Qalib ARİF.

***

Kəndimizə gedirəm… Dağların ayaqlarına dolaşan böyük kənddən yuxarı, dağların döşünə sığınan kiçik kəndə daşlı-kəsəkli maşın yolu qalxır. Amma bu yolu piyada getmək çətindir, daş-kəsək adamın ayağını əzir. Həm də mən bir az poetik ruhda köklənmişəm, hamının yolunu getmək istəmirəm, atamın yolunu seçirəm…

Atamın yolu sola dönür, kəskin yoxuşla yuxarı qalxır. Köhnə məktəbin həyətinə çatanda dayanır… Atam kəndimizə piyada getməyi sevərdi, məni də özü ilə götürərdi. Onda hələ orta məktəbdə, aşağı siniflərdə oxuyurdum, kəndə yay tətillərinə, istirahətə gələrdik. Uşaqlıqdan yollara sarılmaqdan, dağlara qalxmaqdan doymurdum. Bura – kənd məktəbinin həyətinə çatanda dayanardıq. Atam fəxrlə məktəbi göstərərdi, “neçə il bu məktəbdə işləmişəm, ana dili və ədəbiyyatdan dərs demişəm”, ləzzətlə deyərdi…

Ata-bala məktəbin həyətindən böyük kəndə baxardıq. Məktəb hündürdə, tap kimi yerdə yerləşir. Kənd aşağılarda, talalardadır. Tapdan baxanda talalar əlin içindəki kimi görünür. Böyük kənddir, məktəbin altından başlayıb aşağılara, Qaxdan Zaqatalaya gedən yola kimi uzanır. Yolun qırağında kəndin fermaları ağarır. Yoldan o yana meşələr başlayır, yaşıl atlaz kimi parıldayır, aranlara çatıb dayanır. Aranlar taxıl zəmiləri kimi saralır, qızarır, üfiqlərə kimi uzanır. Atam deyirdi ki, aranlar Mingəçevirə qədər gedib çıxır, gecələr burdan baxanda, hava təmiz olanda, şəhərin işıqları sayrışır…

İndi köhnə məktəbin həyətində tək durmuşam, aşağılara baxıram. Dağlar, aranlar yerindədir, amma nə məktəb var, nə atam var, nə də aşağılarda fermaların damları ağarır. Köhnə məktəb çoxdan sökülüb, tökülüb, aşağılarda, burdan baxanda bilyard stolu kimi dördkünc, yam-yaşıl görünən köhnə qəbirstanlığın dalında yeni məktəb tikilib. Dağlar kimi 3 mərtəbəli, aranlar kimi qızılı rəngli, kənd evləri kimi qırmızı şiferli məktəb ürəkaçan mənzərədir, baxanda adam sevinir, elə bilirsən ki, şəhər məktəbidir. Mən köhnə məktəbin xərabələri arasında tək qalmışam, dağlarımın və həyatımın aranlarına baxıram… Xəyallara dalıram…

Deyirəm, qəribə fəlsəfəsi var “atalar və oğullar” nağılının… Hardasa beş il, atam məni qucağına alıb, öz yolu ilə aparıb, mən sevinmişəm, atamla fəxr etmişəm. Sonra on il, 5 yaşından 15 yaşına kimi atamın yolunu atamla getmişəm, onunla atdığım hər addımla qürur hissi keçirmişəm. Bu məktəbin həyətində onunla durmuşam, yuxarıda dağları, aşağıda aranları seyr etmişəm. Sonra mən öz yolumu seçmişəm, atamın özünü də, yolunu tərk etmişəm. Atam yəqin ki, ömrününü axırına, ən azı, gücü çatınca, bu yolu tək gedib. Köhnə məktəbin həyətində tək dayanıb, dağlara, aranlara tək baxıb… Məni, mənli günlərini xatırlayıb, gözləri yaşarıb…

Sonra növbə mənə çatıb. Atamın yollarını oğlumla getmişəm, atamdan eşitdiklərimi, özümün gördüklərimi ona bir-bir nəql etmişəm. Dağları, aranları əvvəl oğlumla seyr etmişəm, indi tək seyr edirəm. İndi bu yolu da tək gedirəm. Belədir, “atalar və oğullar” nağılının, ümumilikdə həyatın fəlsfəsi – atalar oğulları əvvəl qucağında, sonra yanında, daha sonra xəyalında gəzdirir. Amma həmişə oğlu üçün əsir, oğulun ayağına dəyən daş atanın ürəyinə dəyir. Sonda atalar tək qalır, mənim kimi, dağların başında xəyala dalır…

Mən bu qəmli fikirlərdən silkinib çıxıram, məktəbin və xatirələrin xərabəliklərindən ayrılıram. Yuxarı, kəndimizə doğru aparan cığıra, atamın cığırına çıxıram… Deyirəm, atamın yoluna çıxan vaxtımdır… Atam deyirdi ki, 50-dən sonra torpaq adamı çəkir, yaman çəkir…

…Atamın cığırı kəskin yoxuşla yuxarı qalxır, adamın lap nəfəsi kəsilir. “Eh cavanlıq, cavanlıq” deyirəm. 50 il bundan əvvəl mən atamla gedəndə, bu cığırı yüyürə-yüyürə qalxırdım. 20 il əvvəl oğlum yüyürürdü, mən dalınca baxırdım, yavaş-yavaş qalxırdım. Bəli, mən atamın cığırında tək deyiləm, gah oğul olub atamla söhbət edirəm, gah ata olub oğlumla gedirəm…

Cığır məni yuxarılara aparır… Böyürtkan kolluqları yavaş-yavaş azalır, bizim dağların yaraşığı olan qarışıq meşələr başlayır. Atam da yanımdadır, əli ilə göstərib deyir: “Bu, palıddır, bu, vələsdir, o biri qızılağacdır”… Mən baxıram, atamın ağaclarını axtarıram… Fısdıq və qoz arabir gözə dəyir, şabalıd və göyrüş isə, yox dərəcəsindədir. “Bunlar, xüsusilə axırıncılar, qiymətli ağaclardır, yəqin brakonyerlər kökünü kəsirlər” fikirləşirəm… Atam deyərdi ki, bizim meşələrdə qarağaclar da sürətlə azalır… Mən qarağacları tanımıram, ona görə də, heç axtarmıram…

Qəribə fikirlərin, cavabsız sualların içində itib-batıram… Meşələri və dağları insanlar niyə çox sevir?! Yəqin burda insanlar azdaddırlar, bir sənsən, bir vicdanın, bir də arzu-xəyalların… Sənə bunu etmə, onu etmə, ora getmə, bura getmə deyən yoxdur, qarşını kəsən yoxdur. Sən istədiyini edə bilərsən, istədiyin yerə gedə bilərsən, təbiətin bakirə gözəlliyindən zövq ala bilərsən. Məsələn, yaxınlıqdakı kötüyün üstündə otura, hər ağaca, hər budağa baxa, vurula bilərsən… Mən də baxıram, diqqətimi nəhəng bir fındıq ağacı cəlb edir. Hər yerdə 2-3 metrlik kol boyda olan fındıq burda göylərə baş çəkir, goz ağacı, fısdıqla bəhsə girir. Atam deyərdi ki, “burda onların ayağından çəkən, yolunu kəsən yoxdur, meşələrdə rəqabət var, demokratiya var, azadlıqdır”…

“Ata, nağıllarda yazılıb ki, meşələrin ruhu var, ağacların dalında gizlənir, adamın dalınca gəlir. Hər ağacın dalından boylanır, adama baxır. Mən bayaq kölgəsini gördüm, 4 ayağı üstə gəzir, biz baxanda dikəlir, ağac kimidir”… Oğlum uşaq təxəyyülünün nağıllarını danışır, mən əlindən tuturam, səbrlə qulaq asıram. Ata-bala qədim bitkilərin nümayəndələri, deyəsən, qıjıkimilərlə dolu bir talaya çıxırıq. Ətrafı bir şaqqıltı, tappıltı səsi bürüyür ki, elə bil xoruz banından ürkən şeytan sürüsü cəhənnəmə tələsir. Oğlum yaman qorxur, belimə sarılır. Əyilib onu qucaqlayıram, “qorxma bala, bu, meşənin ruhu deyil, adi qabandır, vəhşi donuzlarıdır” deyirəm. Sözümün sübutu kimi, vəhşilərin yem, kök axtarışında yerdə qazdıqları dərin, dayaz çalaları göstərirəm…

Qıjıkimilərdə cığır, yəqin ki, uzun müddətə itir. Kolluqdan çıxıb üzü yuxarı şimala gedirik. Mən 50 ildir, bu yolu gedirəm, istiqaməti gözübağlı hiss edirəm, həm də şimala gedən bütün yollar bizim kəndə aparır. Üzü yuxarı qalxdıqca ağaclar sıxlaşır, onların gövdələri bizi hər tərəfdən mühasirəyə alır. Göylərə baş çəkən nəhəng çətirlər yuxarıda od saçan günəşin qarşısını alır, bircə şüası da gəlib bizə çatmır. Günün günorta çağında, alaqaranlıqda, ağacların altında, sərin havada getmək adama ləzzət edir. Yer sürüşkəndir, hava nəmdir, yayda meşələrin nəfəsi bir ayrı aləmdir. Hər tərəfdən çürük yarpaq, yaşıl mamır və ağ göbələk qoxusu gəlir, adamı lap bihuş edir. Ayağımızın altında meşələrin qonaqlar üçün döşədiyi, ildə bir dəfə dəyişdirdiyi qızılı-qırmızı meşə xalısı xışıldayır…

Qarşıda, cavan şabalıd ağacının aşağı budağında, yarpaqların arasında qaratoyuq ürəkdən cəh-cəh vurur. Bizim meşələrin bülbülü olan bu quş gah zilə qalxır, gah bəmə düşür, arada zəngulə vurur, vokal sənətinə məlum olan bütün boğazlarda oxuyur. Mən atamın əlini buraxıram, şabalıdın yarpaqları, tikanları arasından qaratoyuğu axtarıram. Budur, sinəsini qaytarıb, ağacın budağında rahat oturub. Sarı dimdiyini də qaldırır, elə ürəkdən oxuyur… Mən diqqət edirəm, qara quşun sinəsində qəhvəyi xalları da seçirəm. Əlimi cibimə atmaq, quşatanımı çıxarmaq istəyirəm… Bu zaman atam ayaq saxlayır, qaratoyuğun cəh-cəhinə ləzzətlə qulaq asır. Mən əlimi cibimdən çəkirəm, alacaq, sındıracaq, bilirəm. “Quşatan heyifdir, sarı rezindəndir” deyirəm…

Yuxarı qalxdıqca, ağaclar seyrəlir. Yenidən atamın cığırını tapıram, yavaş-yavaş qalxıram. Meşələr böyürtkan kolları ilə əvəzlənir, talalar başlayır. Atamın cığırı da qurtarır, maşın yoluna çıxır. Yolun altında hansısa qədim tikililərin xərabəlikləri qaralır. Ayaq saxlayıram, uçuq divarların birindən ucalan şam ağacı diqqətimi cəlb edir. Daşdan çıxan həyata baxıram, baxıram…

Atam da burda dayanmağı sevərdi, ləzzətlə “bunlar qədim alban kilsələridir” deyərdi. Akademik Ziya Bünyadovdan, onun “Qafqaz Albaniyası” kitabından danışardı. Atam bu kitab haqqında maraqlı bir yazı da yazmışdı. Onda hələ uşaqdım, alban kilsələri, onların tarixi məni az maraqlandırırdı. İndi isə, məktəblərin xərabələri üzərində durmaqdansa, kilsələrin, məscidlərin xərabələri üzərində dayanmaqda daha çox maraqlıyam…

Kilsələrdən sonra meşələr seyrəlir, böyürtikan kolları ilə əvəzlənir, talalar başlayır. Günəş göylərdən od yağdırır, adam gizlənməyə kölgə axtarır. O vaxtlar bu talalarda tütün əkilərdi, ətrafı hara baxırsan böyürtkan idi. Atam həvəslə böyürtkan dərərdi, ovcuna doldurub mənə verərdi. “Böyürtikan qarınağrısı vermir, qorxma, doyunca ye” deyərdi. Burda böyürtikan çox iri, çox dadlı olardı, iki növü vardı. Yumuru olanları qapqara, lap şirin, qənd kimi, uzunsovları qırmızımtıl, bir az turşməzə idi. İndi bu talalar pay torpağı kimi camaata paylanıb, amma sərhədləri əvəz edən böyürtikan kolluqları qalır. Ləzzətlə böyürtikandan yeyirəm, 20 il əvvələ gedirəm, həvəslə dərib oğluma verirəm. Atanın böyürtikanından doyunca yeməyin, ovucla oğluna verməyin bir ayrı dadı-tamı var…

Böyürtikan kolları da, pay torpaqları da başa çatır, daşlı-kəsəkli yol kölgələnir və dərəyə enir. Aşağıdan axan çayın səsi eşidilir, adama xoş musiqi kimi təsir edir. Hər tərəf qoz və şabalıd ağaclarıdır. Maraqlıdır, meşələrdə bitən bu ağacların da sahibi var, payızda bir ağaca bir daş ata bilməzsən… Köndələn çaya çatanda dayanıram, yol ayrıcındayam. Kiçik çaydır, ayaqları islatmadan, daşların üstündən tullana-tullana keçmək olur. Bu çayın dərəsi düz babamın həyətyanı sahəsinə qalxır, həm də hamının yolundan qısadır. Atam həmişə bu yolu seçərdi, şalvarımızı çirmərdik, çayın dərəsi ilə üzü yuxarı gedərdik. Atam münasib bildiyi yerdə dayanardı, çayın suyunu qaytarardı. Suyu azalmış, yoxalmış çay dərəsindən balıq tutardı, xallı farelləri daşın, qayanın arasından yalın əllə çıxarardı. Yaxınlıqdakı zoğaldan bir haça kəsərdi, haçanın bir ucunu uzun saxlardı. Xallı balıqları ağzından və qəlsəməsindən bu haçaya salardı. Ovumuz uğurlu olanda, balıq 10 olardı, 5 olan vaxtlar da vardı…

Yol ayrıcında dayanmışam, hamının yolu sağa dönüb yuxarı qalxır. Arif müəllimin yolu isə, çayın dərəsinə girir, çətindir, daşlı-kəsəklidir, amma hamının yolundan kəsədir. Boynuma alıram ki, oğlumu bir dəfə də atamın yolu ilə aparmamışam, uşağı çətin yola salmaqdan, çayda islatmaqdan qorxmuşam. Amma bu dəfə atamın yolunu seçirəm, çayın dərəsinə girirəm. Bir xeyli irəli gedirəm, əllərimi çay daşlarına dirəyib diz çökürəm, buz kimi sulardan içirəm, içirəm… Atamla gəldiyim, oğlumla getdiyim günlər… “Ömür keçdi, getdi, qocaldıq”deyirəm… Quq-qu quşu məni xəyallardan alır, meşələrə, dağlara qaytarır – quq-qu, quq-qu… Çayın dərəsi daralır, cığır da yoxa çıxır. Mən krasovkalarımı çıxarıram, şalvarımı da çırmayıram, gün kimi isti daşlara, buz kimi soyuq sulara ayaq vururam. Arada ayaq saxlayıram, quq-qu quşuna qulaq asıram…

İnsan təbiətdən nə qədər uzaqlaşsa da, təhlükəni dərhal hiss edir, iyini hiss etməsə də, özünü hiss edir. Elə bil, kimsə mənə deyir ki, başını qaldır və irəli bax. Baxıram – irəlidə çay daralır, çox daralır, çay dərəsi 1-2 metr ancaq qalır. Bu darlıq hardasa, 30-40 metr düz uzanır. Çay dərəsinin enləndiyi yerdə böyük bir təhlükə var, su içir. Hardasa eyni vaxtda başımızı qaldırırıq, bir-birimizə baxırıq. Çox iri ayıdır, təxminən bizim “kəl” dediyimiz erkək camış boydadır. Yəqin ki, erkəkdir – bu, məni bir az sakitləşdirir. İlin, günün bu vaxtı dişi ayı, həm də, yanı balalı daha təhlükəlidir. Çay dərəsindən 2-3 metr aralı, sahildə hündür, qıvraq bir vələs ağacı ucalır. Mən uşaqlıqdan ağaca yaxşı çıxıram, amma ayını da diqqətdə saxlayıram. Bu boyda, bu ağırlıqda ayının bu ağaca dırmaşacağına inanmıram…

İnanın Allaha, bayaqdan birinci dəfədir ki, tək olmağıma, atamın, oğlumun yanımda olmamağına sevinirəm, şükr edirəm. Mən nə edərdim??? Oğlum yanımda olsaydı, nə edəcəgimi bilirdim, uşağa “qaç” deyib, yerimdə duracaqdım. Bu məqamda ağaca çıxmaq məsləhət deyildi, ayı uşağın dalınca qaça bilərdi. Maraqlıdır, atamla olsaydım, o, nə edərdi?! Axı, məndən fərqli olaraq, o, kənd uşağı idi, təbiətə məndən daha yaxın idi. Yəqin o da mənim kimi edərdi, mənə “qaç” deyərdi, özü ayını gözlərdi… Hər halda mən belə düşünürdüm…

Hələlik isə, iri bir ayı ilə üzbəüz dayanmışdım. Belə vəziyyətdə kəskin bir hərəkət etməyin nə qədər təhlükəli olduğunu anlayırdım. Ayı mənə baxırdı, mən də ona baxırdım. Bu məsafədən gözlərinin rəngini seçmirdim, deyəsən tünd, özü kimi qonur idi. Amma xəzi gözəldi, yenot kimi biz-biz dururdu, norka kimi günün altında bərq vururdu. İndi deyirəm, nə divan üstü örtük olardı, xəstə yatsaydı, sabaha sağalardı. “Sağ ayının dərisindən örtük olmaz” deyirlər…

Ayı olsun ki, tox idi, tox qarına dar çay dərəsi, yaş daşların üstü ilə qaçmağa tənbəllik edirdi. Bəlkə, hücumdan əvvəlki gözləmə mövqeyində idi, axı, fırtınadan əvvəl dəniz də sakitləşir… Mənim gümanım yaxınlıqdakı hündür ağaca idi. Bu boyda ayı 30-40 metr daşlı, yaşlı yolu qaçıb mənə çatınca, mən ağaca çıxıb yerimi rahatlaya bilərdim, buna arxayın idim… Mən qorxmurdum, çünki tək idim, atam və oğıum yanımda yox idi…

araz.az xəbər portalı.

araz.az xəbər portalı.