bina.jpg

“Azərbaycanda daşınmaz əmlakların alqı-satqıları müxtəlif formalarda aparılır”

araz.az xəbər verir ki, bu sözləri Valyuta.az-a əmlak məslələri üzrə ekspert Elnur Fərzəliyev “vətəndaşlar ev alarkən aldanmamaq üçün nələrə diqqət etməlidir” sualına cavab verərkən deyib.

Ekspert deyib ki, bu köhnə binalar və yeni tikililər üzrə fərqlənir:

“Tam qanuni alqı-satqı çıxarışlı mənzillər üzərindən olur ki, bunların alqı-satqısı notarial formada aparılır, vətəndaş öz mülkünü notarial formada digər vətəndaşa satır və burda heç bir riskli tərəf olmur. Hər hansısa bir çıxarışlı mənzilin satışı zamanı sənəd çatışmazlığı və yaxud sənədlərdə bir problem olarsa, təbii ki, notariuslar tərəfindən həmin alqı-satqı rədd edilir və sənədlərin yenidən toplanılması, düzəldilməsi təklif olunur, daha sonra alqı-satqı baş tutur. Yeni tikilən binalarda isə mənzillərin alqı-satqısı daha çox müqaviləli formada aparılır, əgər bina çıxarışla təmin olunmayıbsa, həmin alqı-satqı MTK-nın verdiyi müqavilə və maliyyə arayışı ilə aparılır. Bu müqavilə və maliyyə arayışı ləğv olunaraq digər şəxsin, yəni yeni alıcının adına rəsmiləşir”.

Elnur Fərzəliyev deyib ki, bu sahədə başqa bir problem çıxarışı olmayan fərdi evlərlə bağlıdır:

“Ölkədə, xüsusən Bakı şəhərində çıxarışı olmayan 100 minlərlə fərdi evləri var ki, onların da çıxarışlarının olmaması səbəbindən vətəndaşlar bu evləri bir-birlərinə etibarnamə yolu ilə satırlar. Vətəndaş əlində olan hər hansısa bir sərəncamı etibarnamə yolu ilə digər şəxs ötürür, yaxud sərəncam yoxdursa, vətəndaş özü həmin evdən qeydiyyatdan çıxır və alıcını qeydiyyata salaraq digər kommunal işləri, yəni qaz, su, işıq sayğaclarında yeni alıcının adına keçirərək, alqı-satqını tamamlamış hesab edirlər. Bu da qanuna zidd bir hərəkətdir. Lakin vətəndaşların başqa bir seçimi olmadığına görə bu cür yollara əl atırlar”.

Elnur Fərzəliyev vətəndaşlara ev alarkən aşağıdakı hallara diqqət etmələri ilə bağlı tövsiyyə edib:

“Vətəndaşlar mənzil alarkən çıxarışlı ev almağa önəm verməlidir. Çıxarışlı mənzil alarkən qeydiyyatda olan şəxslərin mütləq şəkildə notarial razılığı olmalıdır və notarial öhdəlik götürməlidir. Bilməlidir ki, hansı müddətdə həmin mənzildən qeydiyyatdan çıxacaqlar. Əgər öhdəlik yerinə yetirilməzsə, onların notarial razılıqları olduqlarına görə vətəndaş qeydiyyatda qalan köhnə mənzil sahiblərini məhkəmə yolu ilə qeydiyyatdan çıxara bilər. Xüsusən paytaxt Bakı və Abşeron ərazisində bəzi fırıldaqçı MTK-lar tərəfindən aldadılmış minlərlə insan var. Belə ki, biz bir mənzilin bir neçə nəfərə satıldığı ilə tez-tez qarşılaşırıq. Həmin vətəndaşlara həm maddi, həm mənəvi ziyan dəyir”.

Elnur Fərzəliyev deyib ki, vətəndaşlar mənzil alarkən yaxşı olar hər hansısa bir hüquq bürosu və ya hüquqşünasla müqavilə bağlasın:

“Bu şəxslər onların alqı-satqı prosesində iştirak etsin. Sənədlərin düzlüyünü yoxlasın. Daşınmaz əmlak, mənzil və qeyri-yaşayış obyektini bəzən vətəndaş ömründə bir, yaxud bir neçə dəfə alır, prosedur qaydalarına vətəndaş bilər. Ona görə də bilmədiyi sahəyə külli miqdarda pul yatırırsa, o mütləq şəkildə bu sahəni bilən mütəxəssislərə müraciət etməlidir. Mütəxəssislər sənədlərin yoxlanışında iştirak etməli və vətəndaşın aldığı əmlakla bağlı tam doğru və dolğun bazar araşdırması aparıb, alıcıya yeni mənzillə bağlı məlumat verməlidir. Hazırda bu təcrübədən Avropa ölkələrində geniş istifadə edilir”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.