“Ətin qiymətinin artması gözlənilən idi və durduq yerdə olmadı. Çünki yemin qiymətinin artması son zamanlar ciddi şəkildə baş verdi. Eləcə də hava şəraiti ilə əlaqəli otlaq sahələrin yanması və təbii otla qidalanmanın problemə çevrilməsi, habelə yemin bahalaşması və ölkədəki inflyasiya sahəsini götürsək, ət istehsalı ilə məşğul olan insanların məhsullarının qiymətini artırması gözlənilən idi. Çünki onlar əti satıb başqa məhsullar alırlar”.
araz.az bildirir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O, Azərbaycanda ətin qiymətinin artmasının səbəblərini izah edib.
Xatırladaq ki, hazırda mal ətinin bir kiloqramı 15-16 manata alıcılara təklif olunur.
“Əgər rəsmi məlumatlara görə, ölkədə ikirəqəmli inflyasiyasıdırsa, onlar da məcburdurlar ki, satdıqları məhsulların qiymətində müəyyən artıma getsinlər. Burada alıcılıq qabiliyyətini də nəzərə almaq lazımdır. Qiymətlərin sürətlə qalxması baş verərsə, bu, əksinə, ət istehsalçılarına ziyan vura bilər. Çünki alıcılıq qabiliyyəti bunu qarşılamasa, onların satdıqları məhsulların həcmi azalacaq. Həcm azaldıqca da, onlar qiyməti artırsalar da, gəlirləri kəskin düşə bilər”, – o, əlavə edib.
N. Cəfərli hesab edir ki, burada “qızıl orta”nı tapmaq və ət istehsalçılarının xərclərini nəzərə almaq lazımdır:
“Çünki onların yem xərcləri çox artıb. Həmçinin də əhalinin alıcılıq qabiliyyəti də nəzərə alınmalıdır. Çünki alıcılıq qabiliyyəti inflyasiya ilə paralel belə sürətlə artmır. Ona görə də ət istehsalçıları elə bir nöqtədə qiymətləri tənzimləməyə çalışmalıdırlar ki, həm özlərinə ziyan olmasın, həm də satışı həyata keçirsinlər və insanlar o əti ala bilsinlər”
Müsahibimizin fikrincə, əsasən, Yeni il bayramlarına doğru noyabrdan başlayaraq müəyyən artım həmişə olub:
“Bizdə bayramlaröncəsi qiymət artımları olub. Çünki tələbatın artması qiymətlərə təsir göstərib. Çox güman ki, Yeni il qabağı qiymət artımını bir çox ərzaq məhsullarında, o cümlədən ətdə görə bilərik. Lakin bunun alıcılıq qabiliyyətini mütləq nəzərə almalıdırlar. Çünki bu, dövlət tərəfindən tənzimlənməməlidir və bunu normalda bazar tənzimləməlidir. Bazarda da insanların alıcılıq qabiliyyətini nəzərə alan iqtisadi baxış olmalıdır”.
İqtisadçı söyləyib ki, hər bir insan istehsal etdiyi məhsulu daha baha satmaq istəyir:
“Lakin daha baha satmaq o demək deyil ki, onun gəlirləri də artacaq. Burada başqa parametrlər də işin içinə girir. Ona görə də təəssüf edirəm ki, Yeni il qabağı növbəti qiymət artımını görə bilərik. Lakin bu qiymət artımı insanların ala biləcəyi səviyyədə olmalıdır. Əgər bundan çox olsa, bütün ət istehsalçıları ziyan görə bilərlər”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.