İndi turizn mövsümünün qızğın çağıdır və minlərlə insan istirahət üçün əsasən dağ rayonlarına üz tuturlar. Daha çox şənbə və bazar günləri minlərlə insan istirahələrini ölkənin dağ rayonlarında keçirmək üçün həmin məkanlara axın edir.
İstirahət üçün seçilən məkanlar bir qayda olaraq respublikanın şimal, şimal qərb rayonlarıdır. Cənub regionuna və qərb bölgəsinə də turist axını müşahidə olunur. Deməli, hər kəs cibinə uyğun məkan seçir və bir neçə gün şəhərin gurhagurundan uzaq durmaq üçün təbiət qoynuna çəkilir.
Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycan insanı da öz istirahətini səmərəli keçirmək üçün istirahət məkanlarına tələsirlər. Amma xarici ölkələrdən fərqli olaraq Azərbaycan vətandaşları öz ölkəsində fərqli mənzərə ilə rastlaşır. Üz tutduqları istirahət mərkəzləri sanki eyni qanunla idarə olunur. Sahibkarların hamısının şüarı eynidir: qiymətləri bazar müəyyənləşdirir.
Amansız kapitalizmin diqtə etdiyi bazar isə vətəndaşın cibinə uyğun olmadığından müştəri çıxdığı səfərdən qanı qara dönür. İstirahət üçün üz tutduğu məkanlarda bir gecəlik otaq yüz, yüz əlli manata təklif olunursa, üstəlik yeməyə iki dəfə ondan çox pul xərcləyirsə, vətəndaş istirahətdən necə məmnun qala bilər?
Məsələ ondadır ki, həmin obyekt sahiblərinin özlərinin müəyyən etdiyi qiymətlər müxtəlif vaxtlarda müxtəlif cür dəyişir. Yarım kiloqram ətdən hazırlanan kababa 200 manat qiymət qoyan kafe sahibləri isə müştərilərə baxıb bic-bic gülə-gülə əldə etdikləri qazancın keyfini çıxardırlar.
Əslində, bu məsələdə aidiyyatı qurumlar işə qarışmalıdır. Gecələmək üçün bir otağı 100, 150 manata təklif edən sahibkardan hesab sorulmalıdır. Müştərini çıxılmaz vəziyyətdə qoyub aldıqları həmin vəsaitin vergisinin haqq- hesabı sahibkarın canından çıxarılmalıdır. Üstəlik, bir çaynik çayı iyirmi-otuz manata satan çayxana sahibinin həmin məbləğdən nə qədər vergi verməsi sorğulanmalıdır. Anti-sanitar vəziyyətin hökm sürdüyü məkanlar isə başqa nağılın mövzusudur.
Yüzlərlə neqativ halların baş verdiyi turizm məkanlarında bir qrup adam qaz vurub-qazan doldurur. Daha doğrusu, açıq- aşkar vətəndaşın cibinə girirlər. Müştərilər bu dəhşətli mənzərənin onlarda yaratdığı mənfi əhval-ruhiyyə ilə “istirahət”lərini birtəhər başa vurub geri qayıdanda Allaha min dəfə dua edirlər. Dua edirlər ki, bir qrup dələduzun yaratdığı əsəb gərginliyindən vaxtında xilas ola biliblər. Ümumiyyətlə, bu gün Azərbaycan turizm sektorunda vəziyyət dözülməz vəziyyətdədir.
araz.az bildirir ki, məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən turizm üzrə ekspert Ceyhun Aşurov bildirdi ki, hazırda turizm mövsümü olduğu üçün bu sahəyə tələbat da artıb:
“Hər zaman vətəndaşların da, turistlərin də ara- sıra şikayətlərini eşidirik. Əsasən müştərilər qiymətlərin yuxarı olmasından, xidmətlərin səviyyəsinin qiymətlərə uyğun olmamasınadan şikayət edirlər. Həttda elə yerlər var ki, normal xidmət göstərə bilmir, bəzən müştəri anti – sanitar vəziyyətlərlə rastlaşır. Bu, tez- tez rast gəlinən və müştərilərin narazılığına səbəb olan məsələdir.
Müstəqillik dövründə bu sahə müyyən yol qət edib və hal – hazırda Azərbaycanda artıq səkkiz beynəlxalq hava limanı var. Eyni zamanda turizmin coğrafiyası genişlənir. Xarici turistlərin Azərbaycana axını ildən-ilə artır.
Azərbaycanda cəmi yeddi yüzə yaxın otel var. Bu isə mövcud tələbatı qarşılamaq üçün kifayət deyil. Qiymətlər müştəriləri qane etmir. Bazarın diqtəsi ilə tələb-təklif formalaşır. Təbii ki, tələbə görə qiymətlər artır. Nəzərə alsaq ki, bu, daha çox turizm mövsümündən asılıdır və mövsümün müəyyən dövrlərində daha çox ehtiyac duyulur. Qiymətlər də məhz ona görə dəyişir. Amma seçim imkanlarının məhdudluğu hər zaman bu problemi ortaya çıxardır. Azərbaycanda otellərə görə otaq fondumuz təxminən 27 minə yaxındır. Həmin otellərdəki yataq sayı isə təxminən altmış minə yaxındır. Bu, elə də böyük rəqəm deyil. Əsasən yay mövsümündə yerlər dolur və problemlər yaşanır.
Burada dövlətin də üzərinə müəyyən iş düşür. Bu sahədə müəyyən baryerlər aradan qaldırılmalı, müxtəlif alətlərlə, istər vergi güzəştləri, istər diferensial verginin tətbiq olunması, istər aşağı faizli maliyələşmə imkanları hesabına Azərbaycanda qalma yerlərinin sayını artırmaq olar. Bu halda sağlam rəqabət də formalaşacaq. Bəzən insanlar məcburiyyətdən bu və ya digər otelə gedir və orada da müəyyən xoşagəlməz hallarla qarşılaşırlar. Yaxud da hər hansı otel sahibi düşünür ki, mövsümdə otelinin bütün otaqları dolu olacaq və ona görə əlavə xidmətlər göstərməyə meyilli olmur. Bəzi məsələləri diqqətdən kənarda saxlayır.
Deməli, bu sahədə rəqabət mühiti olmalıdır və rəqabət qiymətlərin optimallaşdırılmasına gətirib çıxarda bilər.
Vəziyyətdən çıxış yolu rəqabət mühitinin təmin olunması, bazar iştirakçılarının sayının artırılmasıdır. Bu sahəyə investisiya qoyuluşunun təşviqi, daha güvənli sahibkarlıq mühitinin genişləndirilməsi, xüsusilə güzəştli kreditlərin əlçatan olması, bu sahədə sağlam rəqabət mühitinin formalaşmasına gətirib çıxarda bilər”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.