacaq”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.