Avqustun 18-i səhər saatlarında Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinə məxsus döyüş maşınının müşayiəti ilə Qarabağ iqtisadi rayonunda qeyri-qanuni erməni silahlı birləşmələri və Ermənistan silahlı qüvvələrinin qalıqlarının Xankəndi-Qaybalı-Dükanlar-Xəlfəli marşrutu ilə döyüş mövqelərini gücləndirməsi müşahidə edilib.
Bu barədə araz.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Texniki müşahidə vasitələrilə əldə edilən görüntülərdə qanunsuz daşımaların həyata keçirilməsi üçün içərisi silah, döyüş sursatı, eləcə də piyada və tank əleyhinə minalarla dolu təcili tibbi yardım maşınının da kolonda hərəkəti qeydə alınıb.
Qeyd edək ki, ermənilərin bundan əvvəl hava məkanımızdan keçən mülki təyyarələrin uçuşlarının təhlükəsizliyinə ciddi təhdid yaradan REM vasitələri quraşdırmaqla təcili tibbi yardım maşınlarından hərbi məqsədlər üçün istifadə etdiyi də tərəfimizdən qeydə alınmışdı.
araz.az xəbər portalı.