Bakıda “Deportasiya qurbanlarının qayıdış imkanlarının reallaşdırılması istiqamətində beynəlxalq təcrübə” adlı beynəlxalq konfrans keçirilib.
araz.az xəbər verir ki, konfransda müvafiq dövlət orqanlarının təmsilçiləri, Şərq Tərəfdaşlığı ölkələrindən ekspertlər, Qərbi Azərbaycan İcmasının və ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli konfransın məqsədləri və iştirakçıları barədə təqdimat edib.
Sonra “Deportasiya qurbanlarının qayıdışı beynəlxalq hüquq çərçivəsində” mövzusunda panel müzakirəsi aparılıb. Panel çərçivəsində Azərbaycan təcrübəsi üzrə Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İB-nin beynəlxalq əlaqələr departamentinin rəhbəri, Ankara Universiteti Hüquq fakültəsinin tələbəsi Əlibəy Hüseynli, Belarus təcrübəsi üzrə Akademtrans Sahibkarlığa Dəstək Mərkəzinin rəhbəri Natalya Harbuz, Gürcüstan təcrübəsi üzrə Qadın Biznes Assosiasiyası, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun İqtisadi İnteqrasiya İşçi Qrupunun koordinatoru Nino Elizbaraşvili, Türkiyə təcrübəsi üzrə Türkiyə Qazi və Şəhid Ailələri Vəqfi Bursa Başqanı Fikri Özder və Ukrayna təcrübəsi üzrə Azərbaycan-Ukrayna Qadınlar Cəmiyyəti İctimai Birliyinin rəhbəri Lidia Alieva-Şestak geniş təqdimatla çıxış ediblər.
Əlibəy Hüseynli Qərbi Azərbaycana qayıdış konsepsiyasının beynəlxalq hüququn normaları çərçivəsində hazırlandığını və ölkələrin ərazi bütövlüyünü qorunub saxlamaqla yanaşı, deportasiya qurbanlarının ləyaqətli qayıdış, təhlükəsizlik və mülkiyyət hüquqlarının qorunması istiqamətində Ermənistanın üzərinə düşən hüquq və vəzifələr barədə geniş təqdimatla çıxış edib.
Konfransın ikinci təqdimat paneli “Şərq Tərəfdaşlığı regionunda sülh və sabitliyin qorunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusuna həsr edilib. Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının koordinatoru Şəhla İsmayıl və Gürcüstan Beynəlxalq Biznes və İqtisadi İnkişaf Mərkəzinin sədri David Tsiskaridze təqdimat ediblər.
Konfransda Azərbaycan Respublikası QHT-lərə Dəstək Agentliyinin Müşahidə Şurasının üzvləri Azər Allahverənov, Zaur İbrahimli, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri Rauf Zeyni, Umud Mirzəyev, Mirəli Hüseynov, Əhməd Abbasbəyli, Fuad Həsənov, Ziya Quliyev, Miraslan Bəkirli çıxış edərək maraqlı təkliflər səsləndiriblər.
Qeyd edək ki, konfrans Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri Vətəndaş Cəmiyyəti Platformasında təqdimatı və icmalarda təşviqi” adlı layihə çərçivəsində baş tutub.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.