Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) həbsdə olan sədri, iqtisadçı professor Qubad İbadoğlu saxlanılan gün onun adına olan, lakin xaricdə yaşadığına görə iki ildir istifadə etmədiyi mənzildə aparılan axtarışın qanunsuz sayılması üçün məhkəməyə müraciət etmişdi. Həmin əmlakdan ofis kimi istifadə olunurdu.
Lakin Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunun bu şikayətini təmin etməmiş, axtarışı qanuni və əsaslı saymışdı.
araz.az Meydan TV-yə istinadla xəbər verir ki, bu qərardan narazı qalan vəkillərin verdiyi apelyasiya şikayətinə avqustun 21-də Bakı Apelyasiya Məhkəməsində baxılıb.
Məhkəmədə ADR sədri özü də iştirak edib. Onun özü də, vəkili də axtarışın qanunsuz olduğunu bu məhkəmədə də vurğulayıb. Deyiblər ki, axtarış məhkəmə qərarı olmadan aparılıb. Halbuki, təxirəsalınmaz hal yox idi və məhkəmədən qərar alıb, sonra axtarış aparmaq mümkün idi.
Qubad İbadoğlu axtarış zamanı oradan tapıldığı və bir hissəsinin saxta olduğu iddia edilən 40 min dollar pulun da ona aidiyyəti olmadığını vurğulayıb. O bildirib ki, həbsi də, o axtarış da öncədən planlaşdırılmış əməliyyatın tərkib hissəsi olub. Bu məqsədlə o mənzilə əvvəldən gizli şəkildə daxil olub, ora həmin pulları yerləşdiriblər. Ona görə də axtarış aparanlar otaqdakı seyf qala-qala birbaşa kitabların üstünə gedib, “pulları tapıblar”.
Məhkəmədə iştirak edən müstəntiq isə göstərilən arqumentlərin əsassız olduğunu bildirib.
Apelyasiya məhkəməsi də şikayəti təmin etməyib. Nərimanov Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.
Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.
Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandırıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.