“Ermənistanın “humanitar fəlakət” şousu davam edir və bu şounun ssenari müəllifləri və iştirakçıları tamaşanın sona çatmadan bitməsini həzm edə bilmirlər. Elə bunun nəticəsidir ki, dostlarının köməyinə arxalanan Ermənistan BMT-nin Təhlükəsizlik Şurasına şikayət edib. Havadarlarının dəstəyinə arxalanan ermənilər bununla nəyəsə nail ola biləcəklərini düşünsələr də, Laçın yolunun Azərbaycanın suveren ərazisi olduğunu unudurlar. Təhlükəsizlik Şurası üzvlərinin də məsələyə bu kontekstdən yanaşması gözlənilir”.
araz.az bildirir ki, bunu KONKRET.az-a açıqlamasında politoloq Tural Əliyev deyib:
“Hesab etmirəm ki, BMT TŞ tərəfindən hər hansı qətnamə qəbul edilsin. Yalnız tövsiyə xarakterli müəyyən şifahi çağırışlar yer ala bilər. BMT Təhlükəsizlik Şurasında Azərbaycanla ikitərəfli münasibətlərə malik ölkələrin yer almasını nəzərə alsaq, həmin ölkələr Azərbaycana aid hər hansı kəskin qətnamənin qəbul edilməsinə qarşı çıxacaqlar. Xatırlayırsınızsa, hələ 2020-ci ilin sentyabr ayında, Vətən müharibəsi zamanı Fransanın təkidi və təklifi ilə BMT TŞ-nin növbədənkənar sessiyasının çağırılması gündəmdə idi. Böyük Britaniyanın vetosu ilə bu məsələ gündəmdən çıxarıldı. Üstəgəl, BMT TŞ-nin daimi olmayan üzvləri arasında Qoşulmama Hərəkatında təmsil olunan ölkələr var. Qoşulmama Hərəkatının tərkibində Azərbaycanla ikitərəfli və çoxtərəfli münasibətlərə malik ölkələr var ki, onlar da bunun qarşısını alacaqlar”.
Bəs Ermənistan nəyə görə bunda israr edir?
Politoloqun fikrincə, ermənilər məsələni daha çox gündəmdə saxlamaq niyyətindədir:
“Ermənistan bununla Azərbaycana qarşı təzyiq alətlərini işə salmaq və Azərbaycandan hansısa güzəştlər qoparmaq istəyir. Eyni zamanda, Laçın yolunu yenidən əvvəlki vəziyyətə gətirmək və maksimum o yoldan özlərinin maraqları çərçivəsində istifadə etmək niyyətindədirlər. Çünki qondarma rejim və Ermənistan yaxşı anlayır ki, Laçın yolu Azərbaycanın suveren hüquqları daxilindədir və yalnız bu yol Azərbaycanın tam nəzarətinə keçdikdən sonra onların qeyri-qanuni hərəkətlərinin qarşısı alınıb. Bununla da Qarabağdakı ermənilərin reinteqtrasiya prosesi sürətlənəcək. İndi onlar buna müqavimət göstərməyə çalışırlar. Azərbaycan regionda yeni reallıq yaratdığı üçün onun əksinə gedən istənilən təzyiqin qarşısı alınacaq. Çünki Azərbaycanın strateji tərəfdaşları ölkəmiz əleyhinə çirkin oyunun aparılmasına qarşıdır”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.